AXCP fəalları feysbukda məni tut haştağı ilə (#menitut) həbsdəki xəstə əqidə dostlarının azadlığına çağırış kampaniyası başladıblar. Kampaniya #menitut xəstə məhbus dostlarımızı azad et devizi ilə aparılır. AXCP sədri Əli Kərimli də bu aksiyaya dəstək verərək, ictimaiyyəti xüsusən də tədrici ölümə məhkum edilmiş siyasi məhbusların azadlığı naminə güclü kampaniyaya çağırıb və sonda İlham Əliyevə səslənib. AXCP sədri yazır:
Hazırda ölüm ayağında olan siyasi məhbuslar Mirfeyzulla Seyidov və Elnur Fərəcovun müdafiəsi üçün “Məni tut, xəstə məhbus dostlarımızı azad et” kampaniyası başlatmış cəsur, əqidəli cəbhəçi dostlarımla, əqidədaşlarımla, bu kampaniyaya dəstək verən hər bir ədalətli və cəsarətli soydaşımla fəxr edirəm. Tam məsuliyyətlə bildirirəm ki, bu cəsur kampaniyanı əqidədaşlarımız partiya rəhbərliyindən hər hansı tapşırıq olmadan, öz vicdanlarının hökmü ilə başlayıblar. Bu ölkəni sizlər və sizin kimi mərd, cəsur insanlar bütün qaranlıqlardan öz çiynlərində çıxaracaq. Sizlərlə fəxr edirəm. Var olun!
Əziz həmvətənlər, sizlərə isə demək istəyirəm ki, bu gün məhbəsdə ölüm gününü gözləməyə məhkum edilmiş dostlarımız sadəcə partiya işi üçün həbsə atılmayıblar. Onlar bütövlükdə millətimizin haqq və hüquqlarını müdafiə etdikləri üçün həbs olunublar. Neftçala rayonundan olan AXCP funksioneri, xərçəng xəstəsi Elnur Fərəcov ondan əvvəlki siyasi məhbuslar üçün keçirtdiyimiz “Siyasi məhbusları azad et!” mitinqlərinin təşkilatçılarından biri olduğu üçün şərlənərək həbs edilib. Hər iki böyrəyi sıradan çıxmış, dializ xəstəsi, AXCP NTK-nın üzvü Mirfeyzulla Seyidov isə keçmiş polis zabiti olaraq DİN-də günahsız adamların şərlənərək həbs olunma mexanizmini Sancaq səhifəsindəki canlı yayımda detallı ifşa etdikdən sonra narkotiklə həbs olunacağı ilə hədələnmiş və sonra da hədədə vəd olunduğu kimi, narkotiklə şərlənərək həbs olunmuşdur. Demək istəyirəm ki, Elnur Fərəcovun da, Mirfeyzulla Seyidovun da sonda tədrici ölüm hökmü ilə nəticələnmiş mübarizələri partiya mübarizəsi, AXCP-ni, Əli Kərimlini hakimiyyətə gətirmək uğrunda mübarizə deyildi. Bütövlükdə xalqımızın haqq və hüquqları uğrunda, özümüzün və övladlarımızın daha ədalətli, polis zorakılığı və sifarişli həbslərin olmayacağı, daha firavan Azərbaycanda yaşaması uğrunda mübarizə idi. Deməli, tədrici ölümə məhkum edilmiş bu qeyrətli Vətən övladlarını müdafiə etmək də siyasi mənsubiyyətimizdən asılı olmayaraq, hamımızın borcudur!
Sonda isə İlham Əliyevə demək istəyirəm ki, onun əsas mübarizəsi onsuz da mənimlədir. Müavinlərimi, müşavirlərimi, AXCP fəallarını, gənc cəbhəçiləri, yaxın qohumlarımı həbs etmək də, AXCP qərargahının partladılması, qapılarının qaynaq etdirilməsi də, elə bugünlərdə Saleh Rüstəmli və qardaşı oğluna işgəncə verdirib, onlardan yalan ifadə aldırmaq da, bundan əvvəl neçə nəfər siyasi məhbusdan işgəncə altında əleyhimə ifadələr almaq da mənə qarşı planın tərkib hissəsidir. Hamı da bunu bilir. Hökumət mətbuatı indiyə qədər məni az qala Cinayət Məcəlləsinin bütün maddələrilə ittiham edib. Bu qədər mus-mus deməkdənsə, mustafa demək lazımdır. Ölümə məhkum edilmiş əqidə dostlarımın əvəzinə girov olmağa hazıram, #menitut onları burax! Təki dostlarımız məhbəsdə ölməsin!