Bir qrup hüquq müdafiəçisini birləşdirən “Ədalət naminə həmrəylik” komitəsinin üzvləri son günlərdə Gəncədə baş verənlərlə bağlı cəmiyyətə “doğru-dürüst məlumat verilməsini” tələb edirlər. Onlar bununla bağlı ölkə başçısına müraciət ünvanlayıblar.
“Azərbaycanda baş verən sadə bir kriminal hadisəni dövlət götürüb, bu boyda böyüdüb repressiya alətinə çevirməməlidir, işgəncə aparatı işə salınmamalıdır. Biz bundan narahatıq”. Bunu “Siyasi Məhbusların Müdafiə Mərkəzi”nin üzvü Əvəz Zeynallı çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib.
Əvəz Zeynallı deyib, Gəncədə məmur özbaşınalığı barədə mətbuatda uzun müddətdir ki, yazılar gedir: “Yerlərdə baş verən hadisələri araşdırmaq əvəzinə qonşu ölkələri günahlandırırlar. İdarəetmə düzəlməli, Azərbaycan xalqına xidmət olunmalıdır”.
Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin fikrincə, ölkədə baş verən son hadisələr zamanı media “iflic vəziyyətə” düşüb: “Bu gün informasiya mənbəyi media deyil, sosial şəbəkələrdir ki, oradan da informasiyanı təqib etmək, dəqiqləşdirmək mümkün deyil. Sosial şəbəkələrdə bu məlumatları yayan şəxslərin işi budur və onların hər hansı məlumata görə təqibi yolverilməzdir.”
Onun sözlərinə görə, 3 iyul hadisəsindən sonra ictimai reaksiya göstərdi ki, “əksər halda cəmiyyət Elmar Vəliyevin fəaliyyətini pisləyir”. Mehman Əliyev hesab edir ki, bu reaksiya “kimsə tərəfindən hazırlanmamışdı”, bu, “cəmiyyətin verdiyi qiymət idi”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu düşünür ki, Mingəçevir İES-də qəza zamanı ölkənin elektriksiz qalması təhlükəsizlik məsələsini qabardıb.
Novella Cəfəroğlu hesab edir ki, ölkədə işsizlik var və bu da bir çox problemlərə, o cümlədən, regionlarda narkomaniyanın yayılmasına yol açır: “Mediayla dialoq olmasa, hökumət irəli getməyəcək. Prezident vətəndaş cəmiyyəti ilə görüşməlidir ki, biz də öz dərdimizi ona deyə bilək. Azərbaycanda vətəndaş cəmiyyəti inqilab edə bilməz. Hakimiyyət addım atmalıdır”.
Hüquq müdafiəçisi onu da vurğulayb ki, “siyasi məhbus” kimi tanınan ictimai və siyasi fəallar azadlığa buraxılmalıdırlar.
Hüquq Müdafiəçisi Səadət Bənənyarlı isə bildirib ki, “məmurların xalqa münasibəti dəyişməlidir”. O deyir ki, “xalqın səsinin eşidilməsinə ehtiyac var ki, məmurlar öz davranışlarını düzəltsinlər”.
Hüquq müdafiəçisi Səidə Qocamanlının fikrincə, son zamanlar baş verənlər “vətəndaşlar və dövlət üçün test” olub.
Səidə Qocamanlı hesab edir ki, məmurlar vətəndaşa, vətəndaş cəmiyyətinə “yuxarıdan aşağı baxmağa davam etsələr, vəziyyət yaxşılaşmayacaq.”
Hüquq müdafiəçisi Arzu Abdullayeva deyir, onlar 2012-ci ildə Gəncədə dindarları mitinqi ilə bir neçə gün əvvəl baş vermiş hadisələri müqayisə ediblər: “Bu ikisinin arasında zərrə qədər oxşarlıq yoxdur. Həmin mitinqdəki adamların davranışı ilə indiki arasında ciddi fərq var. Ayrı vaxt mitinqlərdə polis iştirakçıdan çox olur. Necə oldu ki, orda polis öldürüldü? Belə bir mitinqin təşkili belə bir vaxtda kimə lazım idi? Kİm dayanır bunun arxasında?”, o əlavə edir.
“Ədalət naminə həmrəylik” komitəsinin üzvləri İlham Əliyevə ünvanladıqları müraciətdə Mingəçevirdə “enerji böhranının” ardınca Gəncə hadisələrinin baş verməsi ilə bağlı narahatlıqlarını bildirirlər.
Onlar vurğulayırlar ki, əhaliyə vaxtında məlumat verilməməsi, “Yunus Səfərovun işgəncə əlamətləri olan fotosunun yayılması”, deputatların və yüksək vəzifəli məmurların bəyanatları “əsassız və narahatlıq doğuran şaiyələrə əsas verib”.
Müraciət müəllifləri yazırlar ki, dövlət cinayətkarları cəzalandırmalıdır, amma buna gətirib çıxaran səbəblər də arşdırılmalıdır: “Təkcə Gəncədə deyil, bir çox digər şəhərlərdə və rayonlarda icra hakimiyyəti başçıları insanlarla pis davranır. Buna son qoyulmalıdır, hakimiyyət xalqa güzəştə getməlidir”.
Komitə üzvləri vurğulayırlar ki, dövlət vətəndaşları, jurnalistləri, gənc fəalları “təqib etməli və cəzalandırmalı deyil, sosial narazılığın səbəblərini araşdırmalıdır”.
Müəlliflər azad medianın və müstəqil vətəndaş cəmiyyətinin qarşılaşdığı problemləri qeyd edirlər: “Axı müstəqil medianın və vətəndaş cəmiyyətinin sizə yardımdan başqa nə təhlükəsi ola bilər ki?” deyə vurğulayırlar.
Komitə üzvləri müaricətlərində ümid edirlər ki, ölkə başçısı “Azərbaycan cəmiyyəti ilə böyük dialoq və məsləhətləşmə yolunun açılması üçün lazım olan tapşırıq və sərəncamlar” verəcək.