2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldürüldüyü əməliyyatda güllələnib həbs olunarkən cəmi 18 yaşında olan Cahad Babakişizadənin cəzası ağırlaşdırılıb.
İlahiyyatçı Taleh Bağırov və daha 16 nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılan C.Babakişizadəyə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə, 14 il 6 ay həbs kəsilmişdi.
12 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Cahadın 3 illik Qobustandakı qapalı həbsxana rejiminə köçürülməsinə qərar verilib. Bu barədə Qaradağ Rayon Məhkəməsi bu günlərdə müəssisə rəhbərliyinin təqdimatı əsasında qərar çıxarıb.
Müəssisə rəhbərliyi iddia edib ki, C.Babakişizadə daxili intizam qaydalarını pozur. Bununla əlaqədar, bir neçə dəfə müəssisə daxilində qanunvericiliyə uyğun qaydada cəzalandırılsa da, nəticə çıxarmayıb.
Ancaq 21 yaşlı Nardaran məhbusu və onun yaxınları müəssisə rəhbərliyinin iddialarıyla razılaşmır. Onun 3 illik həbsxana rejiminə köçürülməsi barədə qərardan apellyasiya şikayəti verilib.
Anası Rəhilə Babakişizadə AzadlıqRadiosuna danışır ki, Cahadı müxtəlif bəhanələrlə cərimə kamerasına (kars) salıb incidirdilər. Hətta əsassız cəzalandırıldığına görə 8 gün aclıq aksiyası da keçirib, nəticədə səhhətində problemlər yaranıb: «Bir dəfə əlində Taleh Bağırzadənin şəkli olub, ona görə tutub karsa salıblar. Adını da qoyublar ki, guya yerini çirkli saxlayır, ona görə cəzalandırılıb. Bir dəfə başqa bir dustaq özünü doğrayıb, qan aparıb onu, yaxın duran olmayıb, Cahad da deyib ki, insan insanı bu vəziyyətə salmaz. Ona görə də cəzalandırıblar».
R.Babakişizadə bildirir ki, oğlu karsda saxlandığı, ondan heç bir xəbər ala bilmədikləri günlərdə Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov onlara yardım edib: «Yoldaşım qızmar yay günlərində Mirsaleh müəllimin qəbuluna gedəndən sonra, sağ olsun, nigarançılığımıza son qoydu, Cahadla telefonla danışıb, səsini eşidə bildik. Yenə Penitensiar Xidmətin rəhbərliyindən kömək istəyirik. Yoldaşım yaşlı adamdır, özüm onkoloji xəstə… Balamın Qobustana köçürülməsinə imkan verməsinlər, onun günahı yoxdur».
Anası deyir ki, 2015-ci il noyabrın 26-da polislər Cahadı tutub aparandan sonra uzun müddət onun haqqında heç bir məlumat ala bilməyiblər. Əməliyyat vaxtı yaralandığına görə Nardaranda onun ölüm xəbəri yayılıb: «Bir ana üçün balanın ölüm xəbəriylə keçirdiyi günlərin ağırlığını sözlə demək mümkün deyil».