Redaksiyamıza Biləsuvar rayon Mərkəzi Xəstəxanasından şikayət daxil olub.
Rayon sakini Cəfərov Raqim Malik oğlu ağır şəkər xəstəsi olan atasına çatacaq dərmanları vaxtında və pulsuz ala bilmədiklərini deyir. O, buna görə xəstəxananın baş həkimi Nizami Mehdizadəni ittiham edir:
“Xəstəxananın baş həkimi Nizami Mehdizadə ağır şəkər xəstəsi olan atama dövlət tərəfindən ayrılan dərmanları vermir. Bu münasibət, təkcə atama qarşı yox, bütün xəstələrə aiddir. Demək olar ki, atamın müalicəsi üçün lazım olan bütün dərmanları özümüz alırıq. Bundan başqa, xəstəxanada aparılan bütün müainələr xəstələrin şəxsi hesabına aparılır. Problemlə bağlı dəfələrlə şikayət etsək də, rəhbərlikdən müraciətimizə cavab ala bilmirik.
Baş həkim, ondan şikayət edən xəstələri yüksək vəzifəli məmurlarla qorxudur. Belə ki, o, Baş prokuror Zakir Qaralov və maliyyə naziri Samir Şərifovla qohum olduğunu bildirir, bu şikayətlərlə onu qorxutmağın mümkün olmadığını deyir.
Baş həkim rüşvət almasını isə özündən daha yuxarılara haqq verməsi ilə əsaslandırır.
Mənim problemimi işıqlandırmanızı və aidiyyatı orqanlara çatdırmanızı xahiş edirəm”.
Rayon xəstəxanasının baş həkimi Nizami Mehdizadə “Azadlıq”a açıqlamasında haqqında deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib: “Mən xəstəxanaya yeni nəfəs gətirmişəm. Mənim gəlişimdən sonra xəstəxana tam təmir olunub və xəstələrə yüksək səviyyədə və pulsuz xidmət göstərilir. Mən bura təyinat alana kimi hər kənddən bir nəfər gəlib bütün xəstələrin dərmanlarını alıb aparırdı. Bu dərmanların təyinatı üzrə istifadə olunduğunu, xəstələrə çatdırıldığını kimsə bilmirdi. İndi isə elə deyil. Xəstələr özü və ya yaxınları gəlib imzalarını atıb, dərmanlarını götürürlər. Bu adamı da narahat edən budur”.
Oxunub: 256