Ölüm aclığı edən məhbusun həbsxanadan prezidentə video-müraciətini saytımız vasitəsi ilə həm ölkə başçısına , həm də ictimaiyyətə ünvanlamışdıq. Ümid edirdik ki, bundan sonra müraciətdə söylənən fikirlərə münasibət bildirilər. Penitensiar Xidmətdən dərhal münasibət olub. Xidmətin Əməliyyat və Rejim üzrə rəisi Mirsaleh Seyidov məhkumla görüşüb. Məhbus sağlıq durumundan çöx, mobil telefonu neçə əldə etməsi ilə bağlı sorğu sual edilib. Sonda məsləhət bilinib ki, izahat yazaraq bildirsin ki, mobil telefonu 1 saylı cəzaçəkmə müəssisəsində gəzinti zamanı tapıb. Yan Raznobarskiy belə izahat yazmağa bir şərtlə razı olub ki, onun başına gətirilənləri əvvəldən sona (2005-ci ildən 2018-ci ilə kimi) kimi yazacaq. Mirsaleh Seyidov isə bununla razılaşmaq istəməyib. Bu haqda Yan Raznobarskinin evə edilən telefon zənginin səs yazısını da həyat yoldaşı Sonya Xaliman redaksiyamıza təqdim edib.
Qeyd edək ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində aclıq keçirən Yan Raznobarskiy may ayının 1-dən aclığa başlayıb. Bu barədə əməkdaşımızla söhbətdə onun həyat yoldaşı bildirib. Sağlamlığının kritik həddə çatması nəticəsində artıq çarpayıdan da qalxa bilmədiyini deyən Sonya Xaliman ölkə başçısına yenidən müraciət edib. Həmin müraciəti də təqdim edirik.
Son günlər qeyri iş günü olduğu üçün Penitensiar Xidmətdən münasibət öyrənə bilmədik. Lakin söhbət insan talehindən getdiyi üçün gözləyə də bilmirik. Əgər mövqe bildirmək istəkləri olarsa dərc etməyə hazırıq.
azadliq.info