Bu ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 376 yol-nəqliyyat hadisəsi olub
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu hadisələr nəticəsində 162 nəfər həlak olub, 343 nəfər isə yaralanıb. Hadisələrin 35,1 faizi gündüz, 37,2 faizi gecə, 27,7 faizi isə toran vaxtı baş verib, 26,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Bütün yol-nəqliyyat hadisələrinin 53,2 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox) nəqliyyat vasitələrinin və piyadaların, 31,1 faizi (14,6 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 15,7 faizi (21,3 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 80,9 faizini, yaralananların isə 79,0 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 11 hadisə baş verib, nəticədə 8 nəfər ölüb, 8 nəfər yaralanıb. Belə hadisələrin 72,7 faizini minik avtomobillərinin sürücüləri törədib.