Ölkə başçısı İlham Əliyev dünən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 4-cü ilinin yekunlarına həsr olunan konfransda deyib ki, Azərbaycanda qazlaşdırmanın səviyyəsi bu ilin sonuna qədər 93%-dən 95%-ə çatdırılmalıdır. “Hesab edirəm ki, bu göstəriciyə görə də biz dünya miqyasında qabaqcıl yerlərdəyik. Ancaq bilməliyik, hələ də bir çox kəndlər var ki, oraya qaz xətləri çəkilməyib. Dövlət büdcəsində bu məqsədlər üçün bu il Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 100 milyon manata yaxın vəsait nəzərdə tutulur.”
Bu sözləri isə ölkə başçısı keçən il “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 3-cü ilinin yekunlarına həsr olunmuş çıxışında deyib: “Son 10 ildə regionlarda təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində 40 min kilometrədək qaz xətləri çəkilmiş və ya təmir edilmiş, yaşayış evlərinin qazlaşma səviyyəsi 34%-dən 83,4%-ə çatmışdır.”
Ölkə başçısının çıxışlarından belə məlum olur ki, keçən ildən bəri ölkədə yaşayış evlərinin qazlaşma səviyyəsi 10%-dən çox artıb. “SOCAR” da bu göstəricini keçin ilin əvvəlində dövlət büdcəsindən ayrılan 100 milyon manata həll edib başa çatdırıb. Amma necə “başa çatdırıb”? Gəlin, bir daha faktlara müraciət edək…
Xatırlayırsınızsa, yaxın günlərdə Göygöl rayonunun Toğana kəndində yaşayan əhalinin qaz problemləri haqqında yazmışdıq. Sakinlər şikayət edirdilər ki, illərdir kəndin içindən qaz xətti keçməsinə baxmayaraq, evlər qazsızdır. Hökumət rəsmilərinin vədlərinə görə isə kəndin evləri 3-4 il əvvəl qazla təchiz olunmalıydı. Bu səlahiyyətli şəxslər tərəfindən dəfələrlə rəsmi şəkildə bəyan olunub. Məsələn, AZƏRTAC-ın 27.01.2013-cü tarixli yaydığı bir xəbərdə deyilir: “Bu il Göygöldə daha 26 kəndin mavi yanacaqla təmin edilməsi ilə rayonun tam qazlaşdırılması başa çatdırılacaq. Göygöl rayon qaz istismar sahəsinin rəisi Cavad Məmmədov AZƏRTAC-a demişdir ki, 2013-cü ildə rayonun qazlaşdırılması başa çatdırılacaqdır.”
Bundan bir il sonra, 2014-cü ildə Göygöl Olimpiya İdman Kompleksinin açılışında çıxış edən İlham Əliyev deyir:
“Mənə verilən məlumata görə, şəhərin qaz problemi də 100 faiz həll edilib. Göygöl şəhəri 100 faiz qazlaşdırılıbdır. Kəndlərin yarısı da qazlaşdırılıbdır. Bu da heç vaxt olmamışdır. İndi biz buraya da qaz çəkdik, 100 faiz təmin olundu… Qazlaşdırma Bakıda 96 faiz, Göygöldə 100 faizdir. Bunlar regional proqramın icrası nəticəsində mümkün olmuşdur…”
Bu çıxışı isə keçən il İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasının açılışında deyib:
“Mənə verilən son məlumata görə, Göygöl rayonunda qazlaşdırma təxminən 70 faizə yaxındır, bu iş davam edir və davam etməlidir, daha çox kəndə qaz xətləri çəkilməlidir…”
Müxtəlif illərdə və müxtəlif səviyyələrdə verilən vədlərdən gördünüz ki, ölkə necə qazlaşdırılır. Bu, sadəcə, bir rayonun nümunəsində apardığımız kiçik araşdırmadır. Hər kəs öz rayonunun misalında azacıq araşdırma aparsa, məlum olar ki, verilən yalan vədlər beləcə illərlə uzanır və son nəticədə ortaya heç nə çıxmır. Göygölün və Toğana kəndinin misalında olduğu kimi…
Oxunub: 344