Şennak hesabatı təqdim edərkən bildirib ki, Azərbaycan hökümətinə polis fəaliyyəti, polisdə gender balansı barədə tövsiyələr verilib. O bildirib ki, polisdə qadınların sayı daha çox olarsa işgəncə halları azalar. Bundan başqa həmməruzəçilər polisi araşdıran sərbəst bir təşkilatın yaradılmasını və prokurorun müstəqil olmasını təklif edib.
Müzakirələr zamanı Azad Demokratlar Qrupundan Sergio Divina Azərbaycanı çox tənqid etməməyə çağırıb.
Avropa Xalqları Partiyasından (EPP) Axel Fischer isə bildirib ki, demokratiyalar düzgün istiqamətdə irəliləməlidir. “Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına baxmayaraq, İlqar Məmmədov hələ də türmədə çürüyür”, – deyə Fischer qeyd edib.
O Şennakın təqdim etdiyi hesabatı “yaxşı və bitərəf” adlandırıb və problemlərin işıqlarındırılmasının vacib olduğunu deyib. “Ölkəni tənqid etmək üçün tənqid etmək yox, onun xalqının xeyrinə bunu etmək lazımdır”, – deyə o əlavə edib.
Sosialistlərdən Frank Schwabe bildirib ki, keçmiş AŞPA üzvləri Volonte, Lindtner Azərbaycandan pul aldıqlarını etiraf ediblər. “Vaxtilə bizim normal bir hesabatımız var idi və o qəbul edilmədi. Amma nəhayət ki, iki hesbatımız var. Biz Şuranın nüfuzunu qorumalıyıq. 1990-dan sonra insanlarda Azərbaycanın düzgün istiqamətdə getdiyinə inam var idi, amma indi Azərbaycan çox kobud şəkildə biz arxa çevirib”, – deyə Schwabe bildirib və hesabatın qəbul edilməsinə çağırıb.
ALDE-dən Anne Brasseur qeyd edib ki, 2014-cü ildə Azərbaycanın sədrliyindən sonra Azərbaycanın irəliləyişinə ümumi ümid var idi, amma əvəzinə geriyə gedib. O, hər iki hesabatı “əla” adlandıraraq, onların əsl problemləri göstərdiyini deyib.
6 il Azərbaycan üzrə məruzəçi olmuş Andres Herkel Azərbaycanın AŞPA-da yürütdüyü “kürü diplomatiyası” barədə danışıb. O, Azərbaycanda siyasi məhbusların olduğunu vurğulayıb və bu anlayışın hesabata salınmasını təqdir edib. “Bir də Elmar Hüseynovu xatırlamaq istəyirəm. Sadəcə 12 ildən sonra bununla bağlı istintaqın kifayət qədər effektiv olmadığını müzakirə etməyə başlamışıq”, – deyə Herkel əlavə edib.
Avropa Xalq Partiyası qrupun üzvü Pieter Omtzigt bildirib ki, Azərbaycanda demokratik qurumların fəaliyyəti əslində “qeyri-fəaliyyəti” adlandırılmalıdır. O, azərbaycanlı həmkarlarını İlqar Məmmədovun azad edilməsi, Azərbaycan Camaşırxanası adlı hesabatla bağlı istintaq başlamağa çağırıb: “Azərbaycanlı həmkarlarımız, nə etdiyinizi deyin. Cənab Suleymanovdan soruşun ki, cənab Volonete ilə nə iş görüb…”.
Azərbaycan nümayəndə heyətindən Səməd Seyidov hesabatı “çox tənqidi” adlandırıb və deyib ki, bəzi hissələrlə razı deyillər. “Azərbaycan həmişə konstruktiv söhbətlər və dialoqun tərəfdarıdır. Biz heç vaxt konstruktiv tənqidi rədd etməmişik. Azərbaycanın bütün nailiyyətlərinə baxmayaraq, biz təzyiq altındayıq”, – deyə o bildirib. O, Avropa Şurasının baş katibi Yaqlandın rəsmi Bakıya qarşı sərt mövqeyindən də gileylənib.
Azərbaycan nümayəndə heyəti hesabatda kütləvi etiraz aksiyaların keçirilməsi, prokurorluq orqanlarının sifarişlə fəaliyyət göstərməsi, hakimiyyətin nəzarətində olması və digər hissələrinin dəyişdirilməsini təklif edib. Lakin Azərbaycan tərəfinin təklif etdiyi düzəlişlərin heç biri qəbul olunmayıb və sonda hesabatla bağlı qətnamə qəbul edilib.
Bundan sonra AŞPA «Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar» adlı hesabat müzakirə olunub. Hesabata “siyasi səbəblərlə həbs” sözü əlavə edilib. Səməd Seyidov Azərbaycan nümayəndə heyəti adından buna etiraz edib. “İllərdir Azərbaycanda iislahatlar aparılır. Nəyə görə bu hesabatda heç bir islahat aparılmır yazılır?”, – deyə o əlavə edib.
Müzakirə zamanı AŞPA deputatları hesabatdan “İlqar Məmmədovun həbsdə saxlanmasına səbəb ona qarşı konkret ittihamalardır” cümləsinin çıxarılmasını təklif ediblər. Azərbaycan nümayəndə heyəti buna da etiraz edib. Amma bu etiraz da qəbul olunmayıb və böyük çoxluqla dəyişikliyin lehinə səs verilib.
«Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar» adlı hesabat üzrə qətnamə sonda 114 səslə qəbul edilib. Sənədin əleyhinə 24 nəfər səs verib, 14 nəfərsə bitərəf qalıb.
Oxunub: 2950