Vəkillik fəaliyyəti dayandırılmış hüquqşünas Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinin qərardadından Ali Məhkəməyə şikayət edib.
Bu il fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub. Qərarı 2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti çıxarıb. Rəyasət Heyəti qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında qəbul edib. Penitensiar Xidmətin şikayətində bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.
Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Gəncə İnzibati-İqtisadi Məhkəməsində ilkin baxış zamanı Yalçın İmanov vəsatətlər verib. Bir vəsatət işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə olub. Yalçın İmanov bildirib ki, indiyədək belə işlərə ümumi məhkəmələrdə baxılıb. O, Sumqayıt şəhərində yaşadığını, oradakı hüquq məsləhətxanasında fəaliyyət göstərdiyini bildirib, həmçinin əsas gətirib ki, Vəkillər Kollegiyasının iddiası İnzibati-Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia növlərinin heç birinə aid olmadığına görə inzibati məhkəmədə baxıla bilməz.
Hakim vəsatəti təmin etməyib.
Həmçinin Yalçın İmanov Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddia verib, eyni zamanda məhkəmə qərar çıxaranadək vəkillik fəaliyyətinin bərpa olunmasını istəyib.
Hakim Yalçın İmanovun qarşılıqlı iddiasını icraata götürməyib.
Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib. O, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin işi Sumqayıt Şəhər Məhkəməsinə göndərməkdən imtinasına və qarşılıqlı iddiasının icraata götürülməməsinə dair qərardadlarının ləğvini istəyib. Ancaq aprelin 17-də Gəncə Apellyasiya Məhkəməsi Yalçın İmanovun şikayətinin təmin olunmaması barədə qərardad çıxarıb.
Mayın 11-də Novator.az-a danışan Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinin qərardadından Ali Məhkəməyə şikayətinin məğzini belə açıqlayıb: “Vəkillik fəaliyyətimə xitam verilməsi barədə işə Sumqayıt Şəhər Məhkəməsində baxılmasını və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiamın icraata götürülməsini istəyirəm”.