Saleh Rüstəmovun həyat yoldaşı Aynur Rüstəmova «412 min dollar» ittihamı ilə bağlı «Azadlığ»a açıqlama verdi
Baş prokurluğun açıqladığı məbləği gördükdə gözlərimə inanmadım, heyrətləndim ! Biri xəstə, biri tələbə olmaqla üç uşağın xərcini çətinliklə qarşılayan birisini AXCP-yə 412 000 dollar məbləğində pul yardımı etməkdə ittiham etmək nə qədər gülünc və cəfəng səslənir! O qədər pulu olan bir adam heç olmasa, Azərbaycanda özünə bir ev alardı, hər dəfə Vətənə gedəndə qohumların evində qalmazdı. Biz hər dəfə vətənə gedəndə qaynatamdan qalma evdə qayınlarımın ailəsi ilə bir evdə qalmalı oluruq. O qədər imkanımız olsaydı, oğlumuzun xaricdə təhsil almaq arzusu gözümüzdə qalmazdı: bu arzunu heç cür gerçəkləşdirə bilmədik və məhz, maliyyə problemləri üzündən. Əlbəttə, Saleh çox əliaçıq və xeyirxah adamdır. Onu tanıyanlar bilir ki, ehtiyacı olan hər bir adama təmənnasız kömək etməyə hazırdır. Bizim bir oğlumuz ağır xəstədir, daimi həkim nəzarəti və müalicə altındadır. Onun bu xəstəliyi də , görünür, Salehi bu cür məsələlərə münasibətdə çox həssas edib, ondan öz övladı üçün yardım istəyən onlarla adama təmənnasız yardım edib. Maddi imkanlarımız arzu etdiyimiz həyatı qurmağa heç zaman yetməyib, amma buna baxmayaraq, Saleh hər zaman ətrafdakı insanlara əlindən gəldiyi qədər yardımlar edib. Bu yardımlar 300-500 dollar da olub, bir az artıq da, bir az əskik də ola bilərdi… Yəni deməyim odur ki, onun xeyriyyəçilyi sadəcə siyasi məhbuslarla kifayətlənmir. Üstəlik, ailənin zəruri ehtiyaclarından artıq qalan bir neçə yüz dollar yardımı etmək nə bizi aclığa düçar edərdi, nə də başqalarını var-dövlət sahibi edə bilərdi. Əgər mənim həyat yoldaşım siyasi dustaqlar da daxil olmaqla başqa şəxslərə imkanı çatdığı qədər yardım edibsə, bundan ötrü onu cinayətkar elan etmək hansı qanunlara və hansı məntiqə sığışır ki ?
Nəhayət, əlavə edim ki, daimi iş yeri Moskva şəhərində olsa da, bizim yaşadığımız evlə onun iş yeri arasındakı yolu gedib- gəlmək üçün hər gün ən azı 4 saat zaman sərf edən Saleh təqdim edildiyi qədər varlı- zəngin birisi olsaydı, iş yerinə yaxınlarda bir ev alıb özünü də, ailəsini də bu əziyyətdən qurtarmaq haqqında niyə düşünməməli idi ki?