Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli yaxın vaxtlarda nəşr olunacaq “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969” adlı kitabından növbəti parçanı feysbuk səhifəsində paylaşıb. Yazını təqdim edirik:
Bakıda oxuyan xarici tələbələrin qiyamı
60-cı illərdə Azərbaycanın ali təhsil müəssisələrinə gələn xarici tələbələrin də sayı artmışdı. Respublika DTK sədrinin məlumatına görə 1962-ci ildə Azərbaycanda 182 xarici tələbə təhsil alırdı. Onlardan 67 tələbə İndoneziyadan, 40 tələbə Yəməndən, 31 tələbə Almaniya Demokratik Respublikasından, 25 tələbə Somalidən, 15 tələbə İraqdan, 5 tələbə isə Polşadan idi. Respublika təhsil nazirliyinin məlumatına görə 60-cı illərin ortalarında Azərbaycanın ali məktəblərində artıq 25 ölkədən 600 tələbə oxuyurdu.
Xarici tələbələrin əksəriyyəti Əzizbəyov adına Neft və Kimya institutunda təhsil alırdı. Yalnız 25 nəfər somalili tələbə tibb texnikumunda orta tibb kadrları kimi hazırlanırdı. DTK-nın sədri Aleksandr Kardaşov Vəli Axundova gizli məktubunda göstərirdi ki, xarici tələbələrin yataqxanalarda yerli tələbələrin sıxlaşdırılması hesabına yerləşdirilməsi azərbaycanlı tələbələr arasında narazılığı artırmışdı. Belə ki, xarici tələblərin 3-4 nəfəri bir otaqda yerləşdirilirdisə, sovet tələbələrinin 12-15 nəfəri şəraiti pis olan yarımzirzəmi otaqlarda yerləşdirilirdi. Kardaşov xəbərdarlıq edirdi ki, belə vəziyyət xarici və yerli tələbələr arasında ziddiyyətləri artırır, yerli tələbələrinin narazılığına səbəb olur. 1963-cü ilin fevralında Neft və Kimya institutunun hazırlıq fakültəsində oxuyan Qvineyalı tələbələrlə yerli tələbələr arasında dava-dalaş da məhz, məişət narazılığı zəminində baş vermişdi. Fevral ayının 7-də İnstitutun Sarabski küçəsində yerləşən tələbə yataqxanasının yeməkxanasında V kurs tələbəsi R. Qasımovla Qvineyalı Abbas Şarl arasında başlanan mübahisə az sonra yerli tələbələrlə xarici tələbələr arasında kütləvi dava-dalaşa gətirib çıxarmışdı. Hadisə yerinə gələn milis dəstəsi onu sakitləşdirə bilməmiş və yalnız rektor İsmayıl İbrahimov hadisə yerinə gəldikdən sonra sakitlik yaratmaq mümkün olmuşdu. Baş verən hadisələr ağır nəticələr verdiyindən, Qvineya respublikasının SSRİ-dəki səfirliyinin mədəniyyət attaşesi Abdulali Sisako təcili olaraq Bakıya gəlmişdi.
1965-ci ilin mart ayının 17-də Bakıda təhsil alan Qanalı tələbə Corc Dakın öldürülməsi xarici tələbələrin böyük həyəcanına səbəb oldu. Sovet orqanları onun ölümünü gizli saxlamağa çalışsalar da, bu mümkün olmadı. Corc Dakın qətlə yetirilməsinə etiraz olaraq xarici tələbələr dərsə getməkdən imtina etdilər. Bir həftəlik tətildən sonra xarici tələbələrin çoxu dəmir yol vağzalına yolandılar. Onlar Moskvaya dönmək istəyirdilər, lakin vizaları olmadığı üçün bilet ala bilmədilər və 8 gün dəmir yol vağzalında gecələdilər. Komsomolçular və drujinaçılar onları geri qaytarmaq üçün çox cəhdlər etdilər, bir sıra hallarda xarici tələbələrə 50 manat (55 dollar) pul təklif edib onları fikrindən döndərdilər və vəd etdilər ki, küçədə gəzərkən rus qızları onlara yaxınlaşacaq və onlarla gəzmək istədiklərin təklif edəcəklər. Bu yollarla çoxlu xarici tələbəni dəmir ol vağzalından yataqxanaya qaytarmaq mümkün oldu. Lakin 29 nəfər Keniyalı tələbə vətənlərinə qayıtmaqda təkidli olduqların bildirib vağzalı tərk etmədilər. Onlar tam təcrid olundular və hətta Moskvadakı səfirliklərinə belə zəng edə bilmədilər. Vağzalda onların yeməyi tükəndikdən sonra Universitet onların hər birinə 10 manat pul göndərdi. Nəhayət, hakimiyyət orqanları onlara ultimatum verdi ki, ya tədrisi davam etdirsinlər, ya da evlərinə dönsünlər. Onlara 50 dəqiqə vaxt verdilər. Qısa müşavirədən sonra 29 keniyalı tələbə vətənlərinə dönməyə qərar verdilər, 60 nəfər keniyalı isə Bakıda qaldı.
Keniyalı tələbələr vətənə döndükdən sonra Bakıda başlarına gələnlər barədə Nayrobidə ABŞ-ın “Assoşieyted Press” agentliyinin müxbiri Nikolas Nanqirə geniş məlumat verdilər. 1965-ci ilin aprel ayının 20-də agentlik həmin məlumatı sensassion bir xəbər kimi bütün dünyaya yaydı. Orada göstərilirdi ki, “Sovet İttifaqından 29 Keniyalı tələbə geri dönüb. Bir Afrikalı tələbənin ölümündən sonra Bakı universitetinin bir qrup tələbəsi irqi ayrıseçkiliyə etiraz olaraq tətil edib. Sonra “Assoşieyted Press” Bakıdan qayıtmış bir tələbənin Sovet İttifaqı və Azərbaycanda başlarına gələnlər barədə təəssüratların təqdim edirdi. Tələbə nəql edirdi ki, onun 6 ay ərzində “Sovet İttifaqında öyrəndiklərin bir çox Afrikalı tələbələr heç vaxt bilməyəcəklər. Onlar heç vaxt bizim Bakı universitetində gördüyümüz belə irqi nifrəti həyatlarında hiss etməmişlər. Mən öyrəndim ki, Rusiyaya getmək asandır, geri dönmək isə görünməmiş dərəcədə çətindir. Mən kommunist xətti ilə müticəsinə boyun əyməyi arzulamayan tələbələrin rəhbərlərindən biri idim. Mən geri döndüm, ona görə ki, öz həyatıma görə qorxurdum. Bakıda 12 min tələbə var (Azərbaycan Dövlət Universitetin nəzərdə tutur – C. H.), çoxusu rusdur, lakin 13 Afrika ölkəsindən də oğlan və qızlar orada oxuyurlar. 90 nəfər Keniyadan gəlmişdi. Bizi alçaldıcı “qaraşın” adlandırırdılar. Yerli adamların çoxu əvvəllər heç vaxt afrikalı görməyib, qara olduğumuza görə onlar bizə nifrət edirdilər. Bir-iki aydan sonra çoxlarımız anladı ki, Bakıda bizim üçün asan olmayacaq. Gələn kimi bizdən pasportlarımızı aldılar, geri dönmək demək olar ki, mümkün deyildi. Hətta digər yataqxanada olan tanışımızı görmək üçün buraxılış vərəqi tələb olunurdu…İrqi ayrıseçkiliyi biz Bakıya gələndən dərhal sonra hiss etməyə başladıq. Bizə dedilər ki, bizim rus qızları ilə gəzmək hüququmuz yoxdur. Qanun bunu qadağan etməsə də, lakin bizə izah etdilər ki, yerli adətlər belədir. Bir neçə keniyalı tələbəni döydülər. Əvvəlcə təhqir edirdilər, sonra bu zorakılıqla yekunlaşırdı. İki nəfər gəzmək daha münasib idi, çünki hər hansı xoşagəlməz hadisə baş verəndə polisi gözləməyin mənası yox idi. Mən elə bir həftə xatırlamıram ki, hansısa afrikalı tələbəyə hücum etməsinlər, onu soymasınlar. Bizim dönüşümüz ərəfəsində alman tələbə qızın zorlanmasını araşdırmaq üçün Şərqi Almaniya səfiri Bakıya gəlmişdi. Bir indoneziyalı tələbəni ölüncə çırpmışdılar. Onu xəstəxanaya yerləşdirdilər və heç kimi yanına buraxmırdılar. Mənim dostlarımdan birini bir stəkan limonad içəndə restoranda döydülər. Digər dostumun qatarda mənim yanımda saatını və avtoqələmini aldılar. Biz hay-küy qaldırdıq, lakin oğru sakitcə aradan çıxdı. Yaxınlıqda polis dayanmışdı, lakin o, heç bir tədbir görmədi. Bizim çoxumuz yerli adamlardan və rus tələbələrdən yaxşı geyindiyimiz üçün onlar bizdən narazı idilər. Onlar hesab edirdilər ki, bizim paltarlarımız onların ödədiyi vergi pulu ilə alınıb. Biz ayda 80 manat (rəsmi kursla 88 dollar) alırdıq. Bu çox deyildi, amma rusların əksəriyyətinin aldığından çox idi. Onlar hesab edirdilər ki, biz yaxşı yaşayırıq və bu onları qəzəbləndirirdi. Lakin əsas məsələ irqdə idi. Taksi sürücüləri bizi aparmaqdan imtina edirdilər, retoranda mənə bir çox hallarda xidmət etmək istəmirdilər…Tez-tez bizi universitetdə tələbə gecələrinə dəvət edirdilər, biz stol arxasında oturanda əvvəlcədən orada oturmuş ruslar durub gedirdilər. Hətta dinə münasibətdə də ayrıseçkilik var idi. Ruslar üçün “din” və “kapitalizm” murdar sözlərdir. Bütün təlim sistemi bu sözlərə qarşı istiqamətlənib. Mən tibb oxuyurdum, amma hansı sahədə ixtisaslaşmağından asılı olmayaraq Sovet İttifaqı tarixin, sovet mədəniyyəti və marksizm-leninizmi öyrənməlisən. “Parvda” qəzetin hər gün almalı və oradan nəyisə oxumalı idin. Onu əzbər söyləməli idin. Ayrı bir dəfə bizi mühazirəyə dəvət etdilər, sən demə kommunist nümayişi imiş. Tələbələr tək-tək tribunaya çıxır, əvvəlcədən onlar üçün hazırlanmış mətnləri oxuyurdular. Bizlərdən bəzilərimiz bütün gördüklərimizə mane olmağa cəhd göstərdik, amma bizi pis tələbə hesab etdilər. Bizi Rusiyaya Keniya Höküməti göndərmişdi və oxumağı biz borcumuz hesab edirdik. Biz çalışırdıq, lakin görürdük ki, biz nəyin naminə gəlmişiksə, onu ala bilmirik. Biz qızlarla gəzə bilməməyimizin və ayrıseçkiliyin digər formalarının əleyhinə bir şey demirdik. Biz buna öyrənmişdik. Biz əsasən təhlükəsizliyin olmamasından şikayətlənirdik. Bunun kulminasiya məqamı mart ayının 17-də Qanadan olan tələbə Corc Dak öldürüləndə gəldi. Onun təbii ölümlə ölməsindən söhbət belə gedə bilməzdi. Aydın idi ki, onu öldürüblər. O, bir neçə rus dostu ilə olmuşdu və onun cəsədi universitetdən təxminən 4 mil aralı kolluğun arasında tapılmışdı. O, otaqda iraqlı və rus tələbələrdə yaşayırdı, lakin onun ölümündən sonra biz onun dostlarını bir daha həmin otaqda görmədik. Ruslar onun ölümünü gizli saxlamaq istəyirdilər, lakin hər şey bəlli oldu.” Bu məlumat haqqında Mərkəzi Komitəyə arayış hazırlayan Xarici əlaqələr şöbəsinin məsul əməkdaşı Ənvər Cəbrayılov hesab edirdi ki, Nikolas Nanqiranın yaydığı informasiya uydurmadır və həqiqətə uyğun deyildir. Hökumət xətti ilə Sovet İttifaqı Teleqraf Agemtliyi və Azərbaycan Teleqraf Agenetnliyinə tapşırıq verdilər ki, xarici ölkələrdə yaymaq üçün “Assoşieyted Press” agentliyinə “əsaslandırılmış” cavab hazırlasınlar.