AXCP sədrinin həbsdəki müşaviri Məmməd İbrahimin gözündə problem ciddi olaraq qalır. Oğlu Turan İbrahim Azadlıq Radiosuna deyib ki, atasının sağ gözündə ciddi problem var, görmür. Penitensiar Xidmətin həkimləri onu müayinə ediblər, lakin ciddi yoxlama olmayıb.
“Atam deyir ki, normal baxmırlar. Gözü görmür, həkimlər cihaz-falanla yox, əlləri ilə yoxlayıblar. Ona dərman yazıblar, amma problem keçmir”.
T.İbrahimin sözlərinə görə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi onlara deyib ki, başqa həkim gəlib, atasını müayinə edə bilər
“İndi çalışırıq ki, həkim tapaq. Bundan sonra vəkili gərəkli müraciətləri edəcək ki, həkim onu müayinə edə bilsin”.
T.İbrahim bir həftə öncə isə bildirmişdi ki, atasının xəstə gözündən qara su gəlir: “Həkimlərlə məsləhətləşmələr apardıq. Buna qlükoma (göz təzyiqi-red.) xəstəliyi deyilir. Yüksək müalicə ala bilmədiyi halda sağ gözünün korluğuna səbəb ola bilər”.