Xəbər verildiyi kimi, 06.08.2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nəzdində Elektron Təhlükəsizlik Xidməti az24saat.org saytına girişin məhdudlaşdırılması üçün Sabail rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Vəkil Zibeydə Sadıqovanın verdiyi məlumata görə, hakim Şahin Abdullayevin sədrliyi ilə 07.08.2018-ci il tarix 14:00-da keçirilən ilkin məhkəmə iclasında sayta girişin məhdudlaşdırılması ilə bağlı qərar qəbul olunub.
Z. Sadıqova əlavə olaraq qeyd edib ki, məhkəmə etirazın hazırlanması üçün əlavə vaxtın verilməsinə dair vəsadəti təmin etməyib. Qərarın sayta 3 gün sonra təqdim olunacağı bildirilib.
Xatırladaq ki, 06 avqust 2018-ci il tarixində saat 00:15-ə 24saat.org saytının elektron poçtuna Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanov tərəfindən xəbərdarlıq daxil olub. Xəbərdarlıqda prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazının 8 saat ərzində silinməsi tələb edilib. Baş redaktor bildirir ki, tələb qanunsuz və anlaşılmaz olduğu üçün yazılar silinməyib: “Çünki xəbərdarlıqda yazıların “az24saat.org.az” domenli saytdan siinməsi tələb edilir. Sözügedən saytın isə mənə aiddiyatı yoxdur. Çünki bizim saytımız “az24saat.org” saytıdır. Bu səbəbdən, xəbərdarlıqda qeyd edilən – “Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər”, “Mətbuat şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi”, “İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR?” və “APA-nı kim, niyə bağladı?” başlıqlı məqalələr saytdan silinmədi. Xəbərdarlıqda böhtan, yalan və qərəzli ifadələrə yol verildiyi iddia edilsə də, sözügedən yazılar informasiya və analiz xarakterli məqalələrdir”.
Saytın baş redaktoru Vüqar Qurdqanlı qeyd edir ki, 06 avqust axşam saatlarında telefonuna məhkəmə ilə bağlı bildiriş daxil olub və bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müraciətinə baxılacaq.
Baş redaktor əlavə edib ki, “24saat.org” saytının əsas domen adı olan “www.24saat.org” 5 may 2017-ci il tarixində heç bir xəbərdarlıq olmadan Azərbaycan ərazsinində bloklanıb. Buna səbəb həmin ərəfədə Azərbaycan ərazisində bloklanan meydan.tv, azadliq.info. azadliq.org və digər saytların bütün xəbərlərini istisnasız olaraq təkrar yaymağımız olub.
Sözügedən domen bloklandığı üçün sayt bir neçə vaxtdır “Az24saat.org” domen adı ilə fəaliyyət göstərir.
Qeyd edək ki, indiyədək Azərbaycanda məhkəmə qərarı ilə bloklanan internet resursları aşağıdakılardır:
2017-ci ilin mayın 12-də isə Səbail rayon Məhkəməsinin qərarıyla AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.
Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.
Yada salaq ki, 2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.
(az24saat.org)