Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin ediləcək. Bununla bağlı AŞPA Bürosunun bu gün, iyunun 6-da keçirilmiş iclasında qərar qəbul olunub.
AXCP sədri Əli Kərimli bu qərarı Azərbaycan hakimiyyətinin yanlış siyasəti səbəbindən cəzalandırılması kimi qiymətləndirib və bunun ölkədə siyasi məhbus probleminin həllinə müsbət təsir edəcəyinə bildirib. AXCP sədri qərarı feysbuk səhifəsində dəyərləndirib:
AŞ PA bürosu qərarını verdi. AŞ PA-nın iyun sessiyasında Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçi təyin olunacaq. Həyatda çox vaxt belə olur. Bəzən problemlər kulminasiyaya – pik həddə çatmalı olur ki, sonra onların həlli mərhələsi başlansın. Rejim başqa yolla da gedə, vaxtaşırı siyasi məhbusların bir hissəsini azad etməklə siyasi məhbuslar üzrə məruzəçinin təyinindən və sanksiyalardan yayına bilərdi. Ancaq təkəbbür, kin və qəddarlıq üzərində qurulan siyasət əlbəttə ki, bir gün iflas edəcəkdi. Bilirəm ki, xeyliniz AŞ PA kimi qurumların fəaliyyətinə artıq inanmırsınız, haqqınız da var. Ancaq əmin olun ki, siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin olunması və sanksiyalar mövzusuna qayıdış siyasi məhbusların azad edilməsini sürətləndirəcək.