Avqustun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə AXCP üzvü Orxan Baxışlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə gənc fəalın özü və vəkili Elçin Sadıqov da iştirak ediblər.
Qeyd edək ki, ötən prosesdə olduğu kimi məhkəmə zalına məhdud sayda insanlar buraxılıb, məhkəmədə iştirak etmək istəyənlər, eləcə də media nümayəndələrinin zala keçməsinə əsassız olaraq imkan verilməyib.
Zala dəvət olunan şahid Namiq Mirzəyev əməliyyat qurulduğunu və rəisin onu çağıraraq Bakı Baş Polis İdarəsinin əməkdaşları ilə Cavid parkına getdiyini, yalnız o zaman Orxan Baxışlını gördüyünü dedi:
“Orxanı ilk əvvəl 26-cı polis bölməsinə apardıq.Lakin sonra öz sahəmiz olmadığı üçün oradan 28-ci polis bölməsinə gətirdik. Buna səbəbi də odur ki, 6 aydır işə götürülmüşəm, ərazinin hara olduğunu dəqiq bilmirdim.”
Vəkil Elçin Sadıqov bu məqamı şahiddən soruşdu, Mirzəyev də yolun bir tərəfinin 26-cı bölməyə, o biri tərəfinin də 28-ci bölməyə aid olduğunu dedi.
Daha sonra Orxan Baxışlı bildirdi ki, onu tutanda yox, polis idarəsinə gətirəndə yoxlayıblar və kurtkasının sol cibinin yanında cırıq deşik müşahidə ediblər və oradan narkotik maddə tapılıb:
“Necə ola bilər ki, mənim cibimdə narkotik maddə ola, mən onu 3 saat içində bir yolunu tapıb onu ata bilməyim? Ən azı, tualetə gedib orada atardım.”
Digər şahidlərin məzuniyyətdə olduqları bildirilib və hakim M.Ağalarov növbəti prosesin sentyabrın 6-da davam edəcəyini elan edib.
Xatırladaq ki, AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Bakıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbsqətimkan tədbiri seçib. Orxan Baxışlı Milli Şuranın 31 martda keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi. (rakurs.tv)