Qubad İbadoğlu, ADR Hərəkatının sədri
Öncədən qeyd edim ki, ADR Hərəkatı olaraq insan həyatına sui-qəsdin əleyhinəyik və Gəncədə Elmar Vəliyev güllələnməsini düşdüyümüz vəziyyətdən çıxış yolu hesab etmirik. Lakin, baş vermiş hadisənin işıq fəlakətindən də çox ictimai rezonans dogurmasını nəzərə alıb, aşağıdakı fikirlərimi sizinlə bölüşmək istərdim.
Birincisi, bu hadisəyə münasibətdə formalaşmış ictimai mövqe diqqətdən kənarda qala bilməz. Bu hadisə kifayət qədər humanist və mərhəmətli olan xalqımızın Elmar Vəliyevə, onun timsalında da hazırkı hakimiyyətin yüksək səviyyəli məmurlarına nə qədər nifrəti olduğunu nümayiş etdirdi. Bunu yalnız Elmar Vəliyevin şər əməlləri, Gəncədə azadlıqları kəskin şəkildə məhdudlaşdırması ilə deyil, həm də mövcud hakimiyyətə xidmət etməsi ilə əlaqələndirmək olar. Belə ki, hökumət və parlament təmsilçilərindən savayı bir nəfər də olsun Elmar Vəliyevə şəfa diləyənlə rastlaşa bilmədim, əskinə, Yunisi qəhrəman elan edən minlərlə vətəndaş rəyi ilə qarşılaşdım.
Həqiqətən də Azərbaycanda Gəncə şəhərindəki qədər azadlıqların və hüquqların məhdudlaşdırıldığı, sakinlərinin uzun müddətdir ki, təzyiq, təhqir və həqarət altında yaşadığı ikinci bir şəhər tapmaq olmaz. Belə vəziyyətin yaranmasında Elmar Vəliyevin sərt idarəetmə üsulu əhəmiyyətli rol oynamış və bu şəhərdə yerli hakimiyyət orqanları ilə sakinlər arasında münasibətin gərğinliyi getdikcə şiddətlənmişdi.
İkincisi, bu hadisənin islam dini ilə və sui-qəsd sifarişinin xarici qüvvələrlə əlaqələndirilməsini və bundan istifadə edərək yenidən islamçılara qarşı represiyalara start verilməsini siyasi məqsədlə edildiyinin qənaətindəyəm. Əslində, hakimiyyət bununla diqqəti vətəndaş və məmur qarşıdurmasından radikal dini qüvvələrin hakimiyyətə iddiası müstəvisinə gətirmək istəyir. Bununla da hadisənin sosial mahiyyətini arxa plana keçirərək dini qüvvələri hakimiyyət üçün əsas təhlükə mənbəyi kimi təqdim edir.
Üçüncüsü, hadisəyə münasibətdə hüquq-mühafizə orqanlarının tutduğu mövqe birmənalı şəkildə pislənməlidir. Həqiqətən də işgəncəni əks etdirən Yunisin fotolarının əvvəlcə məqsədli şəkildə ictimailəşdirilib əhalidə qorxu yaratmaq istəyi əks-effekt verdiyindən, sonradan Yunisin qrimlənib çıxarıldığı video müsahibəsində təzyiq faktlarını inkar etməsi əksəriyyət üçün inandırıcı görsənmədi.
Dördüncüsü, Elmar Vəliyevin baş prokurorun müavini vəzifəsini daşıyan qardaşının mətbuata verdiyi açıqlamasında Yunisi radikal dini qüvvələrlə və xarici xidmət orqanları ilə birbaşa əlaqələndirilməsi istintaqa təzyiq kimi qiymətləndirilməlidir.
Nəhayət, Elmar Vəliyevin sağlamlığı ətrafında yayılan şayiələr bu sahədə informasiyanın idarə olunmaması, həqiqətin yenə də xalqdan gizlədilməsi kimi dəyərləndirilməlidir. İstənilən halda allah şəfa versin, tez sağalsın.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb.