AXCP sədri Əli Kərimli rəhbərlik etdiyi partiyaya qarşı son repressiyalar, cəmiyyətin və beynəlxalq aləmin baş verənlərə reaksiyası barədə danışıb:
“Bəs deyirdilər, bizi ermənilər maliyyələşdirir?”
“Bu gün AXCP funksionerlərindən Ruslan Nəsirli və Babək Həsənovun barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilmiş apellyasiya şikayətinə baxıldı. Hər iki partiya funksioneri haqqında ağır maddələrlə cinayət işi qaldırılıb, dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Çox təəssüf ki, hər zaman şahidi olduğumuz kimi, məhkəmələr yenə formal xarakter daşıdı. Bütün qanunsuzluqlara göz yumuldu, həbs-qətimkan tədbiri qərarları qüvvədə saxlanıldı.
Son günlərdə AXCP-yə qarşı repressiyaların yeni dalğası başlayıb. Partiyanın son üç həftə ərzində on nəfər funksioneri şərlənərək həbs olunub. Onlardan üç nəfərinə inzibati həbs cəzası verilib, yeddi nəfərə qarşı isə ağır cinayətlərlə ittihamlar irəli sürülüb. Yalnız bir nəfər – Mirfeyzulla Seyidov səhhətinin olduqca ağır olmasıyla əlaqədar həbs-qətimkan tədbiri dəyişdirilib. Altı nəfər isə şərlənərək həbs olunub. Axırıncı cinayət işi – mənim də adımın keçdiyi iş bütövlükdə Xalq Cəbhəsinə qarşı quraşdırılmış təxribatdır. Saleh Rüstəmli – mənim dostum heç bir cinayət törətməyib. Yaxşı bir dost, yaxşı bir vətəndaş, Qarabağ müharibəsi veteranı kimi, bizim buradakı mübarizəmizə, mənim problemlərimə biganə qalmayıb. Mən bunu açıqlamışam, şəxsən mənə bir neçə dəfə 500-1000 dollar olmaqla, dost kimi pul göndərib. Burada nə qəbahət var? Bəs deyirdilər ermənilərdir bizi maliyyələşdirən? Bəs deyirdilər, Qərbdən qrant alırıq?
Öz dostumuzdur. Heç bir şərtsiz kömək eləyib. İndi o adamla elə rəftar eləyirlər ki, sanki erməni əsirliyindədir. 23 gündür heç bir xəbər yoxdur. Vəkillərindən imtina elətdiriblər. Onu bəhanə eləyib üç nəfər heç bir günahı olmayan partiya funksionerini də həbs eləyiblər. Birmənalı şəkildə bəyan edirəm, o adamların heç birinin – Aqil Əli Məhərrəmin, Ruslan Nəsirlinin, Babək Həsənovun heç bir təqsiri yoxdur. Əgər burada hakimiyyət çox qərəzli davransa belə, maksimum iddia edə bilər ki, Saleh Rüstəmlinin mənə göndərdiyi pul partiya üçün ianə imiş. Tutaq ki, belədir. Buna görə İnzibati Xətalar Məcəlləsində 150-500 manat cərimə var. O zaman niyə bu adamlara işgəncələr verilir? Niyə bu adamlar həftələrlə “bandotdeldə” saxlanılır, vəkilləri ilə görüşmələrinə imkan verilmir? Çünki bu bir repressiya aktıdır.
“Azərbaycan hakimiyyəti Ermənistandakı inqilabdan qorxuya düşüb”
Məqsəd nədir? Məqsəd odur ki, Azərbaycanda real müxalifət və onun strukturları sarsıdılsın. Hakimiyyət Ermənistandakı dinc, demokratik inqilabdan qorxuya düşüb. Ona görə də Ermənistanda dinc mübarizəni təşkil edə biləcək qüvvə olan, güclü strukturları olan Xalq Cəbhəsi Partiyasını əsas hədəf kimi götürüb. Onsuz da bu son repressiyaya qədər də mənim bütün müavin və müşavirlərim həbsdə idi. İndi də Rəyasət Heyətinin daha bir üzvü, Gənclər Komitəsi Ali Məclisinin sədri və Bakının 11 rayon şöbəsindən birinin sədri həbs olundu. Bu repressiyalar həm də partiyanın strukturlarını sarsıtmaq məqsədi güdürdü.
Amma mən həm rejimə, həm də bizi istəyənlərə deyə bilərəm ki, bu təxribat da məqsədinə çatmadı. 28 Mayda Novxanıda bizim tədbirimizi hər kəs izlədi. Gördülər ki, son illərin ən kütləvi, ən coşqulu bayram tədbirini keçirdik. Hansısa mərhələdə Milli Şura o qənaətə gəlsə ki, yenidən meydanlara çıxaq, mitinqlər edək, tam məsuliyyətlə deyirəm ki, əvvəlkilərdən daha böyük mitinqlər edəcəyik. AXCP sıralarında olan minlərlə fəal üzv, bizimlə eyni əqidəni paylaşan Milli Şuradakı müttəfiqlərimiz, vətəndaş cəmiyyətində bizimlə həmrəy olanlar başa düşürlər ki, bu vətəni risklərsiz, fədakarlıqlar olmadan xilas etmək mümkün deyil. Biz bilirik ki, indi çəkdiklərimiz və çəkəcəklərimiz bu millətin xilasından ötrüdür. Azərbaycan hökuməti bizə şər atıq. Onun buna heç bir haqqı yoxdur.
“Primitiv, küçə səviyyəsində ittiham edirlər”
Bütün dünya Azərbaycan hakimiyyətinin pul yumasından danışır. Konkret olaraq, “Londramat” əməliyyatına görə, ölkədən 4 milyard pul oğurlanıb. Ondan əvvəl 48 milyard oğurlayıblar. Onun izahatını verməlidirlər bizə və millətə.
İndi bizə qarşı qarayaxma kampaniyasına başlayıblar. Primitiv, küçə səviyyəsində “sən özünsən” ritorikası ilə bizi guya, pul yumaqda ittiham edirlər. Nə var ortada? İki dostun biri o birinə müəyyən qədər kömək eləyib. Yaxşı eləyib, nə var burada? Durub desinlər ki, burada cinayət var? Nə vaxtdan dostun köməyi kriminal olub?
Amma bütün dünya təsbit edir ki, siz 50 milyon avronu Avropa siyasətçilərinə rüşvət olaraq vermisiz. Bankdan köçürmüşdünüz o pulları? Qanuni şəkildə rüşvət vermişdiniz? Buradan – Müdafiq Nazirliyindən, Müdafiə Sənayesi Nazirliyindən oğurlanıb ofşorlara göndərilən milyardlar qanuni idi? Niyə onların hesabatını vermirsiz? İndi sizin hansı haqqınız var ki, müxalifət partiyasının sədrinə özünün 25 illik dostunun köməyini şişirdib, öz aləmlərində kampaniya aparırlar. Bütün televiziyaları bar-bar bağırır. Azərbaycan xalqı sizi də yaxşı tanıyır, bizi də yaxşı tanıyır.
“Bu adamların məhrumiyyətlərini, fədakarlıqlarını görmək lazımdır”
Adamlar həbsdədir, niyə onlara vəkilləri ilə görüşməyə imkan verilmir? Onların valideynləri nələr çəkir?Aqilin körpə uşaqları nələr çəkir? O adam Moskvada idi, uşaqları da orada dünyada gəlmişdi. O, 14 aprel mitinqinin təşkili üçün gəldi Azərbaycana. Ruslan Nəsirli də ölkədə deyildi. Gəlməyə bilərdi, amma gəldi və son altı ayda üç dəfə inzibati qaydada həbs olundu. Babək Həsənov vicdan məhbusu olub, olmazın əziyyətini çəkib. Cəbhəçi olduğuna görə onu evdən də məhrum eləyiblər. Çəkilə bilərdi kənara, öz həyatını düşünə bilərdi. Amma yox, kirayələrdə uşaq böyüdə-böyüdə bu millətin mübarizəsini də davam etdirir.
Xalqımız bilsin, onu sevənlər çox ağır sınaqlardan keçir. Bu insanların hamısı özünün də həyatı, ailəsi, doğmaları olan adamlardır. Amma onlar bu məhrumiyyətlərə ona görə gedirlər ki, bu millət ağ günə çıxsın.
Bizim umduğumuz bilirsiniz nədir? Heç olmasa, bunun hamı tərəfindən başa düşülməsidir. Bu adamlar sevə-sevə mübarizəyə atılıblar. İşlərini itiriblər, azadlıqlarını itiriblər, ailələrində vəziyyətləri gərgindir, uşaqlarından ayrı düşüblər… Bütün bu məhrumiyyətlərə gedirlər, amma umduqları odur ki, bu adamların haqq yolunda olduqlarını hər kəs bilsin, mənəvi, siyasi dəstəyini onlardan əsirgəməsin.
Çox təəssüf ki, Azərbaycanın müasir tarixi haqsızlıqlarla, ədalətsizliklərlə doludur. Haqqı olmayanlar başda oturublar, millətini sevənlər, əqidəlilər, cəsurlar, fədakarlar əzab çəkir. Bizim hamımızı mübarizəyə sövq edən bu haqsızlıqdır.
İnkişaf qanunauyğunluqları bütün dünya üçün bir, Azərbaycan üçün başqa cür ola bilməz. Xalq Cəbhəsinin sıxma-boğmada olduğu, repressiyaların pik dövründə bəyan edirəm, xalq hərəkatını durdura bilməyəcəksiz, Xalq Cəbhəsini sarsıda bilməyəcəksiz. Azərbaycana demokratiya gələcək. Demokratiyanı biz öz mübarizəmizlə gətirəcəyik. Siz sevinin ki. ölkədə demokratik qüvvə var və o qüvvə ölkəyə demokratiyanı demokratik yolla gətirmək istəyir. Biz olmasaq, bizim yerimizi elə qüvvələr doldurar ki, özünüz sivil müxalifəti axtararsınız.
Hər kəs bilsin, yeni bir repressiya dalğasıdır və bu dalğanı da aşacağıq. Mübarizəmizi Azərbaycanın xilasına qədər davam etdirəcəyik.
“Beynəlxalq birlik biganə deyil”
Beynəlxalq təşkilatlar, diplomatik korpus baş verənlərə biganə deyil. Mən məhkəməyə gəlməmişdən öncə ABŞ dövlət katibi müavininin müşaviri Bricit Brinklə görüşdük. O, Azərbaycana qısamüddətli səfərə gəlib, amma mənimlə də görüşdü. Biz ölkədəki vəziyyəti – son əfv fərmanını, insan haqları və demokratiyanın durumunu və təbii ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasına qarşı son repressiyaları da müzakirə etdik. Dünən Böyük Britaniya səfirliyində, həftənin birinci günü Acvropa Birliyinin Bakıdakı nümayəndəliyinə görüşlərim olub. Əlbəttə ki, Azərbaycanın problemləri Azərbaycanda həll olunur və həll olunacaq. Bu bizim özümüzün də mövqeyimizdir. Amma istəmirəm adamlarla belə təəssürat yaransın ki. hamı biganədir. Xeyr, elə deyil. Müzakirə olunur, hamı baş verənləri görür. Hamı istəyir ki, Azərbaycanda demokratiya, sərbəst toplaşma azadlığı, birləşmə azadlığı olsun, müxalifətlə düşmən kimi rəftar edilməsin. Onu deyə bilərəm ki, beynəlxalq birliyin bu mənada, mövqeyi var və son günlərdə mənimlə keçirilən intensiv görüşlərdə də buna bir daha əmin oldum.
Azadliq.info