İlham Hüseyn
Bu ölkədə baş verənlərin hamısının bizə təsiri var. Siyasətə qarışanların başına gətirilənlərin siyasətə qarışmayanlara da təsiri var. Mübarizəsinə görə işgəncəyə məruz qalanların “başını aşağı salıb yaşayanlara” da təsiri var.
Hamı özünə sual versin, ümumi vəziyyəti analiz etməyə çalışsın. Günahsız adamlara zülm edilməsinə, ölkənin talan olunmasına, dəyərlərin sıradan çıxarılmasına susuruqsa, deməli, bizə də təsir ediblər. Deməli, bizi də susqunluğa yuvarlamaqla həbs ediblər. Deməli, bizi də qorxumuza təslim etdirməklə işgəncəyə məruz qoyublar. Əslində, avtoritarizm həbsdəki mübarizə adamlarından, bütün məhrumiyyətləri gözə alaraq zülmə etiraz edənlərdən daha çox susqunlara zərbə vurub. Çünki mübarizə adamları onlardan “elastik fiqur” düzəldilməsinə razı olmayıb, şərin qəlibinə girməyə üsyan edib və öz insanlığını, vətəndaşlığını qorumağa çalışıb. Böyük çoxluq isə susqunluğu həyat tərzinə çevirməklə, ədalətsizliklərə göz yummaqla ən böyük zərbəni alıb. Axı, normal ölkədə vətəndaş susqunluğun yox, dirənişin, tələbkarlığın, etirazın, qürurun nümunəsi olmalıdır. Əgər biz belə deyiliksə, deməli, bizdən “lazımsız məmulatlar” düzəldiblər.
Düşünün, uzun illərdi sərgilədiyimiz laqeydlik, susqunluq, qeyri-vətəndaş mövqeyi bizə nə verib? Xəstəlik, savadsızlıq, hüquqsuzluq, səfalət, intihar, dərd və s.
Bəli, uzun illərdi bizdən istədiklərini düzəldirlər və bu “quruculuq” işi davam etdirilir. Biz mənfəətimiz üçün deyil, məğlubiyyətimiz üçün susuruq.
Bütün susqunlar özünə sual versin: Məndən nə düzəldirlər? Sonra özümüzə ikinci sualı verək: Mən necə olmalıyam?
Yalanların toz-torpağından silkələnib xilas olmalıyıq. Başımızı aşağı salıb gəzməyə davam etsək, o başa çox daşlar dəyəcək. Həm də o baş aşağı salmaq üçün yox, yuxarı baxmaq üçün verilib.