Bu gün İlham Əliyev YAP-ın yeni inzibati binasının açılışında iştirak edib
Bu gün Laçın rayonunun işğalından 26 il keçir. Qarabağ savaşında ən strateji nöqtələrdən olan, Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin işğalıyla düşmən istəyinə nail oldu. Ermənistanla Dağlıq Qarabağ arasında yol açıldı.
1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – 1 şəhər, 1 qəsəbə və 125 kəndi işğal edib, bu yerlərin 60 min nəfərə yaxın sakinini doğma torpağından didərgin salıblar. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşğal nəticəsində rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat müəssisəsi və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 ev talan və məhv edilib, 250-dən çox tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iribuynuzlu və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı işğal zonasında qalaraq qarət edilib. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.
Aradan keçən 26 ildə hakimiyyətdə olanlarsaysız vədlər versələr də işğalçılar torpaqlarımızdan qovulmayıb. Heydər Əliyev hakimiyyəti ələ alandan üzü bəri qaçqınlarla hər görüşündə onlara növbəti il öz torpaqlarına qayıtmaq vədi verib. O, vəzifəsini oğluna ötürəndən sonra bu vədləri İlham Əliyev davam etdirib. 15 illik hakimiyyətinin son illərində İlham Əliyev artıq Qarabağı işğaldan azad etmək vədi yox, Göyçə, Yerevan, Zəngəzuru geri qaytarmaq haqda danışır.
Qabaqkı illərdə işğal ildönümlərində, adətən, qaçqınlarla görüşür, ənənəvi vədlərini çatdırırdılar. İlham Əliyev bir neçə il qabaq gerçəkləşdirdiyi Ağcabədi səfərini həmişə məmurlara ornək göstərirdi: “…Mən öz ad günümü Ağcabədidə qaçqınlarla birlikdə keçirtdim”. Artıq buna da ehtiyac duymur. Bu gün – Laçın rayonunun 26-cı işğal günündə İlham Əliyev Bakıda YAP-ın yeni inzibati binasının açılışında iştirak edib, ənənəvi olaraq əlində qayçı qırmızı lenti kəsib.
Laçının işğal günündə…
Azadliq.info