Qürur duyduğumuz Cümhuriyyət
AXCP Gənclər Komitəsinin şərlənərək həbs olunmuş üzvü Orxan Baxışlı zindandan təbrik məktubu göndərib. Məktubda deyilir:
Bütün əqidədaşlarıma, cümhuriyyət sevdalılarına salam olsun!. Əziz dostlar təəssüf olsun ki, Cümhuriyyətimizin 100 illiyini sizlərlə bərabər qeyd edə bilmirəm. Amma elə təsəvvür edirəm ki, mən də böyük Rəsulzadənin abidəsi önündəyəm və bu mübarək günü sizlərlə birlikdə qeyd edirəm. Təsəvvür edirəm ki, havada dalğalanan bayrağı, başınız üzərində yellədiyiniz şarları mən tutmuşam.
Hamınız yaxşı bilirsiz ki, mən hətta siqaret də çəkmirəm. Amma Cümhuriyyətin 100 illiyi ərəfəsində məni narkotika ittihamı ilə həbs etdilər. Əlbəttə, təəccüblənmədim, yüzlərlə dostlarımız müxtəlif ittihamlar əsasında eyni taleyi yaşayıblar. Mən də bu ölkənin azadlığı uğrunda, demkokratiya uğrunda mübarizənin sıra nəfəri olmaqdan qürur duyuram və peşman deyiləm.
Mən Azərbaycanı sevirəm, xalqımızı sevirəm, qurucu babalarımzı sevirəm. Təbii ki, bu müqəddəs mübarizə yolunda adımlayan dostlarımı da sevirəm.
Əziz əqdidaşlarım, cümhuriyyət sevdalıları hər birinizi bu bayram münasibətilə təbrik edirəm. İnanıram ki, bu ölkədə cümhuriyyət dəyərləri yaşayacaq, qurucu babalarımız layiq olduğu qiyməti alacaq, zindandakı dostlarımız azadlığa qovuşacaq. Bayramınız mübarək olsun, tanrı sizləri qorusun. Biz xoşbəxtik ki, ötən əsrin əvvəllərində dünyaya örnək olan demokratik cümhuriyyətimiz, dövləti təmənnasız sevən qurucu babalarımız olub.
Yaşasın Cümhuriyyət, yaşasın istiqlal, yaşasın Azərbaycan!