Azərbaycan prezidenti İlham Əliyevin qızları üçün ofşor şirkəti qurmuş London hüquq firması intizam tribunalına verilib.
Bu barədə “The Guardian” qəzeti yazır.
Qəzetin yazdığına görə firmaçoxsaylı nöqsanlarda ittiham olunur.
İttihamlara “ciddi çirkli pulyuma riski”ni aşkarlamamaq da daxildir.
Məqalədə deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevin qızları – Leyla və Arzu Əliyevalar Britaniyada çoxmilyonluq əmlaklarını idarə etmək üçün gizli ofşor şirkəti yaradıblar. Exaltation Limited adlı bu firma Britaniyanın Vircin adalarında yaradılıb.
Bu ofşor şirkətlə bağlı ayrıntılar 2016-cı ilin aprelində üzə çıxıb. O zaman Mossack Fonseca Panama hüquq firmasından sızdırılan “Panama Sənədləri” böyük qalmaqal yaratmışdı. Almaniyanın “Süddeutsche Zeitung” qəzeti əldə etdiyi 11,5 milyon sənədi Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu, Guardian qəzeti və başqa media orqanları ilə paylaşmışdı.
Exaltation şirkətini isə Londonda mənzillənən Child & Child hüquq firması yaradıb və yanlış olaraq Əliyeva bacılarının siyasi bağlarının olmadığını bildirib. Müəllif yada salır ki, Əliyevlər ailəsinin biznes maraqları, mülkiyyət portfoliosu barədə indiyədək geniş araşdırmalar ortaya qoyulub, genişmiqyaslı korrupsiya iddiaları səsləndirilib.
Bazar ertəsi – mayın 14-də SRA – vəkillərin fəaliyyətini tənzimləyən orqan (Solicitors Regulation Authority) bildirib ki, Child & Child-ın aparıcı tərəfdaşı olan Khalid Sharif vəkillərin intizam tribunalına verilib.
Bu iddialar üzrə ilin sonunadək dinləmə keçirilməli, Sharif öz dəlillərini ortaya qoymalıdır. Təqsirli bilinsə, vəkillikdən uzaqlaşdırıla bilər.
SRA bildirir ki, Sharif bacıların “sərvətini qanunsuz yolla toplaması haqda iddiaları”, yaxud “siyasi əlaqələrini” niyə dəqiqləşdirməməsinə cavab verməlidir. Sharif-ə daha bir ittiham onun ofşor şirkəti yaradarkən “böyük çirklik plyuma riski”ni nəzərə almamasıdır.
Qəzetin yazdığına görə, SRA ilk dəfədir “Panama Sənədləri”ndə adı çəkilən bir şirkətə qarşı addım atır.
SRA Child & Child şirkətilə bağlı araşdırmanın davam etdiyini bildirib:
“Bir çox hallarda adıçəkilən şirkətlər və vəkillər bu ölkədə yerləşmir, yaxud onları biz tənzimləmirik. Ancaq yenə də bir neçə təhqiqat aparırıq”.
Qəzet Sharif-dən məsələyə münasibət ala bilməyib. Eləcə də Əliyeva bacılarından münasibət almaq mümkün olmayıb. (amerikaninsesi.org)