Jurnalist Araşdırma Mərkəzinin və jam.az saytının həbsdə olan rəhbəri Fikrət Fərəməzoğlunun cəzası bir il azaldılaraq, 6 ilə endirilib. Sentyabrın 26-da Ali Məhkəmədə Hafiz Nəsibovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.
Kassasiya şikayətinə jurnalistin özünün iştirakı olmadan baxılıb. Vəkili Elçin Sadıqov çıxışında deyib ki, F.Fərəməzoğluna verilən hədə-qorxu ilə tələbetmə ittihamı əsassızdır. Vəkil bildirib ki, istintaq zamanı saxtakarlığa yol verilib, jurnalistin əleyhinə olan protokollara onun adından imza atılıb. F.Fərəməzoğlunun həbs olunduqdan sonra işgəncəyə məruz qaldığını deyən müdafiəçi çıxışının sonunda onun haqqındakı cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.
Hakimlər bir neçə dəqiqəlik müşavirədən sonra F.Fərəməzoğlu haqqında hökmün dəyişdirildiyini elan ediblər. Ali Məhkəmənin qərarına əsasən, CM-nin 182.2.4 (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsinə xitam verilib. Bu qərar 2017-ci ilin sonunda Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə əsaslanır.
Digər ittihamlar isə saxlanılıb.
F.Fərəməzoğlunun ailə üzvləri AzadlıqRadiosuna bildirib ki, bu qərar da onları qane etmir və Ali Məhkəmə ilə ölkədaxili hüquqi müdafiə vasitələri tükəndiyinə görə Avropa Məhkəməsinə müraciət edəcəklər.
F.Fərəməzoğlu müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Amma jurnalist ittihamı qəbul etmir, iddia edir ki, restoran, masaj salonu adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunub. Onun sözlərinə görə, həmin yerləri vəzifəli şəxslər himayə edirlər.