Gözəl Bayramlının çıxışının tam mətni “Azadlıq”da…
Bu gün Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlıya hökm oxundu. Hökmə əsasən, G.Bayramlı 3 il azadlıqdan məhrum edildi. Onun çantasından çıxdığı iddia olunan 12 min dolların isə dövlət nəfinə keçirilməsi haqda qərar qəbul edildi.
Amma hökmdən əvvəl məhkəmədə çox maraqlı hadisələr yaşandı, G.Bayramlı son sözündə hakimiyyətə, onun həbsinə sifariş verənlər və bu sifarişi icra edənlərə meydan oxudu.
Hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında yenə də aidiyyəti olmayan adamların zaldakı oturacaqları tutması, prosesi izləməyə gələn ictima-siyasi fəalların, media nümayəndələrinin yer olmaması səbəbindən kənarda qalması ilə əlaqədar narazılıq yaşanıb. G.Bayramlı bu yerdə belə bir təklif verib: “Aidiyyəti olmayan adamları çıxarın. Eybi yox, lazımdırsa, kameralar qoyun, çəksinlər, göstərsinlər, bunların da gəlib burada iştirakına ehtiyac qalmasın…”
Daha sonra vəkil Elçin Sadıqov əlavə sübutların tələb olunması, o cümlədən “İkinci Şıxlı” sərhəd-nəzarət məntəqəsindəki videokameralara baxış keçirilməsi, oradakı sərhədçilər və gömrükçülərin əl-barmaq izlərinin götürülüb, G.Bayramlıdan tapıldığı iddia olunan pulun üzərindəki izlərlə müqayisə olunması, AXCP Qadınlar Şurasının sədri Solmaz Hüseynovanın, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin əlavə şahid qismində dindirilməsi, hal şahidi kimi tanınan şəxslərin əslində, G.Bayramlıdan sonra sərhədi keçməsi, onun çantaya baxış zamanı hadisə yerində olmadığının müəyyən edilməsi haqda vəsatətlər qaldırıb. Vəsatətlərin heç biri təmin olunmayıb.
Bundan sonra prokuror məhkəmə istintaqının yekunlaşmasını təklif edib, amma vəkil razılaşmayıb. Bildirib ki, vəsatətlərdə göstərilən məsələlərin araşdırılmasında israrlıdılar.
Buna baxmayaraq, hakim məhkəmə istintaqının tamamlanması haqda qərar qəbul edib və çıxış üçün söz dövlət ittihamçısına verilib.
Prokuror iddia edib ki, G.Bayramlı Gürcüstandan qayıdarkən çantadakı ayaqqabıların arasında 12 min dollar pul keçirməyə çalışıb və bunu gömrüyə bəyan etməyib. Onun sözlərinə görə, ittiham məhkəmədə sübuta yetirilib, pulun çantaya sərhəd-nəzarət məntəqəsində sərhədçilər və gömrükçülər tərəfindən atılması haqda G.Bayramlının dedikləri özünümüdafiə məqsədi daşıyır. Prokuror çıxışının sonunda G.Bayramlının cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 4 il azadlıqdan məhrum edilməsini, 12 min dolların isə müsadirə olunaraq, dövlət nəfinə keçirilməsini istəyib.
Daha sonra vəkil Elçin Sadıqov çıxış edərək, prokurorun söylədiklərinin əsassız olduğunu bildirib. G.Bayramlının dəfələrlə siyasi fəaliyyətinə görə təqiblərə məruz qaldığını, dövlət orqanlarına bu haqda məlumat verdiyini deyən müdafiəçi yada salıb ki, onun həbsindən az öncə hökumətə yaxın mediada haqqında məqalə dərc olunmuşdu. Həmin məqalədə G.Bayramlının Azərbaycana gələrkən pul gətirməsindən bəhs edilirdi: “Bu məqalədən sonra Gözəl Bayramlının pul gətirməsi ümumiyyətlə, ağlabatan deyil. Gözəl Bayramlı Almaz Rəhimova ilə birlikdə olub. Əgər üstündə 12 min dollar olsaydı, yarısını Almaz Rəhimovaya verə bilərdi, heç bir problemsiz keçirə bilərdilər. Həmin pulu çantaya sərhəd xidmətinin və gömrüyün əməkdaşlarının atması haqda deyilənlər əsaslıdır”.
G.Bayramlının Gürcüstanda olarkən izlənməsindən danışan vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs özü də bu haqda danışır, üstəlik Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin məktublarında yazılanlar da bunu sübut edir. Həmin məktublar həm də G.Bayramlının Gürcüstanda müayinə və müalicə olunduğunu təsdiqləyir.
G.Bayramlının günahsızlığını sübut edən dəlillərin, o cümlədən sərhəd-nəzarət məntəqəsindəki kamera görüntülərinin məhv edildiyini, müvəkkilinin müdafiə hüququnun pozulduğunu, ittiham tərəfinin şahidlərinin məhkəmədə bir-birinə zidd ifadələr verdiyini deyən vəkil çıxışının sonunda bəraət hökmü çıxarılmasını istəyib.
“İttiham edən korrupsioner, oğru rejim, ittiham olunan isə bunu onun üzünə deyəndir…”
Vəkilindən sonra G.Bayramlı özü son sözünü deyib. O, son sözünə dəstək olan, məhkəməsinə gələn hər kəsə minnətdarlığını bildirməklə başlayıb:
“İlk gündən mənə dəstək verən, məhkəmələrdə iştirak edənlərə təşəkkürümü bildirirəm. Siyasi partiya fəallarına, vətəndaş cəmiyyətinin nümayəndələrinə, müstəqil mediaya, vəkillərimə təşəkkür edirəm. Sağ olsunlar, həqiqətin yanında oldular…
Bu gün məhkəmə-hüquq sistemi adına qara ləkə olan, siyasi sifariş yerinə yetirən daha bir prosesə şahidlik edirsiniz. Məni ittiham eləyən tərəf xirtdəyə qədər korrupsiyanın , rüşvətin içində olan, oğru, kriminal, cinayətkar bir rejimdir. İttiham olunan isə bu oğru, avtoritar rejimin cinayətkar mahiyyətini qorxmadan ifşa edən, onun üzünə deyən, daim bu haqda yazan, insanları məlumatlandıran daha bir siyasi fəaldır, daha bir mübarizə insanıdır. Heç nə dəyişməyib…
Dövlət ittihamçısından bundan artıq çıxış gözləmirdim. Bir ölkədə ki, hüquq-məhkəmə sistemi kriminal Azərbaycan hakimiyyətinin əlində cəza mxanizminə çevrilib, mən nə gözləyəcəm?
“O pulu general Elçin Quliyevin qohumları torbaya atdı…”
Mən törətmədiyim bir əməldə – qaçalmalçılıqda ittiham olunuram. Guya mən Gürcüstandan Azərbaycana 12 min dollar pul gətirmişəm və bunu gömrükdə bəyan eləməmişəm. Tam absurd məsələdir. Gürcüstanda izləndiyini istintaqa bildirən, Eynulla Fətullayevin öz saytında mənim barəmdə yazdıqlarını görəndən sonra mən hansı məntiqlə Azərbaycana pul gətirərdim? Bu absurda heç olmasa, özləri özlərini inandıra bilirlərmi? Yəni tamamilə yalan, böhtandır.
Bu ölkədə 160 nəfərdən çox siyasi məhbus var. Bu zalda elə insanlar var ki, onlar da siyasi məhbus həyatı yaşayıblar. Hətta elələri var ki, bir neçə dəfə… Bütün dünya da bilir ki, onlar siyasi fəaliyyətlərinə görə həbs olunublar, onların cinayət törətdiyini sübut etmək mümkün olmayıb. Bu gün mən də onlardan biriyəm.
Mən 2014-cü ilin oktyabrından dəfələrlə müalicə məqsədi ilə Gürcüstanda olmuşam. Üç dəfə orada ağır əməliyyat keçirmişəm, daim həkim nəzarətindəyəm. Hər 3-4 aydan bir həkim müayinəsindən keçməliyəm. Azərbaycan səhiyyəsinin durumunu da hamınız bilirsiniz. Azərbaycanın milyonlarla insanı ən adi müayinələrə görə İrana, Türkiyəyə, Gürcüstana və digər xarici ölkələrə getmək məcburiyyətində qalırlar. Bir ölkədə ki, dövlət başçısı, nazirlər müayinə və müalicə üçün xaricə gedirlər, özləri də Azərbaycan səhiyyəsinə etibar eləmirlər, daha nə danışasan? Sonuncu səfərim mayın 24-də olub. Bir gün yarımlıq səfər idi. Ayın 24-də səhər gedib, həkim müayinəsindən keçmişəm, qalan müayinələr 25-də olub. Dərmanlarımı alıb geri qayıdarkən “İkinci Şıxlı” sərhəd-nəzarət məntəqəsində DSX-nın rəisi, general Elçin Quliyevin qohumları tərəfindən mənim ayaqqabılarım olan sellofan torbaya o pul atılıb.
Dövlət ittihamçısı deyir ki. Guya, özümü müdafiə məqsədi ilə inkar etmişəm, torbaya pulun atıldığını demişəm. Mənim özümü müdafiə eləməyimə ehtiyac yoxdur. Azərbaycan xalqı məni də tanıyır, 48 milyardı ölkədən çıxarıb ofşor zonalara daşıyan dövlət başçısını da, onun ailəsini də. Həmçinin 95 milyardı ölkədən oğurlayan digər məmurları da…”
Bu yerdə hakim son sözü kəsərək, G.Bayramlıdan ittihamda yazılanlar haqda danışmağı tələb edib. G.Bayramlı ona belə cavab verib:
“Elçin Quliyev cavab versin, o pulu kimdən rüşvət alıb?”
“Nə ittiham? İttihamın mahiyyəti 12 min dollardır. 12 min dollara görə cavabdeh Elçin Quliyevdir. O, gəlib cavab verməlidir ki, həmin pulu hardan alıb atıb mənim torbama? Mənim son sözümü kəsə bilməzsiniz. Mən siyasi məhbusam, onu əsaslandırıram.
Mənə irəli sürülən ittiham siyasidir. Mən o ittihamı qəbul eləmirəm. İlk gündən də qəbul eləməmişəm. Təəssüf ki, siz hakim olaraq, məhkəmədə həqiqətin üzə çıxmasına şərait yaratmadınız. Verdiyimiz bir vəsatət də təmin olunmadı. Bütün bunlar siyasi sifarişin olduğunu göstərmirmi? Siyasi sifarişlə məni həbs elətdirənlər, siyasi ittihamı mənə qarşı irəli sürənlər haqqından danışmağımdan niyə narahat olursunuz? Mən siyasi məhbusam, çıxışımın mətni də siyasi olmalıdır. DSX-nın rəisi Elçin Quliyevi çağırın, desin görək, mənim çantama atdıqları 12 min dolları kimdən rüşvət alıb, seyfdə saxlamışdı? Siz niyə maraqlı olmadınız ki, pulun ekspertizası keçirilsin? Niyə mənim əl-barmaq izlərim götürülmədi? Dövlət ittihamçısı bəhanə elədi ki, pulun üzərində başqa adamların da əl izləri ola bilər. Əlbəttə, başqa adamların var, mənim əl izim yoxdur. Hörmətli hakim, siz də bütün bunların araşdırılmasında maraqlı olmadınız. Ona görə də xahiş edirəm, mənim sözümü kəsməyin. Məhkəmədə çıxış eləmək, son sözü demək mənim hüququmdur, heç kim buna müdaxilə edə bilməz.
“Mənə görə güc strukturlarını hərəkətə gətiriblər…”
Bu, Qazaxda mənimlə bağlı yeddinci məhkəmə iclasıdır. Azərbaycan hakimiyyəti çox narahatdır. Qazaxda da bu narahatlıq müşahidə olunur. Polisin, rayonun digər güc strukturlarının hərəkətə gətirilməsi də bunu göstərir. Adi bir qaçaqmalçılıq cinayətinə görə hakimiyyətin bu qədər narahatlığı absurd olardı. Məni qatarla Bakıdan istintaq təcridxanasından Qazaxa gətirəndə üç dəqiqə dayanılan stansiyalarda belə, polis postu qurulur. Çoxlu sayda polis əməkdaşları cəlb olunur ki, birdən Gözəl xanıma görə aksiya keçirilər. Buradan da görünür ki, həbsim siyasidir.
Azərbaycanda 160 nəfərdən çox siyasi məhbus var. Onların bir günahı var – Azərbaycan hakimiyyətini tənqid ediblər, hakimiyyətdən hesab sorublar ki, niyə ölkəyə gələn neft pullarından sadə camaata bir qara qəpik də çatmadı? Onlar hakimiyyətdən o hesabı sorublar ki, niyə 2005-2015-ci illərdə 95 milyard pul oğurlanaraq, ölkədən çıxarılıb, xarici banklara çıxarılıb? Niyə 48 milyardə dövlət başçısı və ailəsi ofşor hesablara yerləşdirib? Niyə müxtəlif korrupsiya layihələrinə, gərəksiz yarışlara milyardlar xərcləndiyi halda, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə təhsildən kənarda qalmağa məcbur olub? Bu gün intiharlar adi hala, statistikaya çevrilib. Hər il 400-500 nəfər özünə qəsd edir. Niyə bunun kökü araşdırılmır? Niyə bu ölkənin 4 milyona yaxın insanı bir tikə çörək üçün ailəsindən, vətənindən uzaqdadır? Niyə bu ölkənin 2,5 milyon əhalisi yüksək faizli kreditlərin əsirinə çevrilib? Kimlərindir bu banklar? Dövlət başçısının ailə üzvlərinin və digər dövlət məmurlarının. Analoqu olmayan iqtisadi inkişafdan, sosial vəziyyətdən danışıqlar. Bir gündə dörd nəfərin intihar edib. Budurmu Azərbaycan hakimiyyətinin analoqu olmayan sosial-iqtisadi inkişaf siyasətinin nəticəsi? Qarabağ uğurlarından danışıqlar. Əliyevlərin hakimiyyətdə olduğu 24 ildə bir qarış torpaq da işğaldan azad olunmayıb…”
Bu yerdə yenə hakim G.Bayramlının sözünü kəsib. Bu da onun etirazına səbəb olub:
“Görün bizi kimlər idarə edir – ailə, klan, qudalar hakimiyyəti…”
“Siz imkan verməyəcəksiz mən sözümü deyim? Mən ittihamı qəbul eləmirəm. O ittiham da, prokurorun çıxışı da mənə vız gəlir. Tamamilə qondarma ittihamdır, mənim siyasi fəaliyyətimə görədir. Mən ömrümün 30 ilini bu ölkənin azadlığı, demokratiya uğrunda mübarizəyə həsr eləmişəm. Eşitmişəm ki, 20 Yanvar günü Əli Kərimli başda olmaqla, müxalifətin kalonunu Şəhidlər Xiyabanına buraxmaq istəmirlərmiş. Bəlkə demək istəyirlər ki, 20 Yanvar şanlı tarixi də YAP rejimi yazıb? Bu gün 20 Yanvar şəhidlərini ziyarətə gedənlər ölkənin azadlığı uğrunda mübarizədə çiyin-çiyinə olmuş insanlardır. Hansı haqla onları Şəhidlər Xiyabanına buraxmırlar? Budur Əliyev rejiminin apardığı siyasət…
Əgər mən siyasi sifarişlə şərlənib həbs olunmuşamsa, ittihamın mahiyyətindən necə danışım? Elçin Quliyevin üç qohumunun əli ilə icra olunan sifariş… Mən “İkinci Şıxlı” sərhəd-nəzarət məntəqəsinə daxil olanda Elmar Yusifov adlı biri gəlir. Bundan sonra bir nəfəri – Anar Hüseynəliyevi dəvət edirlər, o gəlir. Hər ikisi də Elçin Quliyevin qohumu… Bu necə təsadüfdür? Sonradan Tovuz Gömrük İdarəsindən Həsən Mahmudov adlı birini çağırılar, o da əslən Naxçıvandan. Bir bölgəni ittiham eləmək, onların milli-azadlıq hərəkatındakı roluna xələl gətirmək istəmirəm. Sadəcə, hakimiyyətin ailə, klan, qudalar hakimiyyəti olduğunu demək istəyirəm. Görün, bizi kimlər idarə edir?
Elçin Quliyevin ifadəsi, şər-böhtanı nə vaxtdan sübut hesab olunur? Niyə bir yoxlamadınız ki. O pulun mənə aidiyyəti olub-olmadığını niyə araşdırmadınız? Mən pul gətirsəydim, bunu niyə gömrüyə bəyan etməyim ki? Məgər bu ölkənin qanunlarını bilmirəm? Öz dediyinizi öz qulağınız duyur?
“70 illik imperiyadan xilas olan xalq Əliyev rejimindən də xilaq olacaq…”
Bu nə birincidi, nə də sonuncu. Azərbaycanda demokratiyanın, ədalətin bərqərar olması, azad, demokratik cəmiyyətin formalaşması, qanunların aliliyinin təmin olunması, müstəqil məhkəmə sisteminin, azad mətbuatın mövcudluğu bizim əsas istəyimizdir və bunun üçün mübarizəmiz də davam edir. Azərbaycan hakimiyyətini də buna görə tənqid edirik. Amma hakimiyyət bu rəzalətləri aradan qaldırmaq əvəzinə onu tənqid edənləri həbs edir, hədələyir. Bu ölkədə insanların sərbəst toplaşmaq hüququna belə, müdaxilə olunur. Razılaşdırılmış mitinqdə iştirak edən insanları belə, kütləvi şəkildə polis idarələrinə çağırıb, hədələyirlər.
2018-c il də Cümhuriyyətimizin 100 illiyidir. O Cümhuriyyət ki, Məhəmmə Əmin Rəsulzadə başda olmaqla, qurucu babalarımız onu bizə miras qoyub gedib. 70 illik sovet imperiyasının caynağından qurtulub, Əbülfəz Elçibəyin başçılığı ilə biz ikinci dəfə Azərbaycanın müstəqilliyinə nail olduq. 100 illik Respublika ənənəsi olan Azərbaycanı görün bu gün hansı vəziyyətə salıblar? İnsan hüquq və azadlıqlarının durumuna görə dünyada ən axırıncı yerlərdən birini tutur. Afrika ölkələri ilə müqayisə olunur. Təsəvvür edin, Cibuti müxalifəti öz prezidentlərini tənqid edəndə deyir ki, “Cibutini Azərbaycanın gününə salmısınız”. Təsəvvür edirsiniz bu nə deməkdir?
70 illik imperiyadan azad olan Azərbaycan xalqı əminəm ki, korrupsioner Əliyev rejimindən də xilas ola bilər. Bəli, mən razıyam ki, bu gün azadlıqların önündə ən böyük sədd Əliyevlər hakimiyyətidir. Azərbaycan xalqı necə ki, 88-ci ildə qalib gəldi, Əliyev rejiminə də qalib gələcək…”
Hakim bu yerdə Gözəl Bayramlının sözünü kəsərək, məhkəmə zalını tərk edir.
Zaldakılar onun çıxışını alqışlarla qarşılayır…
***
AXCP sədri Əli Kərimli Facebook səhifəsində Gözəl Bayramlı barəsində çıxarılan hökmə münasibət bildirib:
“Gözəl Bayramlını 3 il müddətinə azadlıqdan məhrum etdilər. İlham Əliyevin tapşırığı yerinə yetirildi. Öz prinsipial çıxışları, yazıları ilə oğrular hakimiyyətini boğaza yığmış xanım siyasətçini şərlədilər. Onun sərt tənqidlərinə arqumentli cavab verə bilməzdilər, çünki dedikləri, yazdıqları faktlara söykənirdi, doğru idi. Onun təşkilatçılığının qarşısını ala bilmirdilər, çünki Gözəl xanım gücü xalqın dəstəyindən alırdı. Çarəni şərləməkdə, xanım siyasətçinin qoluna qandal vurmaqda gördülər. Bu yolla xalqımızı qorxudacaqlarını, ruhdan salacaqlarını düşündülər. Ancaq çox keçməz, bu xalq oğruları başa salar ki, yanılıblar. Heç şübhəm yoxdur, təbiətən ədalətli olan xalqımız oğruların deyil, ədalət və azadlıq uğrunda mübarizə aparanların yanındadır. Gözəl xanıma və bütün şərlənərək həbs olunmuş günahsız məhbuslara azadlıq tələb edirik!”
Azadliq.info
Oxunub: 1262