Seçkilər bütün dünyada maraqla izlənilən, əsas müzakirə mövzusu olan, qızğın debatlarla yadda qalan prosesdir. Bu mənada ölkəmizdə keçiriləcək prezident seçkiləri də gündəmin əsas müzakirə mövzusudur. Amma başqa ölkələrdən fərqli olaraq Azərbaycanda seçkinin ölümündən danışırlar. Yəni, insanlar bu dəfə seçkinin daha rüsvayçı formada keçiriləcəyini, seçkilərdə real alternativlərin iştirak etməyəcəyini, seçkilərin vaxtının dəyişdirilməsinin hakimiyyətin narahatlığından doğduğunu müzakirə edirlər. Təkcə sosial şəbəkələrə nəzər salmaq kifayət edir ki, cəmiyyətin seçkilərə nə qədər qeyri-ciddi yanaşdığı aydın görünsün. Yəqin ki, aprelin 11-də keçiriləcək seçkilər son 25 ilin ən “şedevr” seçkisi olacaq.
Amma yazımın məqsədi seçkilərin legitimliyini itirməsini sübut etmək deyil. Xalqın boykot etdiyi seçkilərə dəstəyini ifadə edən zümrələrə diqqət çəkməkdir. Son günlər ard-arda YAP-ın namizədinə dəstək bəyanatları gəlir. “Sənət adamları İlham Əliyevin namizədliyini dəstəkləyir”, “Yazçılılar İlham Əliyevə səs verəcək”, “Ağsaqqallar Şurası İlham Əliyevi dəstəkləyir”, “Şeyxülislam İlham Əliyevi ən ideal namizəd hesab edir” və.s başlıqlı xəbərlər saytlarda növbə yaradıb.
Hesab edirəm ki, uzun illərdi səsi çıxmayan adamların qəfildən YAP-ın namizədinə dəstək ifadə etməsi də yaranmış pərtlikdən doğur. Milyonlarla tanınmamış adamın seçkini boykot etməsini, 5-10 nəfər tanınmış adamın dəstəyi ilə sığortalamaq istəyirlər. Amma yenə də əsas məqamı unudublar. Unudublar ki, bunlara dəstəyini ifadə edən adamların özlərinə dəstək lazımdı. Yazıçı Anarı, Çingiz Abdullayevi və digərlərini neçə gündür ki, kütləvi şəkildə “yad” edirlər. QMİ-dən tutmuş, Ağsaqqallar Şurasına qədər bütün qurumların dəstəyinə ironik reaksiyalar verilir. Yəni, “Yaxşı padşahın nağılı”nı yazıb, pis padşahları alqışlayanların, əsərlərində mafiyanın izinə düşüb, həyatda mafiyannı izini itirməyə çalışanların, moizəsində zalımla mübarizəyə səsləyib, əməldə zalımı müqəddəsləşdirənlərin dəstəyi mötəbər sayıla bilməz.
Müxtəsər, dəstəksizlərin dəstəyinə möhtac qalmağın özü də dəstəkdən məhrum olmaqdır. Ona görə də hansısa xalq artistini, xalq yazıçısını irəli vermək vəziyyəti dəyişmir. Eyni zamanda, bugünə qədər simasını saxlamış istənilən adam bu seçkiyə legitimlik qatmağa cəhd edəcəksə, dərhal ictimai rəyin tabutuna qoyulacaq.
Kim ölmədən dəfn olunmaq istəyirsə, dəstəkləməyə tələssin!
Oxunub: 256