Milli Şura sədri Cəmil Həsənli feysbuk hesabında Şuşanın işğal günü ilə bağlı yazı paylaşıb. Yazını təqdim edirik:
Şuşanın işğalından 26 il keçir. 26 il bir əsrin, bir yüzilliyin ¼-dən də çoxdur. 26 il bir ölkənin Şuşa kimi dilbər guşəsinin düşmən əsarətində, düşmən tapdağında qalması üçün uzun bir dövrdür. Bu şəhərin müdafiəsində Ramiz Qəmbərov kimi qəhrəmanlar canlarını verdi. Onun döyüş yolu vətən uğrunda şəhid olmağın canlı bir örnəyidir. Şəhid olanda 30 yaşı da tamam olmamışdı. Sağ qalsaydı indi Milli Qəhrəman Ramiz Qəmbərovun 56 yaşı vardır. Təkcə bu zaman fasiləsi bizim Şuşadan 26 illik ayrılığımızın ağrılı bir tarixidir.
Bu 26 ildə çox şey dəyişdi, ölkəyə böyük pullar gəldi və pullar gəldikcə Azərbaycan Şuşadan daha da uzaqlaşdı. Elə bu pul axını Azərbaycana Şuşanı itirmək təhlükəsini doğuran ikinci bir fəlakət gətirdi. Ərazisi, Şuşa kimi bir şəhəri işğal olunmuş məmləkətin hakimiyyəti korrupsiyaya qurşandı və Şuşa yaddan çıxdı. Son illər hakimiyyət İlham Əliyevin “Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var” reklam çarxını fırlatmaqla öz işini bitmiş hesab edir. Ən təhlükəlisi isə yalançı hay-küyçülük, analoqsuz inkişaf haqqında miflərin uydurulması, rəsmi təbliğat vasitələrinin vətənçilikdən uzaq düşüb bir sürü nadanın qeybət yerinə çevrilməsi bu milləti günbəgün Şuşadan uzaqlaşdırdı və nəticədə 26 illik işğala adaptasiya əhvalı formalaşdı.
Bir anlığa fikirləşək: Şuşanı azad etmək üçün nə etmişik? Şuşanı azad etmək üçün baş nazirin birinci müavini “Rossoboron”dan silah alıb, amma silahla yanaşı “otkat” da alıbdır. Və bütün bu müamilədən də Ali Baş Komandanın xəbəri “olmayıb”. Ərazisi işğal olunan, Şuşa kimi bir şəhəri düşmən tapdağında olan bir ölkənin Müdafiə Nazirliyi 2012-2014-cü illərdə ölkənin müdafiəsi, o cümlədən Şuşanın azad edilməsi üçün ayrılmış vəsaitləri əyri, natəmiz, oğurluq yollarla London ofşorlarına ötürüb. Elə həmin vaxtlar İlham Əliyev təşəxxüslə bəyan edirdi ki, Azərbaycan hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən böyükdür. Və sən demə bu “böyüklük” işğal altında olan Şuşanın azad edilməsinə deyil, London ofşor hesablarının şişirdilməsinə xidmət edirmiş. Ölkədə ordunu daha etibarlı silah və sursatla təmin etmək üçün Müdafiə Sənayesi Nazirliyi yaradıldı və ona böyük pullar buraxıldı. Həmin pulların da sorağı eyni marşrutla London ofşorlarından gəldi. Ərazisinin 20 faizi od tutub yanan, İsa bulağının beş addımlığında tüstüsü ərşü-əlaya qalxan Şuşa şəhərinin atəşini, odunu söndürmək əvəzinə Fövqəladə Hallar Nazirliyi də odlu məmləkətə su çiləmək üçün ayrılmış büdcə vəsaitlərin Birləşmiş Krallığın ofşorlarına yola saldı. Düşmənin Şuşada hansı yaramazlıqlar yapdığın “şanlı” kəşfiyyat orqanlarımız “mötəbər” məlumatları ilə müəyyən etməli və bu məlumatlar əsasında şəhərin düşməndən azad edilməsi planı işlənib hazırlanmalı idi. Lakin sən demə kəşfiyyatın pulların saxta siyahılar əsasında mənimsəyib gizli kəşfiyyat yolları ilə Dumanlı Albiona ötürüblər. Ən dəhşətlisi, ən faciəlisi isə ölkənin müdafiəsi, təhlükəsizliyi, Şuşa daxil işğal altında olan ərazilərin azad etmək üçün ayrılmış büdcə vəsaitləri vaxtı ilə Şuşanın azadlığı uğrunda canını fəda etmiş general Məmməd Əsədovun oğlu Rasim Əsədovun əli ilə edilib, bir qaçqının adına yaradılan “Baktelekom MMC” vasitəsi ilə London ofşorlarına köçürülüb. Gizli yollarla, natəmiz yollarla, əyri yollarla, oğurluq yollarla köçürülüb.
Yazıq Şuşa, zavallı Qarabağ, korrupsiya səni də cənginə alıb. İndi bu halda, ay vətəndaş, ay xalq, ay millət, Şuşa niyə azad olmalıdır? Axı bu qədər sadəlövh olmaq olmaz. Bax, indi bildinizmi Şuşa niyə azad olunmur, niyə 26 ildir düşmən tapdağında qalıb, düşmən niyə 26 ildir qələbə gününü Şuşada keçirir? Və 26 ildir bu millətin Şuşa arzuları şüşə kimi çilik-çilik olur, 26 ildir Milli Qəhrəman Ramiz Qənbərovun gözləri yol çəkir…