Və ya avropalı korrupsionerlə azərbaycanlı korrupsionerin fərqi
Ailə hakimiyyətinin az qala özəlləşdirdiyi, hər fürsətdə adından sui-istifadə etdiyi YUNESKO “uğurunun” da arxasında korrupsiya dayanırmış. Bakıdan göndərilmiş çirkli pullardan rüşvət verilən adamlardan biri də YUNESKO-nun baş katibi İrina Bokovanın həyat yoldaşı Kalin Mitrev imiş. Bolqarıstanın Baş Prokurorluğu Kalin Mitrevin Bakıdan aldığı pullarla bağlı rəsmi araşdırma başladı (Bokova da, həyat yoldaşı da Bolqarıstan vətəndaşlarıdır).
ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə – az qala bütün dünya mətbuatı Azərbaycan hakimiyyətinin 3 milyard dollarlıq korrupsiyasını müzakirə edir. Təkcə mətbuat müzakirə etmir, dövlət orqanları işə qarışıb. Böyük Britaniya parlamentinin üzvləri hökumətdən tələb edirlər ki, Azərbaycan hakimiyyətinin pullarının köçürüldüyü 4 saxta şirkətin təsisçiləri açıqlansın, üzə çıxmış korrupsiya faktları Böyük Britaniya İstintaq İdarəsi tərəfindən rəsmən araşdırılsın.
Avropa Şurası şokdadır. Qurum özü üzvlərinə və bəzi rəhbər şəxslərinə Bakıdan verilmiş rüşvətlərlə bağlı rəsmi araşdırma aparır. Avropanın nüfuzlu siyasətçiləri Avropa Şurasının Azərbaycan hakimiyyətilə korrupsiya əlaqələrinə görə darmadağın olmuş imicini xilas etməyin yollarını axtarır. Hətta Avropa Şurasında ciddi struktur islahatları da müzakirə mövzusudur.
Bakıdan çirkli pulların axıdıldığı Danimarkanın “Danske” bankı 3 milyard dollarlıq köçürməni təsdiq edib, baş verənlərə görə üzr istəyib və ictimaiyyətə söz verib ki, bundan sonra korrupsionerlərin öz çirkli pullarını ötürmək üçün bankın xidmətlərindən istifadə edə bilməməsi üçün əlindən gələni edəcək.
Hətta pulların rüşvət kimi ötürüldüyü Avropalı siyasi və ictimai xadimlər Luka Volonte, Eduard Lintner, Kalin Mitrev özləri də pulları aldıqlarını etiraf ediblər. Sadəcə həmin şəxslər iddia edirlər ki, Azərbaycan hakimiyyətinə lobbiçilik çərçivəsində bu pulları alıblar. Gərək İtaliya, Almaniya və Bolqarıstan prokurorluqları araşdırıb sübut etsin ki, həmin şəxslər pulları Azərbaycan hakimiyyətindən məhz rüşvət şəklində alıblar və rüşvət müqabilində rəsmi vəzifələrinə xəyanət edərək ağa qara, qaraya ağ deyiblər.
İndi gəlirəm bizim yerli korrupsionerlərin fərqinə. Baxın, ortada 2.9 milyard dolların köçürüldüyü 16 min ədəd bank transfertinin sənədləri var. Avropada heç kimin ağlına gəlmir ki, bu faktı şübhə altına alsın. Hətta rüşvət almış avropalı korrupsionerlər özləri də bu faktı danmırlar. Ancaq bizim yerli (bağışlayın, milli deyə bilməyəcəm) korrupsinerlər və onların nökərləri at kimi adamın üzünə dirənirlər. Biri də bu 2.9 milyardlıq korrupsiya faktından danışmır, heç bir etirafdan da söhbət getmir. Pulları qaytarmağı da ağıllarına gətirmirlər. Həmin korrupsiya süfrəsinin qırıqları ilə dolanan 6-7 nəfəri salıblar ortaya, onlar da “Soros elə gəldi, erməni belə getdi” söhbətlərilə baş aldatmağa çalışırlar. Amma artıq baş aldatmağa da yaramırlar. Xalq bu yalançıları, üzə duranları da, böyük korrupsionerləri də, onların kiçik muzdlularını da yaxşı tanıyır və hətta onları görməmək üçün yerli televiziyaları baykot edib.
Oxunub: 1546