Yaşadığımız ölkədə həyat öz axarıyla davam edir. Daha doğrusu ölkə hökumətin qəlibində axır və biz buna “həyatın axarı” deyirik. Bu ölkədə uzun illərdi ki, milyonlarla insanın vahid qəlibi var. Bu qəlib “onsuz da düzələn deyil”, “belə gəlib, belə gedəcək”, “rüşvət bizim qanımızdadı”, “mən etiraz etməklə nə dəyişəcək” formasındadır. Təbii ki, belə bir reallıqda dövlətin bütün sərvəti də bir qəlibin içinə yerləşdirilib. Bizim ölkədə “bütün yollar Romaya aparır” deyimi populyar olmasa da, “bütün yollar hökumət dəhlizlərinə aparır” deyimi populyardı. Nəticə etibarilə bütün pullar da, bütün saxtakarlıqlar da, bütün talançılıqlar da eyni yerə aparır.
Əslində, Azərbaycan təsadüfən bu vəziyyətə düşmədi. Yəni, sadə vətəndaşların dediyi kimi belə yaşayış bizim qismətimiz, alın yazımız deyildi. Biz xalq olaraq alnımızdakı yazının üstünə yeni yazı yazılmasına nail olduq. Bu yazının mürəkkəbi bizim susmağımız, ümidsizliyimiz, inamsızlığımız, biganəliyimiz oldu. İndi təkcə alnımızı deyil, hər yerimizi cızma-qara ediblər. Hətta arzularımızın üstündən də xətt çəkiblər.
İndi isə növbədənkənar seçkiləri gözləyirik. Bunun ardınca növbədənkənar qiymət artımları, növbədənkənar işsizlik, növbədənkənar saxtakarlıq, növbədənkənar hüquqsuzluq bizi əhatə edəcək. Biz xalq olaraq 25 ildir ki, növbəmizi bir qrup adama veririk. Çörək almaq növbəmizi, avtobusa minmək növbəmizi, sənəd düzltmək növbəmizi heç kimə güzəştə getməsək də, vətəndaşlıq növbəmizi asanlıqla güzəştə getmişik. Vətəndaşlıq növbəsini güzəştə getməklə bütün növbələrimizin mənasız olduğunu dərk etməmişik. Biz bayraq dirəyinin 165 metr olmasıyla təsəlli tapmışıq. Amma bir şeyi unutmuşuq ki, ədalətin dirəyinin 1 santimetr olmadığı ölkədə, bayrağın dirəyinin 165 metr olması uğur sayıla bilməz. Bəli, bizi bütün növbələrdən qovub, saxta uğurlara tamaşa etməyə yönəldiblər. İçimizdəki alovu söndürmək əvəzinə, Alov qüllələrinə tamaşa etməyi məsələhət görüblər.
Beləliklə, biz bütün növbələrdən çıxa-çıxa növbə tutmamağa adət etdik. İndi birqayda olaraq növbəni eyni adamlar tutur, eyni adamlar növbədə birincidir. 150 milyard neft pulunun növbəsindən çıxdıq, ona görə də 10 manatla mükafatlandırıldıq. Demokratiyanın, azadlıqların, şəffaflığın növbəsində əziyyət çəkmək istəmədik, ona görə də ölkədən qaçmaq, aza qane olmaq məcburiyyətində qaldıq.
Bir sözlə, bu ölkədə bizim növbəmizin sıra nömrəsi yoxdur. Heç kim bilmir ki, bu xalq növbədə neçəncidir.
Yalnız bir çıxış yolu var. Biz növbədənkənar növbəyə girməliyik. Hökumət də, dünya da görməlidir ki, xalq növbədə birincidir. Gəlin, növbəmizi heç kimə güzəştə getməyək.
Oxunub: 400