“Hakimiyyət son 2 ildə Əli Kərimlini həbs etmək üçün 3 böyük ssenariləşdirilmiş əməliyyat keçirib”
Milli Şuranın sədri Cəmil Həsənli AXCP-yə qarşı son günlərdə yenidən güclənmiş repressiya barədə yazıb. C.Həsənlinin feysbuk səhifəsində paylaşdığı yazını təqdim edirik:
Hakimiyyət Azərbaycan Xalq Cəbhəsi Partiyasına qarşı repressiyaların yeni dalğasına start verib. Son bir həftə ərzində iki cəbhəçi “küllü miqdarda” narkotik ittihamı ilə saxlanıb. Bu günlərdə keçmiş polis mayoru, AXCP nəzarət-təftiş komissiyasının üzvü Seyid Mirfeyzulla bəy saxlanıldı. Artıq ona Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə qanunsuz olaraq narkotik vasitələr hazırlama, istehsal etmə və ya satma maddəsi ilə cinayət içi açılıb və haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib. 6 ay öncə polisdə olan bütün rəzaləti keçmiş polis zabiti kimi Azər Kazımzadə ilə müsahibəsində açıb tökmüşdü. Adam “dializ” xəstəsidir, həftədə 3 dəfə dializ qəbul etməyə getməlidir. Onu həbs etmək ölümünə fərman vermək deməkdir. Göründüyü kimi təqib və repressiyalar nəzarət-təftişin dializ xəstəsinə də çatdı. İndiyə qədər partiya sədri Əli Kərimlinin bütün müavinləri uydurma, saxta ittihamlarla həbs edilmişdi, partiya Rəyasət Heyətinin nə az, nə çox yarıya qədəri həbsdədir.
Partiyanın Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı isə mayın 7-də axşam saatlarında Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılmışdı. Orxan bəyə də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma maddəsi ilə cinayət işi açılıb və haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Yeri gəlmişkən Orxan Baxışlı bir aylıq inzibatı həbsdən bir neçə gün idi ki, azad edilmişdi. 14 aprel mitinqi ərəfəsində partiyanın 50 fəalı polis orqanlarına çağırılmışdı, mitinqin təşkilatçısı kimi onlardan 6 nəfəri sutkalıq həbs edilmişdi. Yüzlərlə cəbhə fəalı təqiblərdən yayınmaq üçün 14 aprel və ondan öncəki mitinqlər ərəfəsində öz evində deyil, dost-tanışının yanında gecələməli olmuşdu. 2017-ci ilin yazında və payızında, 2018-ci ilin martında keçirilən kütləvi aksiyalar öncəsi saxlanılan cəbhəçilərin sayı 200-300 nəfərə çatmışdı. Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Seymur Həzi, Məmməd İbrahim, Qarabağ qazısı Asif Yusifli, Fuad Əhmədli və onlarla fədakar sıravi cəbhəçi. İndi bu siyahıya partiyanın nəzarət təftiş komissiyasının üzvü Seyid Mirfeyzulla və Gənclər Komitəsinin üzvü Orxan Baxışlı da əlavə olundu. Qaynı Elnur Seyidovun da Əli Kərimliyə görə saxta bir ittihamla həbs edildiyi və qanunsuz olaraq həbsdə saxlandığı hər kəsə bəllidir. Yalnız son mitinqlərə görə 30-dan çox cəbhəçi qanunsuz olaraq işlərindən çıxarılıb.
Son 2 ildə hakimiyyət bilavasitə Əli Kərimlini həbs etmək üçün 3 böyük ssenariləşdirilmiş əməliyyat keçirib. 2015-ci ilin noyabrında 6 nəfərin ölümü ilə nəticələnən Nardaran əməliyyatı, 2016-cı ilin yayında Əli Kərimlinin köməkçisi Faiq Əmirli və partiyanın Gənclər Komitəsi Məclisinin üzvü Fuad Əhmədlini həbsi ilə nəticələnən uydurma “Gülən işi”, Gözəl Bayramlı və Əfqan Muxtarının həbsi ilə nəticələnən “Qərb maliyələşməsi yolu ilə konstitusyon quruluşu devirməyə cəhd”i özündə ehtiva edən saxtadan-saxta sərhəd pozuculuğu və qaçaqmalçılıq hoqqabazlığı. Hüseyn Abdullayevin işində də yeni “təfərrüatların” meydana çıxacağı və bu istintaq araşdırmasının da Əli Kərimliyə doğru yönəldiləcəyi istisna edilmir.
Bir sözlə, on ildən artıqdır ki, xaricə çıxışdan məhrum edilmiş, xarici pasportu müsadirə edilmiş AXCP sədri hakimiyyətin bütün həbs ssenarilərinin mərkəzi fiquruna çevrilib. Partiya total təqib şəraitində fəaliyyət göstərir, lakin bütün təqiblərə baxmayaraq Əliyev avtoritarizminə, totalitarizminə, dövlət adına fəaliyyət göstərən kriminal dəstəyə qarşı mübarizənin önündə yenə AXCP-dir, korrupsiya, seçki saxtakarlığı, monarxiya təhlükəsinə qarşı kütləvi aksiyaların əsas təşkilatçısı yenə AXCP-dir, milli mübarizənin və millətə xidmətin örnəyini verən yenə AXCP-dir. Doğrusu, dövlətin inzibatı resurslarının hədəfinə çevrilmiş heç bir müxalifət təşkilatı bu basqıların altında, bu təqiblərin qarşısında davam gətirə bilməzdi. Bu azmış kimi müxalifətin “müxalifətinin” də başlıca hədəfi AXCP və Əli Kərimlidir. Son vaxtlar keçmiş və fəaliyyətdə olan agentura şəbəkəsindən, “yeni qüvvə” kimi meydana çıxmaq istəyənlərdən, çoxdan mürgüləyib yeni oyananlardan tutmuş vicdanlı yanılanlara qədər hər kəsin dərdi-azarı Əli Kərimlidir, hər kəsin yolunda başlıca “maneə” Əli Kərimlidir. Və hələ qarşıda cəbhə əleyhinə yeni cəbhənin açılması, “ölkəni xilas naminə” bütün növdən olan “vətənpərvərlərin” haray-həşir kampaniyası istisna edilmir. Cəbhə İlham Əliyevin anti-milli rejiminə qarşı mübarizənin önündədir, müxalifətə müxalifətçiliklə “müxalifət” olmaq istəyənlərin hədəfi isə cəbhədir, bu “müxalifətçilik” yolunda başlıca maneə isə Əli Kərimlidir.
Xatırlayırsınısa, aprelin 18-də keçirilmiş inaqurasiya nitqində İlham Əliyev dövlətin bütün resursları ilə üzərinə getdiyi müxalifətlə bağlı bildirdi ki, onlar tam marginallaşıb. Bundan 3 həftə sonra, mayın 9-da Amerika Konqresinin Helsinki Komissiyasının keçirdiyi brifinqdə tərəfsiz, balanslaşdırılmış, obyektiv informasiya siyasətinə iddialı olan “Meydan.tv”nin lideri Emin Milli bu dairəni daha da “dəqiqləşdirərək” bəyan etdi ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası köhnəlib və marginallaşıb. Tərəfsiz, balanslaşdırılmış, obyektiv informasiya siyasətindən imtina etmək üçün 5 min km yol getməyə ehtiyac var idimi?