Martın 21-də atasını mühacir Tural Sadıqlının inzibati qaydada həbs edilmiş qardaşı Elgiz Sadıqlı ilə görüşə buraxmayıblar.
Bu haqda Əlövsət Sadıqlının özü açıqlama verib.
Onun sözlərinə görə, Elgiz Sadıqlı hazırda Daxili İşlər Nazirliyinin Binəqədidəki inzibati qaydada həbs edilən şəxslər üçün saxlama məntəqəsindədir.
Atası oğlu ilə görüşmək, ona bayram sovqatı çatdırmaq üçün həmin məntəqəyə gedib.
“Məni normal qarşıladılar, Elgizlə görüşəcəyini bildirdikdə, kabinetə keçdilər, kiminləsə əlaqə saxladılar. Ardınca mənə bildirdilər ki, görüş baş tutumayacaq. Bunu görüş məsələsi ilə bağlı qərar verən şəxslərin iş başında olmaması ilə izah etdilər. Dedilər ki, bayram günləri başa çatanadək, görüş olmayacaq”, atası bildirib.
Ə.Sadıqlının bildirdiyinə görə, dünən həmin məntəqədə saxlıanılan başqa şəxslərlə görüşə icazə verilib. O, deyib ki, Elgiz Sadıqlı qardaşına görə diskriminasiyaya məruz qalır.
“Elgiz Sadıqovun azadlığa çıxmadan belə və ya azadlığa buraxıldıqdan sonra yenidən şərlənərək həbs ediləcəyini istisna etmirəm”, atası bildirib.
Əlaqəli hüquq mühafizə qurumlarından atasının E.Sadıqlı ilə görüşə buraxılmamasının səbəblərini öyrənmək mümkün olmayıb.
Elgiz Sadıqlı fevralın 23-də saxlanıb. Ona polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.
Fevralın 28-də Bakı Apellyasiya Məhkəməsi E.Sadıqlı barəsində verilmiş qərarı qüvvədə saxlayıb.
Əlövsət Sadıqlı məhkəmədən sonra bildirmişdi ki, oğlu məhkəmədə ona polisdə işgəncə verildiyini söyləyib. Ancaq Ə.Sadıqlının həmin açıqlamasına Daxili İşlər Nazirliyindən və Bakı Apellyasiya Məhkəməsindən münasibət almaq mümkün olmamışdı.
Tək E.Sadıqlı yox, onun bir çox yaxınlarının da son günlər polisə aparıldığı bildirilir.
Bu il fevralın 20-də onun Ağdam rayonunda yaşayan əmisi Zahir Sadıqovun da polisə aparıldığı və daha sonra buraxıldığı deyilirdi.
E.Sadıqlının atasının özü də polisə aparıldığını bildirib. Ə.Sadıqlının deməsinə görə, onu fevralın 18-də Bakıda 12 saylı Polis Bölməsinə aparıb, fevralın 19-i saat 12 radələrində sərbəst buraxmışdılar. O, AzadlıqRadiosu-na həmçinin demişdi ki, polis bölməsində aparılan söhbətlərdə Almaniyada mühacirətdə olan oğlu Tural Sadıqlının yazılarını, Avropada keçirilən aksiyalardakı fotolarını göstərərək bunu dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər(Turan).
Oxunub: 118