Milli Şura AŞPA-nın “kürü diplomatiyası” qətnaməsi ilə bağlı bəyanat qəbul edib.
Bəyanatda deyilir:
26 aprel 2018-ci il tarixində AŞPA öz tarixində ən rüsvayçı bir sənədi, demək olar ki, yekdilliklə qəbul etdi. Qəbul edilən qətnamə AŞPA Bürosu tərəfindən təyin edilmiş üç nüfuzlu ekspertin AŞPA-da korrupsiya halları ilə bağlı on ay ərzində apardığı araşdırma nəticəsində hazırladığı 219 səhifəlik geniş və hərtərəfli hesabata əsaslanır. Hesabatda bu nüfuzlu insan hüquqları və demokratiya təşkilatının ciddi bir şəkildə korrupsiyaya yoluxması, AŞPA-ın katiblikləri, deputatları və hətta komitə sədrləri, qrup rəhbərləri və prezidenti səviyyəsində korrupsiya əməllərində iştirakı faktlarla sübuta yetirilir. Heç şübhəsiz ki, AŞPA kimi nüfuzlu bir Avropa təşkilatı, insan haqları və demokratiya evi üçün bu çox rüsvayçı bir mənzərədir. Lakin bu Hesabatı Azərbaycan vətəndaşları üçün daha rüsvayçı sənəd halına gətirən məqam AŞPA-nı bu korrupsiya əməllərinə məhz Azərbaycan hakimiyyətinin bulaşdırmasıdır. Hesabatda göstərilir ki, Azərbaycan nümayəndə heyətinin iki üzvü- Elxan Süleymanov və Müslüm Məmmədov Azərbaycan hakimiyyətinə loyallıq nümayiş etdirmək, onun seçki saxtakarlığını, korrupsiya əməllərini və xüsusilə də siyasi məhbus problemini ört-basdır etmək məqsədilə AŞPA deputatlarına pul paylayıb, qiymətli zinət əşyaları, xalçalar, kürü və s. yüksək maddi dəyər kəsb edən hədiyyələr bağışlayıb. Azərbaycan hakimiyyətinin təklifini qəbul edən avropalı deputatlar həmçinin Bakıya dəvət edilib, onların səfər xərcləri səxavətlə qarşılanıb, onlara yuxarıda qeyd edilən qiymətli hədiyyələr bağışlanıb. Hesabatdan və onun əsasında qəbul edilmiş Qətnamədən aydın olduğu kimi AŞPA-lı qonaqlara hətta Azərbaycan qadınlarının cinsi xidmətləri də təklif olunub. Öz vətəndaşlarını daha rahatlıqla əzmək, dövlət büdcəsini daha maneəsiz bir şəkildə talamaq, insan hüquqlarına və azadlıqlarına daha acımasızcasına təcavüz etmək, qanunsuz və əsassız təzyiqlərə və təqiblərə məruz qoyduğu azərbaycanlıları beynəlxalq müdafiədən məhrum etmək məqsədilə Azərbaycan hakimiyyətinin korrupsiyadan, çirkli lobbiçilikdən və hətta qadın alverindən istifadəyə qədər aşağı düşməsi ölkəmiz və xalqımız adına misli görünməmiş rəzalətdir. Bu, eyni zamanda, Azərbaycan xalqının adət və ənənələrinə, milli-mənəvi dəyərlərinə və Azərbaycan qadının nüfuzuna qarşı ağır bir həqarətdir. AŞPA qətnaməsindən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun bu korrupsiya və mənəviyyatsızlıq faktları haqqında məlumatlı olması, bu halların Azərbaycan hakimiyyəti tərəfindən ən yüksək səviyyədə dəstəklənməsi aydın olur. Bu korrupsiya qalmaqalı saxta seçkilər nəticəsində, təyinatla formalaşmış Azərbaycan Milli Məclisinin və bütövlükdə, Azərbaycan hakimiyyətinin imicinə çox böyük zərbə vurmaqla yanaşı ölkəmizin beynəlxalq təqdimatı baxımından da acınacaqlı bir gerçəklik yaradır.
Milli Şura olaraq bu rüsvayçılığı özünə və Azərbaycan xalqına rəva görmüş Azərbaycan hakimiyyətindən gözləntimiz böyük olmasa da, onu üzərinə götürdüyü bu böyük ləkəni qismən də olsa təmizləməyə çağırırıq. Milli Məclis “kürü diplomatiyası”nın baş icraçıları olan Elxan Süleymanov və Müslüm Məmmədovun deputatlıq səlahiyyətlərinə xitam verməli, Azərbaycan Respublikası Baş Prokurorluğu onlara qarşı konkret cinayət araşdırmasına başlamalıdır. AŞPA-da “kürü diplomatiyası”nın məhz Azərbaycanda siyasi məhbus probleminin gizlətmək məqsədilə geniş vüsət aldığını nəzərə alaraq Azərbaycan hökuməti tez bir zamanda bu problemi köklü şəkildə həll etməli, bütün siyasi məhbusları azadlığa buraxmalıdır. Yalnız siyasi məhbus problemin əsaslı şəkildə həlli ölkəmizin bu Hesabatda yer almış faktlar nəticəsində ciddi şəkildə zədələnmiş beynəlxalq nüfuzunu qismən də olsa bərpa etmək iqtidarındadır.