Əli Kərimli
AXCP sədri
Düz 25 il bundan öncə xalq tərəfindən seçilmiş, demokratik Əbülfəz Elçibəy hakimiyyətinə qarşı qiyam başlandı. Elçibəy hakimiyyətinə qarşı bütün anti-milli qüvvələr birləşmişdi. Bu birlikdə Azərbaycanın müstəqil və demokratik olmasını istəməyən xarici qüvvələr də, həmin dövlətlərin Azərbaycandakı agentura şəbəkəsi də, keçmiş kommunistlər də, itirdikləri hakimiyyəti geri almaq istəyən tayfa-klan mənsubları da, hakimiyyət hərisləri də, Elçibəy hakimiyyətindən qisas almaq istəyənlər də, sadəcə kəmfürsətlər də var idi. Xalqın geniş təbəqələri isə nə baş verdiyinin fərqində deyildi. Hansı ki, məhz o günlərdə indiki bəlalarımızın kökü qoyuldu. Qiyamçılar qalib gəldi. Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Sonra isə xalqımız son 25 ildə şahidi, iştirakçısı olduğumuz bəlaları yaşadı:
– Ermənilərlə savaşın ön cəbhəsində olan 33 könüllü batalyon “AXC batalyonu” adı altında ləğv edildi. Düşmən müdafiəsiz qalmış 6 rayonumuzu bir-birinin ardınca asanlıqla işğal etdi.
– Qarabağ qazilərinə qarşı elan olunmamış savaş başlandı. Əvvəlcə OMON-çulara, sonra Qarabağ Əlilləri Cəmiyyətinə divan tutuldu. Yüzlərlə Qarabağ qazisi, döyüşçüsü müxtəlif bəhanələrlə həbs edildi. Minlərlə, bəlkə də 10 minlərlə veteran ölkədən didərgin düşdü, onlarla Qarabağ qazisi çarəsizlikdən intihar etdi.
– Ölkə iqtisadiyyatı qiyamda qalib gəlmiş cinayətkar dəstə arasında bölüşdürüldü. Sovetlərdən qalma 10 minlərlə müəssisə, zavod, fabrik, daşınmaz əmlak “su qiymətinə” özəlləşmə adı ilə ələ keçirildi.
– Xarici ölkələrlə imzalanmaq üçün hazırlanmış neft müqaviləsinin şərtləri Azərbaycanın əleyhinə dəyişdirildi.
– Neft gəlirlərinin mütləq əksəriyyəti oğurlandı, 10 milyardlarla dollar pul ofşor hesablara yatızdırıldı.
– Ölkə iqtisadiyyatı tam olaraq (ölkə bankları, sənaye müəssisəsi şəbəkələri, otellər şəbəkəsi, aqroholdinqlər, tikinti, özəl səhiyyə xidmətləri, ticarət və s.) İlham Əliyev ailəsi və ətrafındakı oliqarxların əlinə keçdi.
– Dözülməz sosial-siyasi səbəblərdən milyonlarla insan ölkəmizi tərk etdi.
– Xalqın içindən ən peşəkar oğrular, savadsızlar, yaltaqlar seçilib, vəzifələrə irəli çəkildi. Əsl ziyalılar, peşəkarlar, haqqsevərlər, demokratiya və ədalət mübarizəsi aparanların nəsibi kasıblıq, işsizlik, həbsxana oldu.
– Ölkəmizi dünyada korrupsiya çempionluğuna, siyasi məhbusların çoxluğuna, seçkilərin saxtalaşdırılmasına, mətbuat azadlığının olmamasına görə tanıtdırdılar.
– Səhiyyə, təhsil, mədəniyyət, sosial müdafiə sistemi dağıdıldı, işsizlik, yoxsulluq artdı. Paralel olaraq da varlılar daha da varlandı, kasıblar daha kasıblaşdı, təbəqələşmə dərinləşdi. Cəmiyyət param-parça edildi, mənəvi, əxlaqi dəyərlər ayaqlandı, qarşılıqlı kin və nifrət körükləndi…
İstəsəniz, ardını siz də yazın və birlikdə bir daha xatırlayaq ki, 1993-cü ilin 4 iyununda Gəncədə başlanmış və Heydər Əliyev tərəfindən dəstəklənmiş qiyamın gerçək nəticələri nədən ibarətdir.