Mayın 15-də qaçqın və məcburi köçkünlərdən ibarət böyük bir qrup Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin qarşısına toplaşıb. Müxtəlif rayonlardan gələn adamlar evsizlikdən, “çörək pulları”nın kəsilməsindən, “müavinətlərin dondurulmasından” şikayət edirlər.
Komitədə qəbul ayda bir dəfə, hər ayın 15-də olduğu üçün adamlar Komitənin önünə bu gün toplaşıblar.
Qaçqın və köçkünlərin qəbulunda xaotikliyin yaşandığı özünü dərhal göstərir və elə buna görə də etirazlar səslənir: “Əvvəlcə növbəliliyi təmin etmək üçün siyahı hazırladılar, sonra həmin siyahını bir yana atdılar ki, qaçqın kartları ilə gəlin, ona görə də burada qarışıqlıq düşdü”, – qaçqınlardan biri deyib.
Onlar Komitənin laqeyd münasibətindən və problemlərə başdansovdu yanaşmasından şikayət edirlər: “Verilən cavablar eyni məzmunda və başdansovdudur. Bax, əlimdə 10-dan çox məktub var, hamısı da qısa və eyni cümlələrdən ibarətdir. Nə olsun, cavab verirlər, problem həllini tapmır, bizim məqsədimiz məktub yazmaq deyil axı, məktubda qaldırılan problemin həllinə nail olmaqdır”, – qaçqınlardan biri bildirib.
Vətəndaşlardan biri isə 4 uşaqla 12 kvadratmetrlik yataqxanada yaşadığını, neçə illərdir bu barədə müraciətlər etsə də problemin həllini tapmadığını deyir.
Digər vətəndaş isə deyir ki, qolu şikəstdir, işləyə bilmir, 5 nəfər ailə üzvünün çörək pulunu kəsiblər və bunun bərpa olunmasını istəyir.
Eyni zamanda bu kateqoriyadan olan ölkə vətəndaşları Komitənin yerli şöbələrinin fəaliyyətindən də narazılıq ifadə edirlər.
Komitənin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev vətəndaşların qarşısına çıxaraq onların şikayətlərini dinləyib. O bildirib ki(turan), Komitə heç zaman bu insanlara laqeyd yanaşmayıb, sadəcə, hamını qəbul etməyə vaxt çatmır.
İ.Mirzəyev deyib ki, bundan sonra qəbul ayda bir dəfə yox, ayda dörd dəfə olacaq.