“Qeyri-ciddi biri olduğunu nümayiş etdirdi”
Keçmiş və indiki deputatlar – Qalib Salahzadə ilə Çingiz Qənizadə arasında məhkəmə davası başa çatdı. Şeyxin qudasının ona böhtan atdığını iddia edən və onun CM-nin 147-ci maddəsilə cəzalandırılmasını istəyən Qənizadə bu gün məhkəmədə iddiasını geri götürüb.
Ç.Qənizadənin vəkili Raqif Mustafayev məhkəməyə yazılı ərizəsində göstərib ki, Qalib Salahzadə mətbuata son açıqlamalarında Çingiz Qənizadə haqda KİV-də yayılmış fikirlərinin həqiqətə uyğun olmadığını etiraf edib: “Bununla da təqsirləndirilən Salahzadə özünün qeyri-ciddi və yalançı olduğunu nümayiş etdirib. Bundan sonra artıq heç kim onun dediklərini ciddi qəbul etmir. Ona görə də onun CM-nin 147-ci maddəsi ilə cəzalandırılması üçün məhkəməyə təqdim etdiyimiz iddia ərizəsindən imtina edirik”.
Sabunçu rayon məhkəməsində bu işə baxan hakim Ziya Şirinov deputatın vəkilinin ərizəsini təmin edib və iddianın geri qaytarılması haqda qərar çıxarıb.
Qeyd edək ki, Qalib Salahzadə sentyabrın 13-də oğlunun həbsindən sonra baş verənlərə görə Baş prokuror Zakir Qaralovu ittiham etmişdi. Demişdi ki, Qaralov uzun illər öncə aralarında olan torpaq mübahisəsinə görə indi də onunla düşmənçilik aparır.
Bundan sonra Çingiz Qənizadə müsahibəsində demişdi ki, Salahzafə ağlına gələni danışır: “Baş prokurorun sıravi adamla ədavət aparmasını söyləmək gülüncdür”.
Bundan sonra Q.Salahzadə yenidən müsahibə verib və Ç.Qənizadəni “dəfələrlə siyasi əqidəsini dəyişmiş, satılmış adam” adlandırıb. Onun Baş prokuroru müdafiə etməsini isə Qənizadənin oğlunun hazırda Binəqədi Rayon prokurorunun müavini olmasıyla əlaqələndirib: “Çingiz Qənizadə mənim əleyhimə danışmaqla oğlunun vəzifəsini böyütməyə çalışır. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Onu tanıyan hamı bilir ki, Çingiz Qənizadənin necə utancverici keçmişi var. Onu dilə gətirmək belə ayıbdır. Onu desəm, inanın ki, heç kəs ona salam verməz”.
Salahzadə həmçinin iddia edib ki, Qənizadə vaxtilə Bakı şəhər prokuroru işləyəndə ondan 30 min dollar rüşvət alıb.
Azadliq.info
Oxunub: 310