Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında partlayış baş verib.
Partlayış yanğınla müşahidə olunub. Partlayış zamanı bir nəfər yanıq xəsarətləri alıb. Həmin şəxs 1961-ci il təvəllüdlü Zahid Mahmudovdur. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.
O bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.
Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub: “Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.
“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.
R.Əliyev hadisə nəticəsində ölənlərin olmadığını, bir nəfərin xəsarət aldığını bildirib.
Oxunub: 1620