İlham Hüseyn
Bildiyiniz kimi, 15 gün həbsdə oldum və buna görə də mitinqlərdə iştirak edə bilmədim. Mitinqin təşkilatçısı və aparıcısı olmağıma baxmayaraq, hökumət “polisə müqavimət” nişanını sinəmə yapışdırmaq qərarına gəldi.
Amma 2017 -ci ildə mitinqdə iştirak etmədən də mitinqə qiymət vermək mümkündür. Hər iki mitinqi virtual olaraq izlədim və qürurlandım.
Əvvəla, bir daha əmin oldum ki,bizim mitinqlərimizin əsl adı başqadır. Bəli, bu, ləyaqət, qürur, mənəviyyat, köləliyə təslim olmama mitinqidir Bu, mənəvi terrorun qarşısını almaqdır, tozlanmış beyinləri təmizləməkdi, itkin düşmüş dəyərlərin axtarışına çıxmaqdı. Bugün ən çətin şərtlər daxilində bir qrup adam müalicə işiylə məşğuldu. Milli Şura “təcili yardım maşını” kimi fəaliyyət göstərir.
İkinci məqam bundan ibarətdir ki, bu mitinqin əleyhinə arqument yoxdur. Yalnız vicdanında “soyuqdəymə” olan adamlar ürəkbulandıra bilər ki, bunu da limonla yoluna qoymaq olar.
“Mitinqlər nəyi dəydişdi”, “2 saat danışıb getdilər”, “Onsuz da düzələn deyil” kimi arqumentlərlə bəhələrinə asfalt çəkənlər də iflasa uğrayıb. Ümumiyyətlə, bu mitinqlərin missiyası, “mitinqdə neçə nəfər iştirak edirdi” sualını da dəfn etdi. Çünki, qürur və ləyaqət uğrunda savaşda hər kəs öz iştirakını təmin etməyə məhkumdur. Mühasirə şəraitində döyüşən dəstəyə “neçə nəfər idiz” sualı vermilər, qəhrəmanlıq ordeni verirlər.
Üçüncüsü, son 2 mitinq yeni bir faktı ortaya qoydu. Mitinqin təşkilatçıları, fəallar həbs olunsa da heç bir axsama müşahidə olunmadı. Əksinə, repressiyalar yeni adamların təşkilatçıya çevrilməsiylə nəticələndi. Boşluqları doldurmaq üçün xeyli namizədlər özünü sınamaq qərarına gəldi. Sanki, həbslər təşkilatlanmaya təkan verdi.
Və nəhayət, 3 rəngli bayrağın dalğalandığı, himnimizin oxunduğu, xalqın haqqının tələb olunduğu mitinq uğur deməkdi. Biz yenə də “Məhsul” da məhsul götürə bildik. Ədalətsizliyin yağışı məhsulumuzu zay edə bilmədi. Ayın 7-də və 23-də xeyir iş idi. Bu xeyir işdə adını “dəftər”ə yazdıranlarla qürur duymaq olar.
Oxunub: 626