Beynəlxalq Hüquqşünaslar Komissiyası insan haqları sahəsində ixtisaslaşan vəkillər Asabəi Mustafayev və Nemət Kərimlinin Vəkillər Kollegiyasından 1 illik uzaqlaşdırılmasını pisləyən bəyanat yayıb. Bəyanatda Azərbaycan Vəkillər Kolegiyası rəyasət heyətinin Əsabəli Mustafayev və Nemət Kərimli ilə bağlı aprelin 23-də qəbul etdiyi qərarın qanunsuz olduğu qeyd edilir.
Bildirilir ki, Vəkillər Kollegiyasının qərarı Baş prokurorun birinci müavininin təqdimatı əsasında qəbul olunub və bu, hüquqşünaslara dair beynəlxalq standartlara ziddir. Bəyanatda qeyd edilir ki, Asabəli Mustafayev və Nemət Kərimli hüquqlarını müdafiə etdikləri Gözəl Bayramlı və Əfqan Muxtarlının işi üzrə verdikləri açıqlamalara görə cəzalandırılıblar.
Beynəlxalq Hüquqşünaslar Komissiyası vurğulayıb ki, bu açıqlamalar hüquqşünasların peşə məsuliyyəti çərçivəsindən kənara çıxmayıb və onlar öz müvəkkillərini müdafiə etmək üçün bütün mümkün vasitələrdən istifadə hüquqlarına malikdirlər (BMT-nin Əsas prinsipləri, müddəa 13 (b)). Beynəlxalq qurum hesab edir ki, Vəkilər Kollegiyası ifadə azadlığına dair Azərbaycanın da imzaladığı beynəlxalq konvensiyanın şərtlərini pozub.
Sənəddə həmçinin qeyd edilir ki, İnsan Haqları üzrə Avropa Məhkəməsi ləyaqət prinsipini pozmamaq şərtilə vəkillərin məhkəmə çəkişmələrini publik şərh etmək hüququnu tanıyır. Beynəlxal Hüquqşünaslar Komissiyası Asabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətinin 1 illik dayandırılması barədə qərarın ləğv olunmasını və vəkillərin fəaliyyətinin bərpasını tələb edib.