AXCP sədrinin müavini, siyasi məhbus Gözəl Bayramlı həbsxanadan müraciət göndərib. Müraciətdə deyilir:
“Azadlıq və demokratiya uğrunda mübarizə aparan əziz fədakar insanları salamlayır, bu şərəfli yolda hamıya uğurlar arzulayıram. Əziz dostlar! Artıq 11 aydır bu mübarizədə sizlərlə birlikdə olmaq imkanından məhrum edilsəm də, bütün varlığım və qəlbimlə sizinləyəm. Nə yaxşı ki, Azərbaycanımızın sizin kimi qeyrətli övladları var! Azad və ədalətli cəmiyyət uğrunda, demokratiya uğrunda mübarizənin səngiməməsi, daha da dönməz xarakter alması Azərbaycanın sabahı, xalqımızın gələcəyi üçün ən böyük şansımızdır. Bu şansı xalqın qələbəsinə çevirmək, Azərbaycanı oğru, talançı, avtoritar rejimdən xilas etmək hər birimizin müqəddəs vəzifəsidir. Əziz dostlar! Mən sizə Gəncə istintaq təcridxanasından yazıram. Bir neçə gündən sonra Bakıda cəzaçəkmə müəssisəsinə göndəriləcəm və 11 aydır ki, davam edən girovluğun yeni mərhələsi başlayacaq. Mənə görə narahat olduğunuzu bilirəm. Ona görə sizdən xahiş edirəm, diqqəti qarşımızda duran əsas vəzifələrin reallaşmasına yönəldək və qələbə üçün əlimizdən gələn hər şeyi edək. Mənim mübarizə ruhum çox yüksəkdir, həbs təzyiq, təqib bizi öz yolumuzdan döndərə bilməz! Azərbaycan var olsun, xalqımız var olsun! Dostlar, nəzərə alsaq ki, həbsim barədə göstərişi birbaşa İlham Əliyev verib, həbsin təşkili prosesinə DSX, DTX və XKX-nin generalları, baş prokuror, həmçinin dövlət başçısının köməkçisi rəhbərlik ediblər, o zaman bu həbsin sıradan bir həbs olmadığı tamamilə aydın olur. 14 oktyabr 2016-cı ildə “Bandotdel”ə çağırılıb həbslə hədələndiyim gündən hər an şərlənərək həbs olunacağımı gözləyirdim. AXCP sədrinin hər 3 müavininin, çox sayda funksionerinin həbsə atılması rejimin avtoritar və antimilli mahiyyətinin ən bariz göstəricisidir. Görün, vəziyyət hansı həddə çatıb ki, İlham Əliyev növbəti seçki rəzalətindən, biabırçılığından sonra parlamentdə keçirdikləri “andiçmə” mərasimində tribunadan “antimilli ünsürlər”, “tarixin zibilxanası” kimi fikirlər səsləndirərək xalqı təhqir etməkdən belə çəkinmir. “86 faizli qələbə”nin şokumu bu, əcaba? Ancaq hər kəsə bəllidir ki, “tarixin zibilxanası” öz xalqına zülm edərək onun sərvətlərini talan edib, mənimsəyən, insan hüquq və azadlıqlarını ayaqlar altına salan, demokratiyanın, inkişafın önündə ən böyük maneə olan diktatura rejimləri üçündür. Ona görə də, oğru, quldur YAP komandası tarixin zibilxanasında onlar üçün “bron” edilmiş yeri tutmağa hazır olsunlar!..
Gəncə istintaq təcridxanası. 22 aprel 2018-ci il”.