Yanvarın 28-də Rusiyanın 118 şəhərində, o cümlədən paytaxt Moskvada 2018-ci il prezident seçkiləri ilə bağlı etiraz aksiyaları keçirilib. Aksiyalar hazırda Putin rejiminin əsas alternativi kimi çıxış edən Aleksey Navalnının çağırışı ilə təşkil olunub.
Aksiyaların məqsədi 2018-ci il seçkilərini boykot etməyə çağırmaqdır və “seçicilərin tətili” adı altında keçirilib. Navalnı və tərəfdarları hesab edir ki, indiki şəraitdə Rusiyada həqiqi seçkidən söhbət gedə bilməz, hakimiyyət seçkiyə yox, əhalini aldatmağa hazırlaşır.
Əksər şəhərlərdə aksiyalar yerli icra hakimiyyətləri ilə razılaşdırılıb. Moskva, Sankt-Peterburq və bəza başqa şəhərlərdə isə razılaşdırılmamış aksiyalar keçirilib. Razılaşdırılmamış aksiyalara polis müdaxilələri olub. Navalnının özü və bir neçə tərəfdarı saxlanılıb. Navalnını Moskvada, Tverskov küçəsinə təyin edilmiş mitinqə getmək istəyərkən saxlayıblar.
Sibirin Vladivostok, Novosibirsk, Tomsk, İrkutsk, Omsk, Maqadan, Yakutsk, Kemerovo və Barnaul, Uralın Çelyabinsk və Samara şəhərlərində də etiraz aksiyaları keçirilib. Vladivostokun mərkəzində keçirilən aksiyada “Seçkiyə seçki olanda gedəcəm”, “Putin ölkənin gələcəyini yeyir” kimi plakatlar qaldırılıb.
“Navalny LİVE” portalı Kemerovada onlarla aksiyaçının saxlandığını xəbər verir. Navalnının Kemerovadakı qərargahının koordinatoru Kseniya Paxomova da saxlanılıb. Onu taksidən çıxararaq aparıblar. Paxomovanın sözlərinə görə, polis bir neçə gündür onu izləyib, qohumları və yaxınlarına isə təzyiqlər edilir.
Tomskda da polis Navalnının yerli qərargahının koordinatoru Ksenya Fadaevi və daha10-a yaxın fəalı saxlayıb.
Moskvada da Navalnının qərargah rəhbəri Sergei Boyko və daha 6 fəal da saxlanıb. Polis Navalnının “Korrupsiya ilə mübarizə fondu”nun Moskvadakı ofisindən komuterlər, kameralar və digər avadanlıqları götürüb. Bu barədə ftəşkilatın direktoru Roman Rubanov məlumat verib.
Polis Navalnının Moskva ofisindəki televiziya studiyasını bağlasa da, onun YouTube-dakı kanalı aksiyaları canlı yayımlayıb.
Oxunub: 1736