Azərbaycan banklarının gələcək taleyi haqqında qara xəbərlər yayılmaqda davam edir. Bir zamanlar qılınclarının dalı da, qabağı da kəsən bankların ödəniş terminallarında indi siçanlar mələyir. Özüm qəsdən mələyir yazıram, onsuz da “ağıllı alimlər” sayəsində bir azdan Ana dilimiz yox olacaq, hərə istədiyi kimi yazacaq, danışacaq.
Hakimiyyətdəkilər nefti sümürdülər, ölkənin bütün yeraltı-yerüstü sərvətlərini uddular, doymadılar. İndi də özləri kimi əxlaqı olan alimlər sayəsində sözləri və hərfləri yemək üçün layihə hazırlayırlar. Yeri gəlmişkən, bu yaxınlarda keçimiz gizlicə bir zənbil sarımsağı yemişdi, məcbur olub kəsdik. Keçinin ətindən kim yeyirdisə, mızıldanıb deyirdi ki, elə bil ət yox, sarımsaq yeyirsən. Yəqin ki, xalqın pullarını gizlicə yeyən məmurların cəsədləri də torpağın altında yaşayan canlılara əziyyət verəcək, mızıldanıb deyəcəklər ki, elə bil ət yox, pul yeyirsən…
Əgər bankların qara günləri başlayıbsa, əcəba, bundan sonra mən nə edəcəyəm, axı bütün bayramlarda, hətta doğum günümdə mənə ən birinci, hətta 3-4 gün əvvəl təbrik mesajı yollayan banklar və bankların himayəsində olan mağazalar, gözəllik, tibb mərkəzləri, sığorta şirkətləri olurdu. Ağır vəziyyətdə olmaqlarına baxmayaraq, hətta bu il də 8 Mart bayramına 5-6 gün qalmış banklardan və himayə etdikləri mərkəzlərdən gələn zənglər, mesajlar “baş gicəlləndirir”: ” Əziz və çox hörmətli müştəri! 8 Mart münasibətilə mağazamızdan 70 % endirimlə ətirlər ala bilərsiniz”, “Dəyərli müştəri, arzuolunmaz tüklərin follikulunu məhv edən lazer epilyasiyası üçün kosmetoloji mərkəzimiz yolunuzu gözləyir”, “Əziz müştəri, vaxtilə yaxşı verdiyiniz üçün bank tarixçəniz çox təmizdir, gəlin, istədiyiniz məbləğdə kredit götürün, yolunuzu gözləyirik”… Mesajlara cavab verməyəndə, zəng edirlər və elə şirin-şirin hal-əhval tuturlar ki, elə bilirsən dünyanın ən əziz, ən dəyərli, ən hörmətli adamısan. Əcəba, niyə evlər dağıdan banklar, tük yolan mərkəzlər, cib soyan mağazalar üçün mən bu qədər dəyərliyəm, əzizəm? Axı niyə də olmayım?! On ildən çoxdur ki, ən yüksək faizlə kredit verib, dollar fırıldaqları ilə dərimi soyub, altı rəqəmli bir kodla məni “iynəyə oturdublar”, cınqırım da çıxmır. Bu illər ərzində bir dəfə də səmimi olmadılar: “dəyərli, hörmətli, əziz müştəri” yerinə, mənə “axmaq, sarsaq, maymaq müştəri” demədilər…
Bu yaxında yenə bankdan zəng edib deyirlər ki, on altı dəfə kreditinizi uğurla bağlamısınız, on yeddicini bağlamağa bir ayınız qalıb, on səkkizincini nə vaxt götürəcəksiniz? Deyəndə ki, istəmirəm, ehtiyacım yoxdur, təəccüblə soruşurlar “bəs nə edəcəksiniz?” Deyirəm, qurban kəsib, bankların bəlasına gələn, ət üzünə həsrət qalan yeddi evə paylayacağam, sonra da “Bankların həyatımı alt-üst edən on yeddi anı” adlı roman yazacağam. Vallah, sizdən Ştirlis də kredit götürsəydi, qara siyahınıza düşərdi, indi görün bank tarixçəmin təmiz olması üçün mən nələr itirmişəm. Gözlədim ki, heç olmasa “ay axmaq müştəri, dəli olmusan” deyərlər, amma susdular, ayrılığın son günündə bir kəlmə həqiqəti də mənə çox gördülər…
Oxunub: 166