Onun “Bandotdel”də olduğu təsdiqlənib
Dünən – iyunun 4-də saat 17.00 radələrində oğurlanan hüquqşünas Enim Aslanın yeri bu gün axşamüstü bəlli olub. Gəncin DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlandığı bildirilib. Onun vəkili Elçin Sadıqov bildirib ki, Nərimanov Rayon Məhkəməsi Emin Aslan barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati materiala baxıb və ona 30 sutka inzibati həbs tənbeh növündə cəza təyin edib. Prosesə hakim Rəşad Abdulov sədrlik edib.
Xatırladaq ki, Emin Aslan ABŞ-da hüquq təhsilini başa vuraraq Bakıya qayıdandan 3 gün sonra oğurlanıb. Onun həbs edildiyi bilinsə də, yerini müyyənləşdirmək mümkün olmayıb. İctimai fəalların bu istiqamətdə axtarışları nəticə verməyib.
Emin Aslanın faktiki oğurluq səviyyəsində həbsinə geniş ictimai etiraz olub. Sosial şəbəkədə onun həbsi pislənilib, harada saxlandığına rəsmi aydınlıq gətirilməsi tələbilə çağırışlar olub.