Gəncə hadisələrinə görə daha 2 saytın rəhbərliyinə qarşı cinayət işi açılıb. Bunlar “gununsesi.info” və “teref.info” saytlarıdır. Bu saytlar qəsdən yalan məlumat yaymaqda ittiham olunurlar.
Eyni iş üzrə istintaqa cəlb olunan “bastainfo.com” saytının əməkdaşları Rüfət Baxışbəyli, Könül Alı və Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Tural Hacıbəyli də iyulun 14-də Bakı Şəhər Prokurorluğunda şahid qismində dindiriliblər. Onlardan “bastainfo.com” saytına qarşı açılan cinayət işi ilə bağlı ifadə alınıb.
Bu arada Gəncədəki 10 iyul gərginliyinə görə yeni həbslərin aparıldığı haqda rəsmi məluma yayılıb. Məlumatda Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxsin Azərbaycan-Rusiya sərhədini Qusar rayonu ərazisindən, 1 nəfərin isə Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanıldığı deyilir.
Məlumatda həbs edilən şəxslərdən üçünün adı açıqlanıb – Akif Əliyev, Seymur Əliyev və Elman Rüstəmov.
azadliq.info