Media eksperti sosial medianın problemlərindən danışıb
Media üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində sosial media ilə bağlı problemlərdən danışıb.
Amerikanın Səsi: Azərbaycan Milli Məclisində sosial medianın qanunla tənzimlənməsi barədə təkliflər irəli sürülüb. Azərbaycan qanunvericiliyində sosial media anlayışı deyəndə nə başa düşülür? Bu anlayışla bağlı qanunvericilik norması varmı?
Ələsgər Məmmədli: Media deyəndə kütləvi informasiya vasitəsi (KİV) nəzərdə tutulur. Ümumiyyətlə, sosial media olsun, ənənəvi media olsun bunun fərqi yoxdur, hamısı kütləvi informasiya vasitəsidir. Bu da Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. İndiki halda “KİV haqqında” qanun bunu tənzimləyir. Onun əhatəsinə anlayışlar qismində hər şey, o cümlədən İnternet daxil edilib. Düşünürəm ki, bu baxımdan sosial medianın tənzimlənmədiyini düşünmək qanunvericiliyi düzgün analiz etməmək və ya anlamamaqdır.
Amerikanın Səsi: Domeni xarici ölkələrdə olan sosial şəbəkələr Azərbaycanda qanunla necə tənzimlənə bilər? Bu sahədə beynəlxalq təcrübə necədir?
Ələsgər Məmmədli: Domen adı hər ölkə üzrə verilir və hər ölkənin domeni o ölkə üzrə qanunvericilik çərçivəsində fəaliyyət göstərən qurumlar tərəfindən alınır. Buna görə xaricdə domeni olan qurumun fəaliyyətini Azərbaycanda tənzimləmək mümkün deyil. Çünki o, məkan olaraq olduğu ölkənin qanunvericiliyinə tabedir. Düzdür, virtual olduğu üçün hər bir ölkədə yayıla bilir. Amma nəticə etibarı ilə olduğu ölkənin qanunvericiliyinə, vergi sisteminə və s. tabe ola bilir. Konkret olaraq bunun məhsullarının haradasa mübahisələndirilməsinə gəlincə, bəli, ola bilər Azərbaycanda yaşayan biri, konkret olaraq Amerikada olan bir domen tərəfindən təhqir olunsun. Əgər həmin domenin Azərbaycanda təmsilçisi varsa, əlaqəsi varsa o, yaşadığı yer üzrə onu mübahisələndirə bilər. Amma bütünlüklə domenin tənzimlənməsi mümkün deyil. Domen hansı ölkəyə məxsusdursa o ölkədə də tənzimlənir. Domen ayrı-ayrılıqda bir xətdir, amma əsas məsələ məzmundur. Məzmunu kim yayır, məzmunu yayan harada yerləşir, bu, ona görə mübahisələndirilə bilər.
Amerikanın Səsi: Bəzi deputatlar Azərbaycan əleyhinə sosial mediada təbliğat aparanların hərəkətinin cinayət kimi tövsif edilməsinin vacibliyini bildirib. Buna münasibətiniz necədir?
Ələsgər Məmmədli: Ümumiyyətlə, sosial media virtual mühit olsa da əgər burada ifadələr qanunvericiliklə müəyyən edilmiş çərçivəni aşırsa, məsələn, deyək ki, konstitusiyalı quruluşu zorla devirməyə yönələn çağırışlar varsa, yaxud nifrət çıxışları varsa, yaxud şəxslərin şərəfini, ləyaqətini təhqir, böhtan varsa, o zaman bunlar təbii ki, mübahisələndirilə bilir. Bununla bağlı qanunvericiliyimizdə konkret olaraq Cinayət Məcəlləsinə maddələr əlavə olunub. Bu, yoxdur deyə, əlavə edək düşüncəsi bir az anlaşılmır. Konstitusiya imkan verməsə belə Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə olundu. Adı da belədir, – “sosial mediada təhqir və böhtan”. Dolayısı ilə bu gün kimsə deyəndə ki, sosial mediada bu məsələni biz cinayət hesab edək, ya da etməyək, bu son üç ildə qanunvericiliyin dəyişiklik tendensiyasına nəzarət etməməkdən və bilməməkdən doğur. Mən düşünürəm ki, hətta “Diffamasiya haqqında” qanunun qəbulu məsələsi aktualkən bu məsələni qəbul etmək onsuz da geriyə doğru addımdır. İndi yenidən hansısa qanun qəbul etmək… Bəlkə ayrıca Cinayət Məcəlləsi qəbul etmək istəyirlər? Bunu deyə bilmərəm. Amma sosial mediada olan məzmunla bağlı cinayət ola biləcək məsələlər hazırda Cinayət Məcəlləsində məsuliyyət yaradır.
Amerikanın Səsi: Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələrinin hazırlanmasını vacib bilir. Onun fikrincə, İnternet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir. Siz necə düşünürsünüz?
Ələsgər Məmmədli: Əvvəla, informasiya təhlükəsizliyi ilə bağlı konsepsiya hökumətin müəyyən edəcəyi məsələdir. Bu, əslində qanunvericilik məsələsi deyil. Yəni, bir dövlət, bir hökumət özü- öz təhlükəsizliyi üçün bir konsepsiyanı müəyyən edə bilər. Yəni, bu mütləq qanun şəkilndə olamlıdır, belə bir baxış yoxdur. İnformasiya sferası ilə bağlı Azərbaycanda qanunvericilik kifayət qədər sərtdir və geniş əhatəlidir. Bu gün informasiya ilə bağlı azı 8 qanun saya bilərəm. “KİV haqqında”, “Teleradio yayımı haqqında”, “İctimai televiziya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnfrormasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlar, “İnzibati Məcəllə” və sair. Bu aspektdən informasiya təhlükəsizliyi ilə bağlı spesifik bir qanun yaradılması doğru yanaşma deyil. İnformasiya bir bütün olaraq tənzimlənir. Onun pozuntusu varsa, yəni, dövlət sirrini yaymaq varsa “Dövlət sirri haqqında” qanunla tənzimlənir. Şəxsi həyatın sirlərinin yayılması varsa, cinayət və ya Mülki Məcəllə ilə tənzimlənəcək. Başqa sirlər varsa, peşə sirləri, vəkillik sirri vəkillərlə bağlı qanunla, həkim sirri bir neçə qanunla tənzimlənir və s. Bu aspektdən məzmun fərqli yerlərdə ola bilir. Amma bunu ümumi götürəndə təhlükəsizliklə bağlı ayrıca bir qanun qəbul etmək məsələsi bir hüquqşünas olaraq mənə çatmır. Bəlkə bunlar ayrıca nə isə düşünür? Bilmirəm.
Amerikanın Səsi: Bu sahədə qanunvericilik aktının qəbulu ifadə azadlığına necə təsir edə bilər? Beynəlxalq təcrübə necədir?
Ələsgər Məmmədli: Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq ifadə azadlığı fundamental insan hüquqlarından hesab olunur. Bu, Avropa Konvensiyasının 10-cu maddəsi ilə, BMT-nin “Mülki və siyasi hüquqlar haqqında” Paktının 19-cu maddəsi ilə qorunur. Bu baxımdan istənilən bu tip müdaxilələr və bunlar qeyri-legitim, o cümlədən demokratik cəmiyyətdə zərurilik testinin üstündə məhdudlaşdırma gətirəcəksə bu, birmənalı olaraq beynəlxalq hüquqa zidd hesab olunacaq. Çünki Azərbaycanın bununla bağlı (Avropa Konvensiyasının 10-cu maddəsinin pozuntuları ilə bağlı) kifayət qədər mənfi təcrübəsii var. İndi bununla bağlı artan bir tendensiya da var, şikayətlər getdikcə artır. Xüsusilə, son zamanlar İnternet resurslarının bloklanması, bunun məhkəmə qərarı olmadan qanunsuz olaraq nazirlik tərəfindən bloklanması, bu normaların gətirilməsi, bunların hər biri ifadə azadlığını məhdudlaşdıran məsələlərdir. Bunun üzərinə əlavə məhdudlaşdırıcı normaların gətirilməsi birmənalı şəkildə Azərbaycanın ifadə azadlığı konsepsiyasından imtinası olacaq. Bu isə nə ölkənin imicinə, nə də Azərbaycan jurnalistikasının gələcəyinə müsbət heç nə vəd etmir.