Əli Həsənovun təmsil olunduğu hökumət erməni lobbisinin qarşısında niyə aciz qalıb?
Hamımızın gördüyü və təcrübədən keçirdiyi bir həqiqət var. Həqiqət bundan ibarətdir ki, YAP hakimiyyəti inkişafı sözdə, tənəzzülü əməldə həyata keçirib. 25 ildir eyni vədlər, eyni tapşırıqlar, eyni bəyanatlar və eyni nəticəsizliklə üz-üzəyik. Qarabağ məsələsindən tutmuş, əhalinin həyat şəraitinə qədər bütün fəaliyyətlərin cəmi sıfra bərabər olub. Nə haqlı mövqeyimiz dünyaya çatdırılıb, nə də Allahın lütf etdiyi sərvətlər dövlətin gücləndirilməsinə sərf olunub. Yalnız bir qrup şəxslər aşırı varlanıb və dövləti ata malına çevirib.
Amma bütün bunlara baxmayaraq prezidentin köməkçisi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında israrlıdır.
“Bizim diasporun qarşısında duran əsas vəzifə bu ağrı-acıları olduğu kimi dünyaya çatdırmaqdır. Dünya ictimaiyyətinə bizim qonşuların xislətini, azərbaycanlılara qarşı qanlı soyqırımı həyata keçirmiş vəhşi, cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasəti bütün dünyaya çatdırmaq, həm dövlətimizin, həm Azərbaycan cəmiyyətinin, həm də diasporumuzun bir nömrəli vəzifəsidir. Əlbəttə bunu həyata keçirmək o qədər də asan deyil. Ermənilər uzun müddətdir anti-Azərbaycan fəaliyyətini həyata keçirərək, bu məqsədlə dünyanın ayrı-ayrı ölkələrində yuvalar qurublar. Buna dünyanın aparıcı media nümayəndələrini cəlb ediblər. Xarici ölkələrin anti-müsəlman, anti-türk ovqatlı siyasətçilərini də bu işə qoşublar. Erməni lobbisinin dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını da buna cəlb edirlər. Onların lobbiçiliyi ilə yaradılan anti-Azərbaycan koalisiyası təəssüf ki, güclüdür” Bunu Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin qurultayında deyib.
Əvvəla, Əli Həsənova xatırlatmaq istəyirik ki, Azərbaycan həqiqətləri bugün dünyada sürətlə yayılır. Əli Həsənovun təmsil olunduğu hakimiyyət Azərbaycanı korrupsiyanın çiçəkləndiyi, repressiyaların hökm sürdüyü, seçkilərin saxtalaşdırıldığı, müstəqil məhkəmələrin olmadığı, xarixi dövlət borcunun sürətlə artdığı, vətəndaşlarının intihar həddinə çatdığı, minimum əməkhaqqının 77 dollar olduğu ölkə kimi tanıdıb. İndi dünyanın yarımazad ölkələrində də Azərbaycanı pis nümunə kimi göstərirlər. Avropanın müxtəlif paytaxtlarında Azərbaycandan didərgin salınmış insanların harayı eşidilir. Təkcə son 10 ildə 120 min ali təhsilli adam ölkədən qaçıb. Nüfuzlu mətbuat orqanları, tanınmış hüquq müdafiə təşkilatları, qiymətləndirmə agentlikləri Azərbaycandakı acınacaqlı vəziyyətdən danışır. Yəni, hakmiyyət ölkəni elə tanıdıb ki, diasporanın fəaliyyətinə ehtiyac qalmayıb.
İkincisi, sual meydana çıxır ki, niyə hakimiyyət erməni lobbisinin qarşısında aciz qalıb. Lobbiçilik məqsədiylə xərclənən milyardların nəticəsi hardadı, xarici siyasətin uğuru nədə ifadə olunub? Əgər erməni lobbisi bütün dünyanı ələ ala bilibsə, Azərbaycan hökuməti xaricilərə milyardları hansı məqsədlə verib?
Görünən budur ki, hakimiyyət uzun illər ərzində lobbiçilik üçün xərclədiyi pulların qarşısında şəxsi marqlarının təmin olunmasını tələb edib. Məsələn, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün deyil, Azərbaycanda siyasi məhbus olmadığını sübut etmək üçün səy göstərib. Müxtəlif ölkələrdə xeyriyyə tədbirləri keçirməyin məqsədi Xocalı həqiqətlərini dünyaya çatdırmaq yox, şəxsi biznes qurmaq üçün olub. Bugünə qədər YAP hakimiyyətinin Qarabağ üçün hansısa Avropalı siyasətçiyə rüşvət verməsi barədə xəbər yayılmayıb. Amma şəxsi biznesin inkişafı naminə bütün çirkli əməkdaşlıqlara imza atdıqları aydın görünüb.
Ən əsası isə bütün dünya görür ki, Azərbaycan hakimiyyəti Qarabağı Ermənistana hədiyyə edənlərin qarşısında təzim edib, Rusiyanın maraqlarını dövlət maraqlarından üstün tutur. Bütün dünya görür ki, Rusiya Ermənistana atalıq etdikcə, YAP hakimiyyəti Rusiyaya daha çox övladlıq etmək istəyir.
Xülasə, bir vaxtlar dünyda demokratik cümhuriyyət kimi tanınan ölkəni bu gün sərt avtoritarizmin hökm sürdüyü ölkə kimi tanıyırlar. Əli Həsənov da etiraf edir ki, AzTv-nin acından öldürdüyü erməni lobbisinin qarşısında aciz qalıblar. Ermənilər qondarma Qarabağı dünyaya qəbul etdirməklə məşğul olduğu vaxtda, Azərbaycan hökuməti Qarabağ qazilərini intihar həddinə çatdırmaqla məşğul olub. Dövləti obyekt kimi idarə edəndə nəticə belə olur.
Samir
Oxunub: 348