ABŞ prezidenti Donald Trump deyir ki, Kubada Birləşmiş Ştatlara məxsus, yüksək səviyyədə qorunan Quantanamo həbsxanasının qapadılmamasıyla bağlı fərman imzalayıb.
Trump bunu yanvarın 30-da ABŞ Konqresində ilk illik müraciətində bildirib.
“Keçmişdə axmaqcasına yüzlərlə təhlükəli terrorçunu azad etmişik, sonradan onlarla, İŞİD lideri al-Baghdadi də daxil olmaqla, döyüşdə qarşılaşmışıq”, – Trump söyləyib.
“İndicə fərman imzalayaraq müdafiə naziri Mattis-ə hərbi saxlanma siyasətimizə yenidən baxmaq, Quantanamodakı həbsxananı açıq saxlamaq göstərişi vermişəm”, – prezident vurğulayıb.
HAZIRDA BU HƏBSXANADA 41 NƏFƏR SAXLANIR
Trump-ın sələfi Barack Obama bu ziddiyyətlə məkanın qapadılmasına qərar vermişdi.
Quantanamo həbsxanasını 2001-ci il 11 sentyabr terrorundan sonra prezident George W. Bush açıb, şübhəli düşmən yaraqlılar burda saxlanırdı.
2003-cü ildə bu həbsxanada 680 nəfər olub.
Bush 2009-cu ildə prezidentlikdən getməmişdən öncə 500 nəfərin transferinə qərar verdi. Hazırda həbsxanada 41 nəfər saxlanır.
Obama buranın qapadılmasına 2009-cu ildə qərar versə də, ABŞ Konqresində bu addıma qarşı çıxanlar olduğundan hələ də açıqdır.
Quantanamoda saxlananlardan biri 11 sentyabr terrorunun arxasında durduğu iddia edilən Khalid Sheikh Mohammed-dir. O, 2006-cı ildən Quantanamodadır.
2016-cı ildə prezident seçkisi kampaniyası zamanı Trump həbsxananı saxlayacağını vəd edirdi, deyirdi ki, “buranı pis adamlarla dolduracağıq, inanın mənə, buranı dolduracağıq”.
Oxunub: 148