Gültəkin Hacıbəyli
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü
Ölkədə Nizami Süleymanov sindromu təkrarlanır. Təbii ki, daha kiçik miqyasda və daha məhdud məzmunda. Başadüşüləndir. Nizami Süleymanov savadlı adam idi, alim idi, azdan-çoxdan sanbalı vardı. Amma bütün bunlar onun böyük avantürist olmasını istisna etmirdi. Adam prezident seçiləcəyi halda vətəndaşlara adambaşına pul paylayacağını, qızlara cehiz, oğlanlara ev verəcəyini deyirdi. Və bütün bunlara “Alov” adlı nəyəsə yarayan, bəlkə də heç yaramayan qurğusunu dünya bazarına çıxarıb satmaqla nail olacağını iddia edirdi. Bu sətirləri oxuyanda adamın dodağı qaçır, amma zarafat-zarafat, Nizami müəllim belə gülməli vədlərlə seçkidə kifayət qədər də səs toplamağı və Əbülfəz Elçibəydən sonra ikinci olmağı bacardı. Və sonra birdən itdi. Qızları cehizsiz, oğlanları evsiz, hər ikisini pulsuz qoyub qeybə çəkildi. Az sonra nəinki “Alov”-unu, heç qığılcımını da görən olmadı.
Mən Nizami Süleymanovu da başa düşürəm (adam Elçibəy kimi bir nüfuzli milli liderin qarşısına nə ilə çıxa bilərdi ki?!), onun odunu da, “Alov”-unu da anlayıram, amma Elçibəyi qoyub ona səs vermiş on minlərlə insanı hələ də anlaya bilmirəm. Düşünürəm ki, küyə biri gedər, onu gedər, on mini gedə bilməz axı?! Amma, haqlı deyiləm, gedəndə on mini də, bəlkə hələ daha çoxu da gedə bilir. Düzdür, bütün avantüralar kimi uzunmüddətli olmur, amma bir müddət baş ağrıdır, vaxt aparır, zəhlə tökür.
İndi də ölkəmizdə, xoşbəxtlikdən çox məhdud çevrədə, divara cız çəkməklə oturuşmuş avtoritar rejimi yıxanlar peyda olub. Bu yenilikçi, kreativ, innovativ… şəxlərə görə müxalifət də, mitinq taktikası da köhnəlib, millətin nicatı evdə oturub pulun bir küncünə kiçicik qum saatı çəkməkdə və gecənin qaranlığında, tənha küçədə həmin o qum saatını divarlarda çızmaqdadır.
Yenilik çox yaxşı şeydir, amma bir şərtlə ki, həmin o yeni dediyin nəsnə, gerçəkdən də, yeni olsun, cəmiyyətə fayda versin və sağlam düşüncənin sınırlarını zorlamasın. Yoxsa günlərin bir günü mən yenilikçi, kreativ və orijinal görünmək naminə “Günəş Şərqdən çıxır” fikrini səsləndirənlərin qarşısına alternativ fikir kimi “Günəş konserv qutusundan çıxır” ideyası ilə təşrif buyursam və məni haqlı olaraq qaralayanları “savadsız, iyrənc, qaragüruh, köhnəlmiş” epitetlərilə “mükafatlandırsam”, ən azı mənim sağlıq durumuma şübhə ilə yanaşmaq haqqınıza sayğımı qarantiləyə bilərsiniz.
Qayıdaq mətləbə, yəni qum saatına. Dünya reallığında çoxdan köhnəlmiş, hətta nimdaşlaşmış bu anonim mübarizə elementini əvvəl yeni strategiya kimi xalqa sırımağa çalışdılar, sonra etiraf etdilər ki, bu nə strategiya imiş, nə yenilik. Amma ki, Azərbaycanın xilas yolu olaraq qalır ))
İndi gəlin görək millətimizin nicat yolunu divarlara cız çəkməkdə görənlər nə deyir? Əsas arqument bundan ibarətdir ki, insanlar mitiinqlərdə iştirak etməkdən qorxurlar, etirazlarını divarlara, pulların üstünə qum saatı və ya başqa fiqurlar çəkməklə ifadə etsinlər. Bu iddiada olanların yəqin Azərbaycanda fb və digər sosial şəbəkələrin varlığından, ümumiyyətlə, xəbərləri yoxdur və ya… Burasını yazmıram, özünüz ehtimal edin.
Azərbaycanda fb üzərindən hər gün minlərlə insan hökuməti sərt tənqid edən statuslar yazır, on minlər bu statusları paylaşır, yüz minlər bəyənir və şərh yazır. Məgər bu həmrəylik deyil?! Sosial şəbəkələr üzərindən mühacirlərin Azərbaycan rəhbərliyini açıq mətnlə nəinki tənqid, hətta təhqir edən paylaşımlarını on minlərlə izləyici paylaşır, şərh yazır… Məgər bu, etiraz deyil?! Bu paylaşımları bəyənən və onlara şərh yazan insanların ən azı yarıdan çoxu bunu anonim şəkildə yox, öz adı, soyadı, bəzən hətta ata adı ilə edir. Hakimiyyətin ermənilərlə şərab içmək nostaljisi baş qaldıranda xalqımızın sosial media üzərindən təpkisini xatırlayın. Bəlkə yüz minlərlə insan sərt şəkildə etiraz edirdi, özü də çoxları bunu anonim yox, açıq formada edirdi. Bütün bunlardan sonra divara cız çəkmək, pulun üstünü yazmaq nə anlam daşıyır?!
Bəli, bu da bir metoddur və bu da işləyə bilər. Məsələn, Corc Oruelin “1984-cü il”-ində təsvir olunan və ona bənzəyən cəmiyyətlərdə. Məsələn, Sovetlər Birliyində. O yerdə ki, insanlar öz etirazlarını hətta öz ailə üzvlərilə bölüşməkdən qorxurlar, o yerdə ki, anonim olmamaq həyatını itirmək, məhv olmaq deməkdir, o cəmiyyətlərdə ki, orada sərt, daşlaşmış totalitarizm bərqərar olub. Bu metod hal-hazırda Şimali Koreyanın, bəlkə də Türkmənistanın işinə yaraya bilər. Amma Azərbaycanda – qismən azad internet mühitinin hələ mövcud olduğu, yüz minlərin sosial şəbəkələr üzərindən sərt müxalif fikirləri dəstəklədiyi, bəzən hətta bizdən etika normalarını aşan ifrat sərtlik tələb etdiyi, insanların küçədə, ictimai nəqliyyatda… hər yerdə hökuməti açıq şəkildə tənqid, bəzən hətta təhqir etməkdən qorxmadığı, çəkinmədiyi, 10-15 min fədakar insanın həbs, təqib təhlükəsini göz önünə alıb mitinqlərə çıxdığı bir ölkədə divara cız çəkmək nə deməkdir? Bununla kim kimə nə demək istəyir axı?! Məgər bu ölkədə insanların sosial şəbəkələr üzərindən nəinki deputatlara, nazirlərə, hətta ölkə rəhbərliyinə demədiyi söz qalıb ki?! Odur ki, bu yol Azərbaycan şəraitində mənasızdır, məntiqsizdir və perspektivsizdir. Amma təkcə belə olsaydı, mən bu yazını heç yazmazdım, “kim cızını çəkir çəksin, Allah işini avand etsin” deyib keçərdim üstündən.
Əzizlərim, bu yol, həm də təhlükəlidir və məni bunu yazmağa məcbur edən səbəb də məhz budur! Gözümüzün qarşısında Ermənistanda dinc, sivil, qansız inqilab baş verdi. Xalq avtoritar hakimiyyəti onun qarşısında təslimiyyət bayrağı qaldırmağa məcbur etdi. Necə məcbur etdi?! Mitinqlərlə! Birinici mərhələdə Paşinyanı həbs etdilər, erməni xalqı 50 minlik mitinq etdi, həm Paşinyanı azad etdilər, həm Sarkisyan baş nazirlikdən istefa verdi. İkinci mərhələdə meydanı boş görən avtoritar elita arxayınlaşdı, xalq etirazının ötəri xarakterli olacağını düşündü və Paşinyanın baş nazir seçilməsini əngəllədi. Xalq nə etdi?! Yenə 50 mindən çox insan küçələrə çıxdı, respublikaçılar xalqın iradəsini görüb həmən geri çəkildilər və Paşinyanı baş nazir seçdilər. İndi təsəvvür edin, ermənilər küçələrə axışıb davamlı dinc mitinqlər keçirmək əvəzinə divarlara, pulun üstünə qum saatı çəksəydi, Sarksyan baş nazirlikdən istefa verərdimi? Daha öncə iki il həbs həyatı yaşamış Paşınyan yeni həbs təhlükəsindən qorxaraq Avropanın azad bir ölkəsinə sığınsaydı, Sarkisyanın partiyası onun baş nazir seçilməsilə barışardımı və ən önəmlisi, erməni xalqı ona dəstək verərdimi?! Bizim cızçəkənlər isə hər vasitə ilə dünya dinc mübarizə tarixinin ən kəsərli, sınanmış və ən effektiv silahı olan mitinqləri gözdən salmaqla məşğuldurlar. Çünki, mitinqə gedənləri işdən çıxarırlar, həbs edirlər və s. Mübarizə həmişə qurbanlar tələb edib. Bəs indi biz nə edək? Evimizdə oturub Azərbaycanın Özbəkistana, Türkmənistana, Əfqanıstana çevrilməsini gözləyək?! Mitinqlər əleyhinə təbliğat aparmaqla, dinc, kütləvi mübarizəni gözdən salmaqla gedəcəyimiz yol məhz budur!
Mən hələ də sadəlövhcəsinə inanmaq istəyirəm ki, bu yolu təbliğ edənlər hakimiyyətin yox, öz əsassız ambisiyalarının diktəsilə hərəkət edirlər. Ancaq onları dəstəkləyənlərin böyük əksəriyyəti hakimiyyətin troll ordusudur. Mən araşdırmışam, siz də azacıq vaxtınızdan ayırın, araşdırın və əmin olun. Çünki bu siyasət insanları yanlış yola istiqamətləndirir, alternativsiz mübarizə üsullarından soyudur. Və mövqeyimi qüvvətləndirən başqa bir məqam ondan ibarətdir ki, bu yolun yolçuları ölkəmizdə müxalifət hərəkatının avanqardı olan Milli Şura və AXCP-ni, xüsusilə də, sonuncunun sədri Əli Kərimlini hədəf alıblar. Qardaşım, Əli Kərimlini tənqid etmək nəinki olar, hətta, zəruri hallarda lazımdır da. Nöqsanı varsa, niyə də tənqid olunmasın?! Amma insanların “divara cız çəkin”dən və Əli bəyin non-stop rejimdə tənqidindən (hətta təhqirindən) başqa cəmiyyətə deyəcəkləri sözləri yoxdursa, bu, artıq şübhəlidir.
Bir insan gecə-gündüz başqasından danışırsa, demək ki, təhtəlşüuri olaraq onun üstünlüyünü qəbul və etiraf edir. Bunu mən yox, dünyanın ən böyük psixoloqları deyir. Guya Əli Kərimli kimlərin yerinisə dar edib. Azərbaycan müxaifətində yerlər məgər nömrələnib, möhürlənib və məhdud saydadır ki, kimsə kiməsə əngəl olsun?! Siz irəli çıxın, öncə, bir zəhmət çəkib ölkəyə gəlin, Heydər Əliyev Hava Limanına ayağınızı basın, sonra Əli bəyi nömrəli kreslosundan qaldırmaq iddiasına düşün. Yaxşı, siz deyən olsun – yerlər məhdud və möhürlü imiş. İsa bəy də, Lalə xanım da zamanında çox güclü müxalifət liderləri olublar, Əli bəydən nüfuzlu vaxtları da olub, hal-hazırda müəyyən səbəblərdən kresloları boşdur (hər ikisinə Allahdan acil şəfalar diləyirəm), gedin onların kreslolarında oturun və milləti xilas edin! Mütləq gərək Əli Kərimlinin adlı kreslosu olsun?! ))
Mən bu yazını xoş niyyətlə yazmışam. Əgər məqsədimiz gerçəkdən də millətimizin bu zülmdən xilasıdırsa, şəxsi iddiaları, mənasız ambisiyaları bir kənara qoymalıyıq. İnanın ki, azad, demokratik Azərbaycanda hamımıza yer də çatacaq, vəzifə də. İstəməzsiniz, yenə müxalifətçilik edərsiniz. Amma imkan verin, öncə bu qaragünlü xalq ağ günə çıxsın! Unutmayın ki, bu xalqı qara günə Əli Kərimli salmayıb! Və dünyanın bütün xalqları qorxmaz, cəsur, fədakar insanların davamlı mübarizəsi, verdikləri böyük qurbanlar hesabına azad olublar, divarlara cız çəkməklə deyil!