Azərbaycan Xalq Cumhuriyyətinin parlamentli respublika forması o zaman üçün unikal hadisə idi. Tarixi təcrübə göstərir ki, parlamentli respublikalar cəmiyyətin demokratikləşməsini, ölkənin dinamik inkişafını təmin etməyə imkan verən optimal və çevik idarəetmə formasıdır.
Məşhur İsveç – Skandinaviya idarəçilik forması, eləcədə inkişaf etmiş ölkələrin təcrübəsi parlamentarizmin gücünü göstərir.
Skandinaviya ölkələri əhalisnin yüksək həyat səviyyəsinə, ən yaxşı sosial təminat sisteminə, sosial-iqtisadi inkişafına, insan hüquq və azadlıqlarının müdafiəsinə görə dünya ölkələri arasında qabaqcıl yer tuturlar.
BMT-nin hər il hazırladığı insan inkişafı indeksinə görə də Skandinaviya ölkələri liderdilər və uzun illərdir ki, insan inkişafı indeksinə görə dünya ölkələri arasında birinci onluğa daxil olurlar.
Ümumiyyətlə, Skandinaviya ölkələri yüksək inkişafın müxtəlif parametrlərinin xarakterizə edən göstəricilərə görə analitik mərkəzlər tərəfindən yüksək qiymətləndirilir və müvafiq reytinqlərdə öncüllüyə layiq görülürlər.
Skandinaviya ölkələri inkişaf etmiş ölkələr kateqoriyasındadır və elmi-siyasi ədəbiyyatlarda İsveç və ya Skandinaviya modeli kimi xarakterizə olunur.
Skandinaviya ölkələrinin iqtisadi, sosial siyasətinin əsasını sosial – demokratik dəyərlər təşkil edir və bazar iqtisadiyyatında sosiallaşma səviyyəsi yüksəkdir. Eyni zamanda sosial sahənin yüksək səviyyədə tənzimlənməsi ilə fərqlənir, sosial vasitələrin bütöv bir sistemi mövcüddur. Həmin sistem əhalinin normal həyat səviyyəsini təmin edir.
Hesab etmək olar ki, Skandinaviya modelinin nailiyyətlərinin mənbəyi və təminatı onların parlament idarəçiliyidir. Parlamentarizim sistemi və bunun əsasında formalaşan siyasi mədəniyyət Skandinaviya ölkələrinin yüksək inkişafının təminatçısı kimi çıxış edir. Skandinaviya ölkələrinin parlamentləri dörd il müddətinə seçilir, parlamentlərdə bir qayda olaraq çox partiyalar təmsil olunur, partiyalar koalisyon hökmət yaradırlar. Buna baxmayaraq, hökumətlərin stabilliyi Skandinaviya ölkələri üçün xarakterikdir. Skandinaviya ölkələrində seçki hüququnun demokratik prinsiplərinin formalaşması seçki siteminin demokratikləşməsi ilə paralel getmişdir. Əvvəlcə bu majoritar sistemin proporsional sisteminə keçilməsində ifadə olunmuşdur. Həmin proses İsveçdə 1909-cu ildə, Norveçdə 1919-cu ildə, Danimarkada 1920-cu ildə baş vermişdir. Sonradan isə proporsionol sistem daha da təkmilləşmişdir.
Əlbəətə, bu sistemində özünəməxsus problemləri, çətinlikləri yaranır, lakin siyasi sistemin dinamizmi yaranmış problemlərin və çətinliklərin vaxtında aradan qaldırılmasına imkan verir.
Bir faktı da qeyd etmək zəruridir ki, dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətinin idarəçilik forması parlamentli respublikadır. Bu da həmin idarəçilik formasının üstünlüklərinin göstəricisidir. Parlamentli respublikalarda hətta tez-tez baş verən hökumət böhranları da (məsələn, bu yaxınlarda Almanyada, İtaliyada hökümətin formalaşmasında) həmin ölkələrin sosial – iqtisadi inkişafını ləngitmir.
Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci ildə parlamentli respublika formasında yaranması da tarixilik və müasirlik baxımından çox maraqlı hadisədir. SSRİ dağıldıqdan sonra keçmiş respublikalarda keçid dövrü kimi prezidentli respublikalar idarəçiliyi yarandı. Və sonradan bir sıra republikalarda artıq parlamentli idarəçiliyinə keçid başladı. Fikrimizcə, parlamentli respublikaya keçid tarixilik və müasirlik baxımından məqsədə uyğundur, cəmiyyətimizin üzvləri tərəfindən səsləndirilən bu fikirlər də inkişaf tendensiyalarının məntiqini ifadə edir.