Min illərdir ki, bu dünyanın ağır yükünü öz ruhunda gəzdirən, ürəyinə dünya boyda dərd yükləyib zaman, məkan və özü ilə savaş halında olan qadın, əslində, bəlkə də ona görə heç vaxt hüzur əldə edə bilmədi ki, dünya ilə dil tapa bilmədi. Onun hiyləgər dilinə qarşılıq duyğuların dili ilə cavab verdi?!
Ya da bəlkə maddiyyatçı, rasional olan dünyanın bu üzünü görməkdə imtina edib qeyri-rasional bir şey aradı, olmayanı, əlinin yetmədiyi, qəlbinin ulaşa bilmədiyi xoşbəxtliyi…
… Aramla, içindəki üsyana qatdığın zahiri sükutla…
***
Amma dünyanın bir çöx yerləri də var ki, orda qadınlar qadınlıq ruhu ilə yaşamaz, yaşayamaz, özü ilə savaşmağa, özünə deyə biləcəyi sözləri tapmağa, onları qəlbinə pıçıldamağa da vaxt tapmaz. Heç xəyali bir gəzintiyə çıxıb qadınsı arzular da qurmaz. Üzü dənizə oturub sanki üzünə qırış düşdüyündən əndişə ilə sahilə üsyan edən dalğaların o narin kələ-kötürlüyünə sığal çəkirmiş kimi əlini uzadıb təskinlik də verə bilməz.
Çünki onun çox ağır, amma əlindəki çaydan bir udum alıb arxayınlıqla öz ruhunda xəyali gəzinti edən qadınkına bənzəməyən, başqa bir dərdi var. Mürəkkəb, mücərrəd də deyil, bəlkə bəsit, adi görünən, məişətin dibində onu əzub məhv edəcək problemlərdi. Və o qadınsı xəyal qurmaz, günəşin batışına, çıxışına sevinməz…
Günəşin hər çıxış onun iztirablarının başlanğıcı olur.
Batışısa işləməkdən kötüyə dönmüş əlləriylə dərd çəkməkdən şişib dağ olmuş qəlbini qucaqlayırmış kimi, heç bir xəyal qurmadan daş kimi yuxuya gedər və bu daş kimi yuxuda ipəksi röyalar da görməz.
Çünki sabah olacaq və dünyanın dərdi onun üstünə yürüyəcək, ayaq açacaq..
Övladını yedirmək, xəstəsini sağaltmaq, evinə bir tikə çörək aparmaq… Daha nələr gözləyir onu… Seçkidə saxtakarlığa bulaşmaq, xəstənin çibini soymaq… Yoxx, bununla da bitmir… Bu xarabaya döndərilmiş ölkədə yoxsulluq onu sürüklədiysə, Dubainin küçələrində ucuz otellərin qarşısında dayanıb duyğularına, qəlbinə tüpürəcək birinin onu satın almasını gözləyəcək…
Bax, qadın olmaqdır bunlar. O “bəzi yerlər” dediyimiz ölkələrdən birində yaşayan qadınların yaşaya biləcəyi, ancaq bu qədər qadın ola biləcəyi yer… İblis sifətlilərin xarabaya cevirdiyi, od vurub külünü göyə sovurmaqda olduğu Azərbaycanda qadın olmaq budur!
Ey bu ölkənin əqidəsini, qadınlığını, ruhunu bir yığın İblisin insafına buraxmış Azərbaycan qadını…
Sənin ruhunda, damarlarında axan qanda əxlaqsızlıq yoxdu… Heç yoxdu. Sən cahildin, övladını samanlıqda gizlədə bilərdin, amma qadınlıq ləyaqəti deyilən nədirsə, onu heç vaxt kiminsə ayağının altında palaz etməzdin…
Amma bu gün sənin qürurun və ləyaqətin ən ucuz şey kimi alqı-satqı predmetidir.
Bu gün özünü bir şey zənn edənlər məhz sənin üzünü tənə, tənqid, hətta təhqirlə üzü-üzə qoyub bunun əvəzinə özünə prezidentlik, deputat kürsüsü oğurlayır.
Sənin köməyinlə bu xalqın gələcəyi, qururu, arzularını seçkidə oğurlayıb, əvəzinə sənin ömrünə balta çalırlar. Sənin susqunluğunla övladının canını alırlar.
Məhz sənin əlinlə süpürülən küçələrdən təşəxxüslə keçib gedənlər səni insan yerinə qoymur. Səni bulaşdırdığı saxtakarlıqla nəinki məmur, heç adam belə ola bilməyənlər mindiyi bahalı maşınların təkərləri altından üstünə çirkab çiləyir. Eynən qüruruna, ləyaqətinə bu iqtidarın yaramaz idarəçiliyi ilə ləyaqətsizlik çirkabı sıçradığı kimi…
Sənə yolları yudururlar, təmiz yollarda yürüsünlər deyə, amma səndən təmizliyini alırlar. Səni bülleten oğrusuna çevirib öz sevgililərini Milli Məclisdə deputat kürsüsündə əyləşdirirlər.
Sən, ey bu məmləkətin çiləkeşi, dərd daşıyanı, əzabkeşi, ürəyi dağlı anası! Üzünə düşən hər qırışla, kötüyə dönən əlinlə böyütdüyün övladını əsgər adı ilə səndən alıb ölüm düşərgəsinə yollayıb bir azğının keyfinin qurban deyibmiş kimi məhv edirlər.
Və sən bütün bunlarda dolayı olaraq iştirak edirsən, bu iblis sifətlilər sənin əlini öz övladının qanına bulayır. Onların bunu etməsi üçün bu gücü onlara verən oturduqları kürsüdür. Bir düşün, hər seçkidə əlinə alıb qutuya atdığın saxta bülletlərdə sənin övladının gələcəyi var və sən onu satırsan. Hər dəfə sən o saxtakarlıqda iştirak edəndə əllərini öz övladının qanını batırmış olursan.
Sən susduqca, gözündən qoruyub böyütdüyün qızının səsi Dubainin ucuz otellərindən gəlir.
Canından can qoparıb alırlar, o canı da bir iblisin qəhqəhəsi ilə qana bulayıb sənə taxta tabutda geri qaytarıb gedirlər.
Sən günəşin çıxışı ilə dərd dalınca gedərkən, onlar sərvət arxasınca gedir.
Sən qəm çəkməyə gedərkən, onlar keyf çəkməyə gedir…
Ey anam, bir düşün, bari bir gün dərd, qəm, çörək dalınca getmə, düşün… Niyə axı bu İblis sifətlilər səninlə belə arxayınlıqla hərəkət edir? Niyə heç səndən çəkinmədən canından can alırlar?!
Bəlkə həm də sənsən günahkar!?… Bəlkə bu vətəni özünə yurd edə bilməmisən?! Bəlkə “vətən anadır” dediyin halda bu vətənə analıq edə bilmədin?
Sən sual etdinmi ki, niyə səni belə asanlıqla bülleten oğrusuna, dilənçiyə, əxlaqsıza çevirdilər? Bəlkə ona görə ki, sən haqqına sahib çıxmadın?! Ya da bəlkə ona görə ki, haqqını bir yığın qədirbilməzin, acgözün, qəddar, özünübilməzin, yırtıcı nadanın insafına buraxdın?
O uzaq keçmişdə övladını samanlıqda gizlədən nənənin düçüncəsini yanaşmalarından, dünyagörüşündən təmizləyə bilmədin, onu canlı tutdun, bütün bunlar ondanmı oldu?!
Bəlkə, bəlkə bu gün kötüyə dönmüş əllərinə baxasan, dağa dönmüş ürəyinə üz tutasan?
Vətən anadır sözlərini quru söz olmaqdan çıxarıb bu iki kəliməyə qanından qan, canından can qatasan ki, canından can getməsin.
Haqqına sahib çıx və xarabaya çevrilmiş bu məmləkətin qalıntıları üzəində tonqal qala… Atəş təmizlər, bu məmləkətin pisliklərini o qaladığın cəsarət və ləyaqət tonqalıyla təmizlə…
Qalx! Mən bütün bunlar layiq deyiləm de!
Qalx ki, “igidim” deyib haray çəkəndə səsinə hay verə biləcək kişilər də sənin cəsarətindən utanıb meydana gəlsin!
Ey mənim tariximin Sarı donlu Selcan xatunu, hardasan!
Yazı müəllifin Facebook səhifəsindən götürülüb
Oxunub: 672