AXCP Şəki şöbəsinin keçmiş sədri, partiya fəalı Rauf Əbdürrəhmanlı iyulun 13-də 30 sutka inzibati həbs cəzasını başa vuraraq, azadlığa çıxıb. Onu bir ay qabaq Bakıda qaldığı evdə həbs edərək, Şəkiyə aparmış, orada məhkəmə qərarı ilə inzibati həbsə məhkum etmişdilər.
R.Əbdürrəhmanlı başına gələnlər barədə məlumat paylaşaraq bildirib ki, onu 1 ay qabaq Bakıda qızdırmalı vəziyyətdə saxlayıb, Şəkiyə aparıblar. O, qeyd edib ki, gecə saat 2 radələrində mülki geyimli polislər qaldığı evə gəlib və onu özləri ilə apararaq, gecə saat 4 radələrində Şəki polislərinə təhvil veriblər.
Özünün bildirdiyinə görə, Şəki polisində ona deyilib ki, barəsində silah və oğurluq ittihamları ilə cinayət işi açılıb. Dindirmə zamanı R.Əbdürrəhmanlı ilə polis əməkdaşları arasında yüngül mübahisə yaranıb. Bundan sonra onu Şəki məhkəməsinə aparıb, barəsində 30 sutka inzibati həbs qərarı çıxarıblar.
R.Əbdürrahmanlı qeyd edir ki, inzibati həbsdən çıxdıqdan sonra da polis şöbəsində istintaq bitənə qədər yaşadığı yeri tərk etməyəcəyi haqda iltizama qol çəkib.
AXCP fəalı inzibati həbs dövründə hər hansı pis rəftara, zorakılığa məruz qalmadığını bildirib.
azadliq.info