İlham Hüseyn
Azərbaycanda həyat davam edir. Dünyanın hər yerində olduğu kimi, günəş özünü göstərir, ay axşamlar boylanır, fəsillər bir-birini əvəz edir, hava qəbul etmək mümkündür, dükanda çörək satılır və s. 25 ildir Azərbaycan insanına inandırmaq istəyiblər ki, bunlara şükr etmək, bunlarla kifayətlənmək lazımdı. Ölkə vətəndaşının beyninə yeridiblər ki, yerin dərinliyindən çıxan neft də, dükanda 3 növ çörəyin satılması da, havanın xoş keçməsi də uzaqgörən siyasətin nəticəsidir. Hətta fantaziya o həddə çatıb ki, Ermənistan xalqının ayaqlanmasını da Azərbaycan hakimiyyətinin qələbəsi, diplomatik uğuru kimi təqdim etməkdən çəkinmirlər.
Ən pisi də budur ki, hökumət xalqın beyninin “format” olunduğuna əmin olub və buna görə asanlıqla “qatıq qaradır” təbliğatı apara bilir.
Amma maraqlı olan başqa məqam da var. Bu ölkənin adamları harasa tələsir. Kimisi avtobusa çatmağa, kimisi görüşə, kimisi işə, kimisi də çayxanada domino oynamağa tələsir. Amma bu ölkənin adamları hər gün lazım olan yerə gecikirlər. Ətrafımızda hərəkət edən adamların əsas yerə tələsməməsi insanı dəhşətə gətirir. Biz xalq olaraq azadlığa, şəffaflığa, demokratiyaya, müsbət dəyişikliklərə tələsməliyik. Əks halda, vaxtında minə bildiyimiz avtobus da, vaxtında çatdığımız iş yerimiz də heç nəyi dəyişməyəcək. Biz harasa vaxtında çatdığımıza görə sevinə bilərik. Amma gecikdiyimiz bir yer var ki, bu gecikmə taleyimiz bahasına başa gəlir.
Bəli, biz 25 ildir lazım olmayan hər yerə tələsirik. Bir seriala diqqətlə baxmağı bu ölkəyə diqqətlə baxmaqdan üstün tutmuşuq. Qaranlıq keçmişə tələsdiyimizə görə işıqlı sabaha gecikmişik. Bizə inandırıblar ki, xalqın mənfəəti mədəsi boyda olmalıdır.
İndi yalnız bir çıxış yolu var. Hamılıqla bugünə qədər gecikdiyimiz yerə tələsməliyik. Tələsməliyik ki, bizi uzun illər gecikdirənlər bu dəfə gecikdiklərini qəbul etsinlər.