Türkel Azərtürk (Turan TV)
Bacanağım Emin Saqiyev vəkilləri vasitəsi ilə hökumətə müraciət edib. O, təkrarən məni nişanımdan və toyumdan başqa heç yerdə görmədiyini, ondan sonrakı vaxtlarda da heç bir formada mənimlə münasibət qurmadığını xatırladaraq, qeyd edib ki, məni Türkelə bağlayan təkcə uzaq qohumluq əlaqəmdir.
“Mən heç vaxt Türkellə eyni mövqeni bölüşməmişəm, heç bir halda onunla hökumət əleyhinə fəaliyyətdə iştirak etməmişəm. Əgər məni təkcə onun bacanağı olduğum üçün bu qədər ağır şəkildə cəzalandırırlarsa, onda gərək mən onunla ümumiyyətlə uzaq da olsa qohumluq əlaqələrimin olmaması üçün bu gün həyat yoldaşımdan da ayrılım. Əgər hər şey sizin üçün rəsmiyyətdirsə, onda mən bu rəsmiyyətə günü bu gündən son verirəm. Amma mənim iki azyaşlı uşağım var, onlardan heç bir halda imtina edə bilmərəm və onlar bu gün haqq etmədikləri halda atasız, min bir əziyyətlə böyüməyə məhkum edilirlər. Bu, nə qədər vicdanlı davranışdır? Mən artıq dərəcədə xahiş edirəm, məni etmədiyim bir cinayətə görə 8 il azadlıqdan məhrum edib, həm mənim, həm də mənim iki körpəmin həyatını məhv etməyin. Mənim bu gün bəraət tələb etməyimin iki səbəbi var. Birincisi, mən etmədiyim bir cinayətə görə, haqsız yerə ittiham edilirəm və ona görə də düşünürəm ki, azadlıq mənim ən təbii haqqımdır. İkincisi, mən azadlığa çıxıb, lap kənardan da olsa, bir ata kimi uşaqlarıma yardım etmək, ata kimi onların borcundan çıxmaq istəyirəm. Baxın, “Bandotdel”də mənə açıqca deyirdilər ki, “Sən bizi aldadırsan. Sənin necə Türkellə əlaqən yoxdur ki, sən noyabr ayının birində Türkeli ata olmağı münasibəti ilə təbrik etmisən”. Bu nə deməkdir axı? Adam nəinki qohumunu, hətta ən əclaf qonşusunu da övladı olanda təbrik edir. Bu, məgər cinayət tərkibi yaradırmı? Ya da bu mənim Türkellə yaxın münasibətimin olmasına dəlalət edirmi? Bu haqsızlığı nə Allah götürər, nə də bəndə. Məncə həm bu həbsi sifariş edənlər, həm də bu sifarişi yerinə yetirməli olan adamlar hökmə qədər bir daha düşünsünlər. Günahsız insanların, onların ailələrinin 3-cü dərəcəli qohumlara görə həyatının məhv edilməsi ədalət sayıla bilərmi”?